adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Yanvar 2023 10:52
785
ƏDƏBİYYAT

BU GÜN ONUN AD GÜNÜDÜR... - Elman Eldaroğlu yazır

Cənub bölgəsi Azərbaycanda bəlkə də yeganə ərazidir ki, əhalisi ermənilərin burada məskunlaşmasına heç vaxt imkan verməyib. Mərkəzdən tək-tük erməni məmur göndərilsə də, yerli camaat onları gözümçıxdıya salıb, bölgədən uzaqlaşdırıblar. Yəni erməni burada tab gətirə bilməyib, gəldiyi kimi də geriyə qayıdıb. Odur ki, bu bölgədə dayısı erməni olan kimisəni tapmaq, necə deyərlər, zülmət qaranlıq otaqda qara pişiyi tapmaq kimi çətindir...

Bəli, bu bölgə həm də qəhrəmanlar diyarıdır. Qarabağ savaşında xeyli şəhid verib. Təkcə Yardımlı rayonundan beş milli qəhrəman və bir vətən müharibəsi qəhrəmanı yetişib. Yüzlərlə qazisi var. Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar da o cümlədən...

162 kənddən və bir şəhərdən ibarət olan dağlar diyarı Lerik rayonu cənub bölgəsinin ən gözəl guşələrindən biridir. Lerik uzun illər bölgənin digər rayonları kimi, gözdən-könüldən uzaq düşsə də, etiraf etmək lazımdır ki, son illər xeyli inkişaf edib, daha da gözəlləşib...

Bu gün sizə dağlar qoynunda böyüyüb boya-başa çatan, hazırda milli məclisdə lerikliləri təmsil edən İqbal Məmmədov haqqında söhbət açmaq istəyirəm. Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə rayonun Rəzgov kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra paytaxta yol tutub. Bakıda Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olunub. Ali təhsilini bitirərək neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. "Neft daşları", "Nəriman Nərimanov" və "Qum adası" neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini vəzifəsinədək yüksələ bilib. Sonra "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilib və az sonra baş direktor vəzifəsinə irəli çəkilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

2005-ci ildə sahibkarlıq fəaliyyəti ilə ölkə iqtisadiyyatına verdiyi töhfələrə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Artıq üçüncü çağırışdır ki, 78 saylı Lerik seçki dairəsindən millət vəkilidir...

Deyir ki,- “Keçmişini unudan insan qarşıdakı hədəfləri heç zaman dəf edə bilməz. Bəli, mən Azərbaycanın ən ucqar rayonlarından birində - Lerikdə anadan olmuşam. Məktəbi orada bitirmişəm. Sonra ali təhsilimi Bakıda almışam. Tələbə vaxtlarımda maddi imkanımız o qədər də yaxşı deyildi. Məcbur qalıb gecələr işləməli oldum. Əmək fəaliyyətim də o vaxtdan başlayır. Gecələr çörək dükanında gözətçi kimi çalışırdım. Çörək zavodundan gələn çörəkləri boşaldırdıq. İnstitutu oxuyarkən kirayədə qalmağa imkan olmadığı üçün Binədə xalamgildə qalırdım. Orada istixanalar var idi. Məhsullar yetişdirilirdi, amma onların satışına qadağalar qoyulmuşdu. Məhdudiyyətlərə baxmayaraq, yetişdirilən güllərdən götürüb satırdım. Bacımgil Xarkovda yaşayırdı. Bir dəfə anamı da götürüb Xarkova getdim. Özümüzlə bir çamadan gül də apardıq. Gülün birini 30 qəpikdən almışdım, amma yerindəcə 80 qəpikdən məndən aldılar. Çox sevindim, gördüm ki, alveri bacarıram. İkinci dəfə iki qutu gül apardım. Tələbə olduğum üçün altıncı günlər gedirdim, səhərisi də qayıdırdım. Bu minvalla bir müddət bu biznesi davam etdirdim. İnstitutu bitirəndən sonra Neft Daşlarına təyinat aldım. Ayın 15 gününü işləyirdim, digər 15 günü isə bekar olurdum. Sonra SSRİ dağıldı, insanlar kommersiya ilə məşğul olmağa başladılar. Kiçik kooperativlər yaradıldı, mən dövlət işində işləyə-işləyə qardaşımın yaratdığı kommersiya şirkətində də çalışırdım. Qardaşımla əl-ələ verib biznesimizi böyütməyə başladıq. 1995-ci ildə dövlət işindən çıxdım. O vaxt neft müqavilələri bağlananda düşündük ki, neftin ən qorxduğu şey yanğındır. Azərbaycanda da yanğınsöndürən avadanlıqlar yox idi. İlk istehsalımız yanğınsöndürmə avadanlıqları oldu. Türkiyədən özümüzə həmkar tapdıq. Onlar bizə borc kimi bir maşın yanğınsöndürən avadanlıq göndərdilər. Biz də onları satdıq, bundan sonra türklərin etimadını qazandıq. Mən onlara sübut edə bildim ki, burada da müəssisə yaratmaq olar. Beləliklə, Türkiyə-Azərbaycan müştərək müəssisəsini yaratdıq- “Kaspi Yıldız” adlı şirkəti. Oradan 120 insan ailəsinə ruzi aparır. Təsisçilərdən biri olsam da, 2010-cu ildə deputat seçildikdən sonra, şirkəti bütövlükdə qardaşıma vermişəm. Hazırda bizneslə məşğul olmuram...”

Sovetlər dönəmində cənub bölgəsində dotassiya ilə yaşayan rayonlardan biri də Lerik olub. Sovxozlar dağılandan sonra burada da əhalinin güzəranı xeyli pisləşib. Relyefinin çətinliyi adamların əkinçiliklə, eləcə də maldarlıqla məşğul olmasına mane olur. Daha doğrusu, əhalinin sayı artdığından əkin sahələri, otlaq yerləri ciddi şəkildə azalıb. Dünənə kimi ümid yeri, dövlətin verdiyi müxtəlif sosial müavinətlər, təqaüdlər idisə, bu gün bu sahəyə yeni təyin olunan rəhbərin gəlişindən sonra, əhali bu yardımlardan da əlini üzüb. İnsanlar bir kisə una, qəndə, çaya və s. ərzaqlara möhtac qalıblar...

“Bu gün ölkədə mənlə əlaqəli olmayan məsələləri də, mənim adıma bağlayırlar. Haqqımda əsassız yazılar yazılır. Yazılanların isə heç biri leriklilərin yazısı, ya da onlardan gələn şikayətlər deyil. Keçən dəfə Lerikdə xəstə bir adamın adından mənim haqda yazıblar. Heç belə şeydən incimirəm də! Əminliklə deyirəm ki, seçicilərimlə çox yüksək səviyyədə əlaqəsi olan deputatlardan biri də mənəm. 2010-cu ildə deputat seçiləndə qeyd etdim ki, Lerikdə işıq da, su da, qaz da olacaq. Bununla yanaşı bildirdim ki, rayonda təhsilin səviyyəsi sıfırdır. Dərhal Məleykə Abbaszadəyə məktub yazdım. O zaman Lerikdə ali məktəbə ən yüksək qəbul balı 400 baldan yuxarı qalxmırdı. 2010-cu ildə icra başçısı ilə tədbir təşkil edib 510 bal toplayan bir oğlana müxtəlif qiymətli hədiyyələr, məzunu olduğu məktəbə isə kompüterlər verdik. Rusiyada, Bakıda olan iş adamları ilə görüşlər keçirib, onların hamısından xahiş etmişdim ki, Lerikdən 700 bal toplayan abituriyentə maşın hədiyyə edək. Bu gün də o sözümün üstündəyəm ki, rayon məktəblərinin hər hansı birindən kimsə 700 bal toplayarsa, ona xarici maşın hədiyyə edəcəyik...”- söyləyir.

Çox sadə və təvazökar adamdır. Heç zaman özünü təkəbbürlü aparmır. Seçicilərin arasında olmağa, onların ehtiyaclarını ödəməyə çalışır. Təmkin, səbir onun ən gözəl xüsusiyyətlərindəndir. Ümumiyyətlə, ucqar rayonlarda insanların əksəriyyəti deputata sehirli bir qüvvə kimi baxırlar. Düşünürlər ki, millət vəkili bütün problemləri həll edə bilər, o, hər şeyə qadirdir. Kimisi xəstəsinə dərman pulu istəyir, kimisi maddi yardım, kimisi iş, kimisi təhsil üçün ödəniş, kimisi də...

Fəqət, az adam dərk edir ki, deputat on minlərlə seçicisinin problemlərini həll edə bilməz. Buna nə vaxtı çatar, nə də vəsaiti. Millət vəkili sosial probləmlərlə məşğul olmaq üçün deyil, seçicilərini qanunverici orqanda təmsil etməyə görə seçilir...

Bəli, yanvarın 6-da bütün ömrünü halallıqla yaşayan bir kişinin, qabarlı əllərinin nəvazişi altında böyüyüb, ərsəyə çatan İqbal Məmmədovun 58 yaşı tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram.

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu