adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Sentyabr 2022 13:26
663
ƏDƏBİYYAT

Elman Tovuz: Nəyinə oynayım mən bu havanın

Mən ki hər havaya salmıram meyil,
Qorxuram yenə də aldada zəndim.
Sənin də çaldığın o hava deyil,
Daha sümüyümə düşmür, əfəndim,
Nəyinə oynayım mən bu havanın.

Kəsdi, ömrü-günü boşuna kəsdi
Keçəllər, kosalar, şaxta babalar...
Hardan peyda oldu, 
hayandan əsdi,
Tərpətmir ruhumu saxta havalar,
Nəyinə oynayım mən bu havanın.

Ana laylasına yatıb gəlmişəm,
Nazına oynayım mən bu havanın?
Qara zurnasını atıb gəlmişəm,
Sazına oynayım mən bu havanın?
Neyinə oynayım mən bu havanın?

Sinəmdə bir çınqı köz havası var,
Çəkmə mizrabını ümidlərimə.
Mənim qollarımın öz havası var, 
Əsəbim oynayır ayaq yerinə...
Nəyinə oynayım mən bu havanın.

Başıma payızın "pulları" yağır,
Könlümü zamantək ala bilməzsən.
Quş kimi yüngüləm, daş kimi ağır,
Sən mənim havamı çala bilməzsən,
Nəyinə oynayım mən bu havanın.

Gözümə bir ovuc çata-çatmaya,
Torpaq davasına oynayıram mən.
Baxıb qol qaldıran ata-anaya,
“Şəhid” havasına oynayıram mən,
Nəyinə oynayım mən bu havanın.

Çıxdım sınağından min cürə fəndin,
Mənə, ağlamaq da olmadı asan...
Dəli damarımı oyat, əfəndim –
Oynaya bilmərəm havalanmasam,
Nəyinə oynayım mən bu havanın.