adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2022 11:23
661
GÜNDƏM

Dünyaya açılan pəncərə

I Beynəlxalq Tibb Forumu çox möhtəşəm keçirildi

18-21 iyun 2022-ci il tarixlərində Azərbaycanda ilk dəfə keçirilən «I Beynəlxalq Tibb Forumu» uğurla başa çatdı. Forum Azərbaycan Tibb Universitetinin, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Assosiasiyası İctimai Cəmiyyətinin birgə təşkilatçılığı ilə canlı formatda təşkil edilib. Forumda rəsmi şəxslər, Naxçıvan Muxtar Republikası Ali Məclisinin sədri cənab Vasif Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru  Elbrus İsayev Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Assosasiyası İctimai Birliyinin sədri Müşfiq Həsənli, dos.dr. Seymur Talıbov, dos.dr. Rauf Bəylərov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Gazi Universitetinin rektoru Musa Yıldız, Yeditepe Universitetinin rektoru Canan Aykut Bingöl, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, dekan Elsevər Əsədov, AELCD-nin İnvaziv Endoskopiya Bölümünün sədri Aqil Atakişiyev, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan və bir sıra ölkələrdən dəvət edilmiş mütəxəssislər, rektorlar, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl xəstəxanalarının həkim heyəti, tibb cəmiyyətləri, kursantlar və ictimaiyyət nümayəndələri daxil olmaqla 400-dən çox şəxs iştirak edib. Onlar forum boyunca davam edən müxtəlif panel müzakirələrinə və ikitərəfli işgüzar görüşlərə qatılıblar.

Tədbirin keçirilməsində məqsəd səhiyyənin inkişaf etdirilməsi, dünya təcrübəsinə əsaslanan elmi-tibbi yeniliklərin ölkəmizdə tibb sahəsinə tətbiqinin genişləndirilməsi, eləcə də dünyanın bir sıra ölkələri ilə məhsuldar əməkdaşlıq qurmaq, tibbin müasir standartlarında inkişafına töhfə verməkdir. Forumda cərrahiyyə, pankreas xəstəlikləri, plastik estetik və rekonstruktiv cərrahiyyə, endokrinologiya, virus hepatitləri, HCC, qaraciyər transplantasiyası, qastroenterologiya, onkologiya, oftalmologiya, pediatriya, infeksion xəstəliklər, stomatologiya və digər tibb sahələri üzrə çox aktual mövzularla bağlı yerli və xarici mütəxəssislərin çıxışları dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə bu səpkidə silsilə tədbirlərin keçirilməsinin labüdlüyü vurğulanıb, iştirakçılara və tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə dövlət və özəl şirkətlərə təşəkkür edilib.

Onu da qeyd edək ki, Naxçıvanda keçirilən I Beynəlxalq Tibb Forumu sosial şəbəkə istifadəçilərin də böyük marağında olub və həmin tədbirlə bağlı onlar öz fikirlərini və düşüncələrini yayımlayıblar.

 

Faiq QİSMƏTOĞLU