adalet.az header logo
  • Bakı 20°C
16 Iyun 2022 11:35
1372
ƏDƏBİYYAT

“EMİN PİRİNİN ƏSƏRLƏRİNDƏ ANA OBRAZI” VƏ YA “BİR ANANIN ƏSƏRİ”

“Bir ananın əsəri – Emin Piri”

Şair, jurnalist, müəllim və 2-ci Vətən müharibəsi iştirakçısı Emin Piri, müasir Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən uğurlu imzalarındandır. Şairin yaradıcılığı haqqında ədəbiyyatçılar, tənqidçilər yetərincə dolğun fikir söyləmiş, məqalələr yazmışlar. Təkrarçılıq olmasın deyə onların toxunduqları mövzular haqda yazmamağa çalışdım. Bir oxucu kimi öz müşahidəmi, təəssüratımı qələmə almaq istədim.

Emin Pirini təxminən yeddi il əvvəl bir tədbirdə görmüşdüm. Sakit təbiətli, müşahidəçi, həyalı bir görkəmi var idi. Demək olar ki, heçnə danışmadı. (hərçənd ki, dostları onun çoxdanışan, ünsiyyətcil olduğunu deyirlər) Sonuncu dəfə isə təxminən bir ay əvvəl şairlə Sumqayıtda təşkil olunmuş tədbirdə görmüşdüm. Eyni susqunluq, eyni həyalı, təmkinli sima. Müəyyən qədər geniş sosial çevrəsi olan Emin Piri simasındakı saflığı necə qoruya bilmişdi? Axı peşələrin insanın xarakterinə və şəxsiyyətinə müəyyən qədər sirayət etdiyini bilirik. Kim idi, nə idi Emin Pirinin sirri?

Şairin qələmini “Mən qütb soyuğuyam” şeiri ilə sevmişəm.

“Məndən baş çıxara bilmir

Öz doğmaca anam belə

Sənə də qəribə gəlir

Nə təhər insanam belə”

Burada şair anasının onun haqqında olan təəssüratından söhbət açaraq şeirdə insan xislətinin dəyişməyəcəyini vurğulayır.

Daha sonra bir məktəblinin dilindən təbəqələşmənin ağrı – acısını söyləyən, ən böyük dəstəkçisinin anası olduğunu vurğulayan, sosial mesaj ötürən” Üç alma” şeirində şair yazır :

Kişilər ağlamaz deyən anam

yerimə özü ağlardı.

Nağıl söyləyərdi,

göydən üç alma

düşməzdi nağıllarda

deməzdi bunu anam –

birdən ürəyimiz alma

istəyər…

Şairin 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “Sən azadsan” şeirinin ilk misralarına baxaq (şair xatirələrindən birində cəbhəyə yollanmamışdan əvvəl anasının onun saçına xına qoyduğunu yazır, bu inancla ana oğlunun sağ salamat geri dönəcəyinə ümid edir) :

Saçımda anamın xınası,

yolların ayaqlarımçün duası,

gözlərimdə hələ bizim olmayan

uzaqlıq

deyir :

Sən azadsan

* * *

Günlərdir danışmırıq

bilirəm, narahatsan, ana.

Vətəni uğrunda ölümlə göz gözə, nəfəs nəfəsə dayanan şair, ölümdən qorxmur, özünü yox, anasını düşünür, onun nigarançılığına üzülür.

Bundan başqa “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!. ” (maraqlıdır ki, şair burda ana obrazı olaraq əsgər anasını yox, əsgərin sevgilisinin anasını göstərir, əsgərə məktub yazan qızın anası öz balası üçün narahat olur, gecə niyə yatmadığının səbəbini soruşur. Atalar əbəs yerə deməyib ki, ağlarsa anam ağlar, gerisi yalan ağlar.), “Ayağım özümdən qeyrətli çıxdı”, “Atəşkəs”, “Allahın zarafatı” şeirlərinin hamısında ana obrazı var.

Şeirlərinin birində Allahı sevməyə qorxduğunu deyən şair digər bir şeirində Allahı Tanrıya əmanət edir. “Tanrı Səni qorusun, Allah! ” deyir. Burada İslam dinindən çox-çox əvvəl Türklərin sitayiş etdiyi Tanrıçılığın (Tengrinin) izlərini görürəm. Və nəzərə alsaq ki, qadın – ana İslamla müqayisədə Tengriçilikdə daha qutsaldır, yəni Tengridə matriarxal düşüncə tərzi, islamda isə patriarxal düşüncə ön plandadır. (bu islam hüququnun miras bölgüsündə daha aydın görünür)! Şairin anaya olan ülvi məhəbbətinin, sevgisinin Tanrıçılıqdan qaynaqlandığını düşünə bilərik.

Maraqlıdır ki, ata obrazına şairin yalnız bir şeirində və ilk, hələki həm də tək hekayəsi olan “Əyyaş ata” da rast gəlmişəm. “Dünyanın ən təmiz yalanı” şeirində şair deyir :

Yağma qar,

yağma

əlcəyim olmasa da

əllərim üşümür mənim

atamın

“daha yeddi yaşın var

böyük kişisən

heç kişi də əlcək taxar?!”

sözləri üşüdür məni.

(Burda yeddi rəqəmi də təsadüfi deyil, belə ki, psixoloqlar insanın formalaşmasının ilkin və əsas mərhələsini 0-7 yaş aralığında götürürlər. Və insan yeddisində nədirsə yetmişində də odur məsəli burdan qaynaqlanır.)

Sosial problemlərin ağuşunda çarəsiz qalan atanın məsum yalanı obrazın ruhunu üşüdür. O atasını anlayır, amma anası ilə dostlaşır. Çünki ana obrazı ona heç yalanın məsum olanını da danışmır, sadəcə dəstək olur, aralarında güvəndən, inamdan yaranan möhkəm bir bağ var. Və yenə əvvəl də qeyd etdiyim kimi “Əyyaş ata” hekayəsində daha bir ata obrazı var, əyyaş ata içki ala bilmək üçün qəhrəmanın anasını döyüb, zorla nişan üzüyünü əlindən alanda qadın qayıdır ki, “heç olmasa uşaqlara da nəsə al”, biz bu səhnədə də qadınlığını analığına, övladlarına qurban vermiş fədakar, cəfakeş ana obrazı görürük.

Şairin qadını qınaq obyektinə çevirməsini isə “Abort stolunda yalvaran körpə” şeirində görürük, şair burada qadını ana olmaq istəmədiyi üçün, bətnindəki körpəyə qıydığı üçün qınayır. Və bundan da bir daha aydın olur ki, şairin əsas obrazlarından biri fədakar, cəfakeş ana obrazıdır.

Daha maraqlı bir məqam da odur ki, səngərdə komandir Piriyevin hədəfi düşmən cəbhəsi, düşmən əsgəri olsa da, şair Emin Piri Allahla haqq hesab çəkir, (atalar yaxşı deyib ki, uman yerdən küsərlər) . Hərbi xidmətdə olduğu dövrdə canlı şahidi olduğu bir səhnəni qələmə aldığı “Sağ qalan varmı?!” şeirində fevral şaxtasında üşüyən güllə isinmək üçün əsgər sinəsi axtarır. 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “O na məktub” şeirində isə “ürəyi istidən sıxılan bir düşmən mərmisi mayorumuzun ürəyində sərinlədi ” deyir . Bu humanizm də onun şeirlərini bəşəriləşdirir.

Bu yaxınlarda şair sosial şəbəkələrdən birində uşaqlıq xatirələrindən birini paylaşaraq yazır : “Anam mənə toplama – çıxmanı fındıqla öyrətmişdi. Ən çox sevdiyim çıxma əməli idi. Məsələn, on fındıq qoyurdu, deyirdi birini ye, neçəsi qaldı? Mən də birini yeyirdim, qalanlarını sayırdım. Beləcə öyrənirdim. Anama deyirdim ki, üstəgəllərdən sual vermə, ancaq çıxmalardan soruş. Həyatda da çox şey belədir” yazır. Mən bu sətirləri oxuyanda həm də türkcədə oğlumun ev tapşırığını yazdırırdım. Tapşırıq Atatürk haqqında verilmiş mətnlə bağlı sualları cavablandırmaq idi. Mətndə yazılmışdı ki, balaca Mustafa (M. K. Atatürk nəzərdə tutulur) atasının ölümündən sonra anası və bacası ilə birgə dayısının fermasına köçür və orda tarlada gözətçi olur, təhsildən uzaq düşür, bu vəziyyətə anası Zübeydə xanımın ürəyi dözmür, Mustafanın təhsil alması üçün bütün çətinliklərə baxmayaraq Selanikə geri dönür və beləliklə M. K. Atatürk təhsilinə davam edir. Elə həmin məqamda mən Emin Pirinin təmkinli görkəminin, həyalı simasının sirrini çözmüş oldum. Bu sirr kim idi? Ana idi. Şairin ilk müəllimi olmuş anası idi. Bu sirr nə idi? Zamanında verilmiş doğru, düzgün tərbiyə, təhsil idi. Emin Piri – möhtəşəm bir ananın əsəridir. Vətən anadan başlayır deyirlər. Vətən, xalq öz qeyrətli, vicdanlı, mübariz oğullarını layiqli, gözəl analara, Zübeydə analara borcludur. Əllərinizdən öpürəm, gerçək analar, gözəl analar.

Turan Novruzlu