adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Yanvar 2022 12:32
249
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: Polisin üstünə maşın sürənlər

...Biz hələ də başa düşmürük ki, qanun şahdır və şah qanun deyildir. Və kimliyindən asılı olmayaraq, hamı qanuna tabedir. İstər nazir olsun, istərsə də adi insan. Bunu başa düşmək üçün Amerikanı kəşf etmək lazım deyil. Sadəcə olaraq bir həqiqəti hamı bilməlidir ki, hər hansı törətdiyi cinayətə görə gec-tez qanun qarşısında cavab verməli olacaq. Çox təəssüf ki, bunu heç də hamı başa düşmür və anlamır. Və hamı başa düşmədiyinə və anlamadığına görə bir çox insanlar törətdiyi cinayətin tez-tez qurbanına çevrilirlər...

...Qanunları icra edən orqanlardan biri də Azərbaycan polisidir. O Azərbaycan polisi ki, ölkəmizin azadlığı və müstəqilliyi yolunda minlərlə şəhid verib. Və ondan da çox polislərimiz cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və Birinci, İkinci Qarabağ savaşında şəhid olublar, ağır yaralanıblar. Ulu Öndər Heydər Əliyevin söylədiyi bir fikir yadıma düşür. «Birinci Qarabağ savaşının başlandığı günlərdə torpaqlarımızı Azərbaycan polisi qoruyurdu. O vaxtı nizami ordu və müdafiə qüvvələrimiz zəif idi, könüllü batalyonlar var idi və bir də Azərbaycan polisi idi. Bax, onda Azərbaycan polisi sinəsini güllənin qabağına verdi və torpaqlarımızın qorunması uğrunda böyük savaşa atıldı. Nə qədər polis əməkdaşımız şəhid olub, nə qədəri yaralı olaraq tarixə düşüb. Bax, Azərbaycan polisi belə bir şanlı yol keçib».

Azərbaycan polisi tam məsuliyyətlə deyə bilərik ki, İkinci Qarabağ savaşında çox böyük qəhrəmanlıq göstərib, şəhidlər verib, nə qədər əməkdaş da yaralanaraq qazi olub. Və bu gün də azad olunmuş rayonlarımızda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə o polislərin əvəzsiz xidmətləri var. Biz Azərbaycan polisini həmişə öndə görmüşük, Vətən və xalq yolunda necə döyüşdüklərinin şahidi olmuşuq. Mənim tanıdığım onlarla polis zabiti və sıravi əməkdaş var ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub, yaralanıb və bu gün də Vətənə namusla xidmət eləyirlər

Polisin ən başlıca vəzifələrindən biri cinayətkarlığa qarşı mübarizə aparmaqdır. Və bir faktı qeyd edək ki, son bir ildə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi narkomaniyaya qarşı çox böyük mücadiləyə və mübarizəyə başlayıb. Bu mücadilədə neçə-neçə polis əməkdaşı cinayətkarları zərərsizləşdirərkən ölümlə üz-üzə qalıb və bir çox halda onları ələ keçirərkən yaralanıblar. Heç kimə sirr deyil ki, hər gün ölkəmizin müxtəlif regionlarında narkotiklərin satışı ilə məşğul olan cinayətkar şəbəkələr aşkarlanır, onları zərərsizləşdirmək və həbs eləmək elə də asan deyil. Çünki həmin şəxslər çox vaxt silahlı olur, aradan qaçıb çıxmaq üçün bir çox halda odlu silahdan da istifadə edirlər. Bu isə həmin cinayətkarları zərərsizləşdirərkən polisdən daha yüksək peşəkarlıq, çeviklik və cəsarət tələb edir.

Zarafat deyil, elə gün olur ki, 40-50 nəfərə yaxın narkotik maddələrin satışı ilə məşğul olan cinayətkar şəxslər saxlanır, onların arasında dəfələrlə məhkum olunmuş və narkotik maddələrin satışı ilə həbsxana həyatı yaşamış insanlar var və ən çox da belə cinayətlərə o cür insanlar cəlb edilir. Çünki narkotikanın satışı ilə külli miqdarda pul əldə edilir. Üstəlik də, onlardan kuryer kimi istifadə edən cinayətkar şəbəkə yaxalanmamaq üçün tez-tez manevr edir. Bax, bu qəbildən olan cinayətləri üzə çıxarmaq, həmin şəbəkələri zərərsizləşdirmək və ifşa etmək elə də asan deyil. Bayaq dedik axı, onlar narkotika alverindən külli miqdarda vəsait qazanırlar. Bu heç kəsə sirr deyil.

Əlbəttə, narkotikanın satışı pul gətirməklə yanaşı, cəmiyyətə həm də «ağ ölüm»ü bəxş edir. O da hamıya bəllidir ki, bu gün cinayətkar şəbəkə həmin zərərli maddələri yeniyetmələrin və gənclərin arasında yaymağa çalışır və bəzən də buna nail olur. İndi görün bu cür cinayətlərin çoxalması cəmiyyətdə hansı faciələr yarada bilər. Ona görə də biz polisin bu sahədəki mübarizəsini və mücadiləsini alqışlayırıq və onlara qahmar çıxırıq.

Bu yaxınlarda isə Binəqədi rayonu ərazisində narkoticarətlə məşğul olan bir şəxs Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının əmrinə tabe olmayıb. Polisə cinayətkar tabe olmaq əvəzinə, avtomobili onların üstünə sürüb və polis əməkdaşlarından xəsarət alan da var. Bu vaxt həmən polis nəfərlərindən biri cəld tərpənərək xidməti silahla avtomobilin təkərinə atəş açıb. Bundan sonra avtomobil dayanıb və çox çətinliklə də olsa, narkoticarətlə məşğul olan şəxs polisin peşəkarlığı, çevikliyi nəticəsində zərərsizləşdirilib. Axtarış zamanı satış məqsədilə onun maşınından külli miqdarda narkotik maddə aşkarlanıb. Üstəlik də, məlum olub ki, bu şəxs əvvəllər narkotika alverinə görə məhkumluq həyatı yaşayıb.

Bax, bu cür cinayətkar şəxslərin yaxalanması zamanı yüksək peşəkarlıq və mərdlik göstərən polislər hər cür diqqətə layiq olmalıdır. Çünki onlar belə cinayətkarları zərərsizləşdirərkən ölümlə üzbəüz olur və bəzən onların atəş açdığı silahdan xəsarət də alırlar.

Sözümüzün canı odur ki, bu gün Azərbaycan polisi sözün həqiqi mənasında dövlətçiliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində əvəzsiz rol oynayır. Və onu da qeyd etməliyik ki, Azərbaycan polisinin peşəkarlığı və əzmkarlığı günbəgün yüksəlir.