adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyul 2022 17:22
1223
MƏDƏNİYYƏT

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ərəb Dünyası ilə əməkdaşlığı genişləndirir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya HaşimilərKrallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüş zamanı Günay Əfəndiyeva Türk Dünyasının qədim irsinin, tarixinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində təşkilat tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti Türk Dünyası ilə Ərəb Dünyasının yaxınlaşdırılması çərçivəsində təşkilat tərəfindən nəşr olunan “Azərbaycan Qadın Şairələrinin Poeziya Antalogiyası” kitabının ərəb dilində işıq üzü görməsi haqqında məlumat verib. Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh müxtəlif sivilizasiyaların bir araya gətirilməsi yönündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.