adalet.az header logo
  • Bakı 20°C
21 May 2022 13:58
432
SİYASƏT

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmillienerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir.Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin atması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.

Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıbAzərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Hazırda Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.

Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da göz ardı etməyib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqtisadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir.

Əminə Ağazadə 
Milli Məclisin deputatı