adalet.az header logo
  • Bakı 20°C
01 Noyabr 2022 21:56
971
ƏDƏBİYYAT

DEMƏK YAŞAMAĞA DƏYƏR BİR AZ DA…- Vaqif Tanrıverdiyev yazır

Bu da 70…

Hər ilin bu günü qəribə bir hadisəni xatırlayıram. İkinci sinifdə oxuyurdum, şaiyə yayılmışdı ki, 2000-ci ildə dünya dağılacaq. Onda nə qədər çətin olsa da bir təhər hesablayıb tapdım ki, dünyanın sonuncu günü mənim 48 yaşım olacaq.

Tezliklə doğmalar, tanışlar arasında 48 yaşlı adam axtardım. İlk “kəşfim” ana babam Kamal kişi oldu, Hündür boylu , ağ sacli adam idi. Nəsə mənə 100 yaşlı qoca təsiri bağışladı. Yaş qorxusunu unutdum, həmin o gün, dünya dağılanda mən də Kamal babam kimi yaşlı, ağ sac bir adam olacam. Nə qədər uşaq olsam da o yaşda, yəni Kamal babam yaşımda gələcək faciədən o qədər də sarsılmadım. İndi mən 70 yaşımı qeyd edirəm, Kamal babamdan 22 yaş böyüyəm. İllər belədir, hiss olunmadan keçir, insan da qəribədir, heç vaxt yaşını hiss etmir. “Mənim illərim, mənim sərvətim..” bu qədim mahnını yəqin xatırlayırsınız... 65-də bir dəfə sarsıldım. Çəkdiklərim ürəyimə “ağır” gəldi. Yarada başımın üstündə, həkimlər yanımda oldu...

Ürək hələ ki, döyünür, ömür hələ ki, öyünür...Demək yaşamağa dəyər bir az da... Qəribə bir deyim də var: İnsan özünü hiss etdiyi yaşdadır. Görünür bu qənaətlə yaşayanlar haqlıdırlar. Arzularınızı oxudum, səmimiyyətiniz yaşımdan çox-çox uca, yaşımdan çox-çox “qoca” (müdrik də demək olar - zarafat) təəssüratı yaratdı. Yaş da yadımdan çıxdı, onun haqqında fikirləşmək də... Rəhmətlik Hüseyn Arifin bir deyimi var: “Sizin aranızda qocalan deyləm…”

Və bir də “Mən uşaq deyiləm, xeyli yaşım var, Bilirəm. söz nədir, məhəbbət nədir…” Sizin arzularınız da bunu ifadə etmirmi…

P.S. Hə, az qalmışdı, unudum, ən böyük hədiyyəm Yaradanın bəxş etdiyi nəvələrim, ən böyük təsəllim nəvələrimin arzularının ifadəsi kimi hazırlatdıqları şirnilik tortu...

O mahnıda necə deyilir: Qoy həmişə Günəş olsun… Mən də deyirəm… Siz də olun həmişə...