adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Yanvar 2023 12:59
814
ƏDƏBİYYAT

Əbülfət  Mədətoğlu: YAŞANAN  KÖVRƏKLİYİN  ŞEİRİ

(Bu ilin ilk  günlərinin ağrılı mənzərəsi halımı pərişan etdi...)

Başım dumanlandı, gözüm  torrandı
Seyr edə  bilmədim  mən  bu  şəhəri...
Halım  ağrılardan  elə  korlandı -
Qatdım  bir-birinə   axşam , səhəri...

Xəyal  qanadlandı, fikir  qırıldı
Əynimdə  dərd  biçən  köynək  cırıldı...
Səsim   kökdən  düşüb oldu   xırıltı -
Sildim kirpiyimdən  səssiz  qəhəri...

Keçdiyim  bu  ömrü  başdan  yaşadım ,
Torpaqdan, yarpaqdan...daşdan  yaşadım...
Bilmədim heç  hansı  yaşdan yaşadım -
Sevgimi!-  sən  verən  bu  bal "zəhəri"...

Sıxıb  ovcumdakı  ürək  bəlamı
Oxşadım o  verən  payı - balamı!
Sənə  tapşıraraq   SEVGİ  QALAMI -
Köçüm  yaddaşlara  adam təhəri!..