adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Yanvar 2023 13:36
668
ƏDƏBİYYAT

Əyyub Türkayın şeirləri

QOL SAATI

 

Qol saatın çox sevir,

Bizim üç yaşlı Aygün.

Qələmlə öz qoluna

Saat çəkirdi hər gün.

 

Elə bilir qoluna

Gerçək saat bağlayır.

Çəkdiyi saat şəkli

Silinəndə ağlayır.

 

Atası bunu gördü,

Birdən yadına saldı.

Balaca dəcəl qıza

Oyuncaq saat aldı.

 

Aygün çox sevinirdi,

Artıq saat taxırdı.

Üzündə xoş təbəssüm

Atasına baxırdı.

 

CÜCƏLƏR

 

Qorxdular

Cücələr,

Qışqırdı

Beçələr.

 

Xoruzlar

Banladı,

Onları

Danladı.

 

Yatdılar

Cücələr,

Sakitcə

Gecələr.

MƏNİM ANA DİLİM

 

Öz tarixi günü var,

Mənim ana dilimin.

Azərbaycandır adı

Mənim doğma elimin.

 

Öyrəndim əlifbanı

Birinci sinifdə mən.

Sevinərək yazıram,

Əziz ana, can Vətən!

 

Dilimizi qorumaq

Ən uca, xoş məramdır.

Öz dilimin varlığı

Mənim üçün bayramdır.

 

 

 

ANA VƏTƏN

 

Bir sual var ki, tez-tez

Düşündürürdü məni.

Anaya bənzədirlər

Axı niyə Vətəni?

 

Bu sualın ən gözəl

Cavabın anam verdi.

Dedi: -Vətən bizlərə

Candan əziz bir yerdi.

 

Bu eldə, bu obada

Yaşamışıq əzəldən.

Bizə mirasdır torpaq,

Verə bilmərik əldən.

 

Sevməlisən yurdunu,

Doğmaca anan qədər.

"Ana", "Vətən" sözünü

Tutmalısan bərabər.

XARIBÜLBÜL

 

Niyə çoxdur dəyəri,

Bildim xarıbülbülün.

Adını Şuşamızla

Bir çəkirlər bu gülün.

 

Artıq bu gül çevrilib

Qələbənin rəmzinə.

Sevilərək döşənib

Qarabağın düzünə.

 

Bir zaman düşmənlərə

Əsir düşmüşdü gülüm.

İndi azadlıqdadır,

Mənim xarıbülbülüm.

 

 

CƏMİLİN YUXUSU

 

Kitabları əzməyi

Cəmil çox xoşlayırdı.

Əlinə keçən kimi

Cırmağa başlayırdı.

 

Girdi bir gün kitablar,

Cəmilin yuxusuna.

Onlar səbəb oldular

Uşağın qorxusuna.

 

Kitablar danışırdı

Bir-birinin dilindən.

Əl atıb yapışdılar

Oğlanın kəkilindən.

 

Hərəsi öz haqqını

Tələb edirdi ondan.

Cəmil heyrətə gəldi

Bu qorxulu oyundan.

 

O diksinib oyandı,

Kitabları axtardı.

Onları incitməyi

Birdəfəlik qurtardı.

 

 

BABAMA MƏSLƏHƏTİM

 

Artıq babam yaşlanıb,

Edib ömrünü yarı.

Papirosu çəkməkdən

Olub bığları sarı.

 

Mən baxıram babamın

Bu saralmış bığına.

Elə bil ki, batıbdır,

Lap xörəyin yağına.

 

Söylədim ki, ay baba

Bərbər bığını qırxsın.

Güman var ki, yerində

Təzə bığın ağ çıxsın.

 

Verdiyim bu məsləhət

Gəlmədi acığına.

Babam gülümsəyərək

Əlin çəkdi bığına.

 

Əyyub Türkay- şair