adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Fevral 2023 14:15
616
ƏDƏBİYYAT

AKİF SƏMƏD: Ölüm var ki, ömür kimi 

Adalet.az  şair Akif Səmədin şeirlərini təqdim edir:


***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.


* * *
Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?

Eşqlə sərsəri gəzirəm,
"Mən"dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?

Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?


* * *
Nizama bax, düzgüyə bax,
Üzün üzə salamı var.
İnanmırsan – güzgüyə bax,
Gözün gözə salamı var.

Sağa enər, sola çıxar,
Dar dərədən yala çıxar.
İz deyilən yola çıxar,
İzin izə salamı var.

Hərə bir cür üsul bildi,
Hər üsulda qüsur bildi.
Allah dedi, Rəsul bildi,
Sözün sözə salamı var.

Xatirəmdə o çağ yanar,
Qoçaq ölər, qorxaq yanar.
Alovlanıb ocaq yanar,
Közün közə salamı var.

Akif ölər söz üstündə,
Muzd-babalı öz üstündə.
Qəbul edək göz üstündə,
Kimin bizə salamı var!


* * *
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
İzimə yol gedirəm.

Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə.
Nəsimi, Yunus Əmrə
Sözümə yol gedirəm.

Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam.
Özümdən yol almışam,
Özümə yol gedirəm.


* * *
Hacı Məhəmməd Astanbəyliyə

Biz deyəni demir, neynək,
Bu çərxi-gərdiş, gəl gedək.
Üzə dayanıb durmaqdan,
Getməkdi mərd iş, gəl gedək.

Qəm yüngül - könlünə götür,
Dəm ağır - könlündən ötür.
Heybəni çiyninə götür,
Oxuma, dərviş, gəl gedək.

Dərdimiz niyə söz oldu?
Söz oldu, saza düzüldü.
Allah, Allah, nə tez oldu
Yaşamaq vərdiş, gəl gedək.

Könül harda, Akif orda,
Yolu olan qalmaz darda.
Nə tapıbsan adamlarda,
Məhəmməd, dərdiş, gəl gedək.


* * *
Nə ağlarsan, dərdli bülbül,
Hələ ayın onu deyil.
Dostun yaxasız köynəyi,
Hər kişinin donu deyil.

Nə çoxdu şeytan nökəri,
Şərə işlədir təkəri,
Sözünü deynən çəkəri,
Hamı nəfsin xanı deyil.

Eşq mərifətdən anrıdı,
Aşiqə yiyə Tanrıdı,
Mərəkə hələ sonradı,
Ölüm ömrün sonu deyil.


* * *
Verirsən yelə - toxumdu,
Kim deyir hədərdi, hədər.
Yaxşılıq elə toxumdu,
Ürəklə ək, daşda bitər.

Qaralmışam kömür kimi,
Bərkimişəm dəmir kimi,
Ölüm var ki, ömür kimi,
Ömür var ölümdən betər.

Hara gəldin sözünə dön,
Çayır bitən izinə don,
Dost istəsən özünə dön,
“Dost istəsən Allah yetər”


* * *
Qurban yazıma, baxtıma,
Yayda da boran, qar eylər.
Qaldırar sultan taxtına,
Saldırar eldə xar eylər.

Odu çarə, odu naçar,
Aşiqlər çarədən qaçar,
İstər gülüşü gül açar,
İstər, zülfünü mar eylər.

Eşq gəlib neçə sənədi,
Eşqdi könlün sənədi,
Əğyar? Nə əğyar? O nədi?
Akifə neylər, yar eylər.


* * *
Uzanıb sübhə qədər,
Çəkirəm ah gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.

Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.

Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.

Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.


* * *
Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik-Türkük
Tarixdə çoxuna görkük
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?-
Şuşaya gedə bilmirəm.

* * *
Mən məni harda itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni darda itirdim,
Bilməyib gendə gəzirəm.

Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım,
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.

Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim,
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.


* * *
Su kimi çəkilib getdim,
Nə fərqi yerə, ya göyə.
Dərdimi tapşırıb getdim,
Saza, kamana ya neyə.

Ağlamaynan mən öləndə,
Elə bil olmamışam heç.
Sevgi kimi, duyğu kimi,
Qəlbinə dolmamışam heç.

Mənli günləri yuxu bil,
Bir yuxuydu gəldi, getdi.
Nərgizdən gələn qoxu bil,
Bir qoxuydu gəldi, getdi.

Atilayım, Çilənayım,
Sorsalar atamız hanı?
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi, ürəknən getdi.


* * *
Sənə yol gəlirəm, oğlum,
Məzarımdan keçdim gəldim,
İstəsəm ləlnən oynardım,
Bazarımdan keçdim gəldim.

Yanıb gönüm, yanıb köşəm,
Dərddi işim, qəmdi peşəm,
Bülbüllü bağlara düşən,
Güzarımdan keçdim gəldim.

Dərdim peşədi, dərdim qəm,
Dərdim birənti, dərdim cəm,
Bağrımı deşən dərdimdən —
Azarımdan keçdim gəldim.

Akif Səməd gəldi cana,
Söndü, dondu yana-yana,
Bir vəfasız güldən yana,
Yüz arımdan keçdim gəldim.
iyun, 1993


* * *
Məndən ötrü yanan varmış,
Bağlar, Bakı gecəsində,
Bağlar sarı saçlarınnan,
Saxlar Bakı gecəsində.

Çətin gələ gülə ətir,
Burda güllər gecə bitir,
Oğulların bir-bir itir,
Dağlar, Bakı gecəsində.

Bəlkə odu tale payım,
Yazı, güzü, qışı, yayı,
Məndən ötrü bir qağayı,
Ağlar Bakı gecəsində.
sentyabr, 1987


* * *
Nələr deyib ruhum neyə,
Bulud tutur divan Aya,
Aç dərdini "Ruhani"yə,
"Dilqəmi"yə, "Divani"yə.

Göz yaşından göl durular,
Ovçu ovuna vurular,
Nə qurulub, nə qurular,
Göstər hanı divan, ayə.

Özüm bələdəm gücümə,
Fələk əyilər öcümə,
Nə yazıram, nə vecimə,
Divan yoxdu divanaya.
avqust, 1995


* * *
Nə vaxtdı tərk eləyib,
Bahar məni, ay gəmiçi,
Ayaz, şaxta dörd bir yerə,
Çapar məni, ay gəmiçi.

Qarşı sahil güllü olar,
Söyüdləri telli olar,
Bulaqları dilli olar,
Apar məni, ay gəmiçi.

Qanan qaçır mən dəlidən,
Zəhər içim mərd əlindən,
Bu sahil dərd, qəm əlindən,
Qopar məni, ay gəmiçi.

Danışıram bekar-bekar,
Yığvaldan qaçmaqmı olar?
Harda olsam, dərd zəhrimar,
Tapar məni, ay gəmiçi.
mart, 1991

Bizlik deyil

Könül, dünya gərdişləri
Bizlik deyil, çıxaq gedək.
Söz qanan qəhətə çıxıb,
Sözlük deyil, çıxaq gedək.

Ağac içindən yeyilir,
Qaya dibindən yuyulur.
İşlər astardan əyilir,
Üzlük deyil, çıxaq gedək.

Şaha razılıq eləmək,
Ya da tazılıq eləmək,
Qalıb qazılıq eləmək
Düzlük deyil, çıxaq gedək.

Qələmə lülə dedilər,
Gülümə güllə dedilər
Soruşdum, dillə dedilər:
"Sizlik deyil", çıxaq gedək.
noyabr, 1992


* * *
Balığı dənizdə ara,
Bəni ağ bənizdə ara,
Ararlar sənsiz də, ara —
Tanrının yeri ucada.

Dərdlərimiz qatar-qatar,
Fil çəkəmməz, dəvə yatar,
Nə əl yetər, nə ün çatar —
Tanrının yeri ucada.

Divara hörməz bizləri,
Yamacda dərməz bizləri.
Quluyuq, görməz bizləri —
Tanrının yeri ucada.
1991


* * *
Gün gözləyən puçuram,
Gün telini qucuram,
Misra-misra uçuram,
Qardaş, mən şeir yazmıram.

Öz dərdimi bölürəm,
Öz dərdimə gülürəm.
"Araz" geyib ölürəm —
Qardaş, mən şeir yazmıram.

Yamacdan dərilirəm,
Yay kimi gərilirəm.
Mən ölüb-dirilirəm,
Qardaş, mən şeir yazmıram.

Pisi çətin ayıram,
Ürəyimi oyuram.
Günlərimi sayıram —
Qardaş, mən şeir yazmıram.

Göylərdən baxır Allah,
Şair Vaqifdi, vallah.
Qardaş, Allaha pənah!
Qardaş, mən şeir yazmıram.
1986

* * *
Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah!
Baxma, ölüb gedib pələng,
Bir də nərildər, inşallah!

Azadlıq — dam dolu toyum,
Uyu, könlüm, rahat uyu.
Uzanar bir arpa boyum,
Ötən hər ildə, inşallah!

İzsiz-tozsuz öləcəyəm,
Elə demə, çiyələyim.
Uçub gedər kəpənəyim,
Qalar zər əldə, inşallah!
1991


* * *
"Naz eləmə, sözlü dərviş,
Daha naz eləmək olmur."
Dərd var — bayatı dedirdər,
Dərd var — söz eləmək olmur.

Nədən gəlir çən, bilmədin.
Nədir güldə nəm, bilmədin,
Adəm bildi, sən bilmədin,
Biri yüz eləmək olmur.

Payız yaza dönə bilir,
Qarı qıza dönə bilir,
Adam saza dönə bilir —
Vaxtı saz eləmək olmur.

Olar, ucuz baha gedər,
Adamlar öylər uçurar,
Qarğışlar Allaha gedər
Söz var, ucuzluğa gedər,
Söz var, çözələmək olmur.

"Naz eləmə, sözlü dərviş,
Daha naz eləmək olmur."
Dərd var — bayatı dedirdər,
Dərd var — söz eləmək olmur.
1989

Yolları

Şair şeirinə dolanır
Saçların qulac yolları.
Şeir tək sıldırım deyil
Nə xərac, nə bac yolları.

Gələn padşah bir and içir,
And içib dünyadan köçür.
Mərdin körpüsündən keçir
Namərdin qıyğac yolları.

Görürsən, sezilmir, vallah,
Hər sapa düzülmür, vallah.
Nəzilir, üzülmür, vallah
Şairin əlac yolları.

Boyat bayatı sirləri,
Özündə nələr gizləyir,
Köhnədi örüş yerləri,
Köhnədi arxac yolları.

Qızıla ilan dolanmış,
Ay evi, yurdu talanmış,
Niyə bilmədin — yalanmış,
Dünyanın taxt-tac yolları.
iyun, 1990


* * *
Yar əğyardan zalım,
Xar çiçəkdən gözəl.
Tikanda gülə bax,
Hər çiçəkdən gözəl.

Ayaq baş, baş ayaq,
Yaz yatıb, qış oyaq,
Baş varsa, daş oyaq,
Dərd dərmandan əzəl.

Küllükdən dağ olmaz,
Gillikdə bağ olmaz,
Bir belə ağ olmaz,
Düzəl, dünya, düzəl.
yanvar, 1994


* * *
Görən niyə belədi —
Payım aslan ağzında.
Qışım ağzım içində,
Yayım aslan ağzında.

Yağım gəzər düzümdə,
Qan qızarar izimdə.
Arazın o üzündə
Payım aslan ağzında.

Haqqım daşdan alınır,
Yolum daşa salınır,
Oyna, bacım, çalınır,
Toyum aslan ağzında.
may, 1991


* * *
Qaladan bir yol tapmayan,
Gəl, göstərim dörd qapını,
Dördün içindən seçərsən
Haqqa varan mərd qapını.

Ona bağlı var da, yox da,
İtirmə özünü, toxda,
Nəbadə dönəsən haxdan
Tapar olsa dərd qapını.

Zəhər nədi, şəkər idi,
Axşam nədi, səhər idi,
Akif Səməd nökər idi —
Aç qapını, ört qapını.
1989


* * *
Lətif Mustafaoğluna
Havalanıb tərlan könül,
Öylər məndən aşağıda.
Qardaşlarım, bacılarım
Neylər məndən aşağıda?

Qoca dağlar — olanları,
Doğruları, yalanları,
Yaxşıları, yamanları
Söylər məndən aşağıda.

Bax, bulanar göz dibindən,
Kölgələnnəm söz dibində,
Mən dərənin düz dibində,
Göylər məndən aşağıda.
may, 1992


* * *
Namərdinsən, mərdinsən,
Mənim döyülsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim döyülsən, ömrüm.

Sultansan, qulun hanı?
Yolçusan, yolun hanı?
Bülbülsən, gülün hanı?
Mənim döyülsən, ömrüm.

Sərkərsən, qoşun hanı?
Atansan, daşın hanı?
Ağlarsan, yaşın hanı?
Mənim döyülsən, ömrüm.

Çölləri gəzəmmədim,
Gülləri üzəmmədim,
Əyildin, dözəmmmədin
Mənim döyülsən, ömrüm.

Akif Səməd qocadı,
Haqqı görən xocadı,
Haqqın yeri ucadı,
Mənim döyülsən, ömrüm.
iyun, 1992


* * *
Yaşıl-yaşıl ormanlarda
Gəzdirmədim, ürək, səni.
Mavi-mavi dumanlarda,
Azdırmadım, ürək, səni.

Bağdadlarda, Təbrizlərdə,
Qara bənli bənizlərdə,
Dərin-dərin dənizlərdə,
Üzdürmədim, ürək, səni.

Yad elədim yoldaşına,
Tay elədim yol daşına.
Şəhid olub, baş daşına
Qazdırmadım, ürək, səni.

İnci-inci ləçəklərə,
Ləçəklərdən çiçəklərə,
Gözəllərə, göyçəklərə,
Yazdırmadım, ürək, səni.

Qazanmadım alqışı ki,
Gördün qarı, yağışı ki,
Çox incitdim, nə yaxşı ki,
Bezdirmədim, ürək, səni.
aprel, 1992


* * *
Xəbər eylə dərdiməndə,
Qoy gizləsin dərdi məndən,
Çox sevirəm dərdi mən də
Payına ortaq olaram.

Sözlərim şaxtadan yanar,
Günün şahmarınnan donar,
Özümə yox, ona-buna
Kölgəlik yarpaq olaram.

Qürub ömrün sabahında,
Durub ömrün sabahında
Əyər gəlsə, qabağında
Bir ovuc torpaq olaram.
iyun, 1992


* * *
Şəhla gözlərin tufanı,
Buludu adam öldürür.
Bütün mürvəti, insafı
Unudub, adam öldürür.

Bülbülü oyadır səsi,
Gülü titrədir cilvəsi,
İşi-gücü, vəzifəsi
Uludu — adam öldürür.

Gül öldü, arıdan deyil,
Gül yara sarıdan deyil,
Bir kəsi yarıdan deyil,
Umudu adam öldürür.
1989.

Əylən

Bu nə yeriş, bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər yoxsa, sabahlar
Gümandı, ay gedən, əylən.

Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq,
Ölüm heç nədi, ayrılıq
Yamandı, ay gedən, əylən.

Açıb yasəmən kolları,
Açılıb bizə qolları,
Tanı getdiyin yolları,
Dumandı, ay gedən, əylən.


* * *
Vurnuxaraq sağa, sola,
Kirpiyə bax, tay axtarır.
Tikanları ipək olub,
Sevgi gəzir, pay axtarır.

Gözəl görən aşıqların,
Boğazında azır səsi.
Yaman artır yaz gələndə
Yerin, göyün cazibəsi.

Əri ölmüş gəlin bircə,
Ağlayır başında örpək.
"Həmişə cüt gəzərdin,
Hanı yoldaşın, ördək"?
1989

İncənin yolları

Binələri əldən çıxdı,
Endi İncənin yolları.
Bir gümüşü simə döndü,
Dindi İncənin yolları.

Neçə kəhərlər nal salıb,
Neçə igidlər ad alıb,
At səsinə həsrət qalıb,
İndi İncənin yolları.

Dağ övladı kür olarmış,
O kürlükdə sirr olarmış,
Qala yolu bir olarmış,
Mindi İncənin yolları.

Dağlar, dərələr yaşıdı,
Tapdandı, gənə yaşadı.
Allah, şəhərə daşıdı
Kəndi İncənin yolları.
may, 1989


* * *
Hərdən gəlir qulağıma,
Kövrək səsi ulduzların,
Heç bülbül boyda da deyil,
Ən yekəsi ulduzların.

Sevgilisi işıq olan,
Qaranlığa uduzarmı?
İşıq gəzən, yaxına gəl,
Ürəyimdən gəlib keçir
Ağ küçəsi ulduzların.

Başa düşməz, gülüb keçər,
Yemi deyil bu misralar
Qansızların, quduzların.
Gecələr pərvanəm olar,
Gündüzlər məndə gizlənər
Gör neçəsi ulduzların.

Qulağımdan getməz qəti
Kövrək səsi ulduzların.
Sığınar, mənə sığışar
Heç bülbül boyda da deyil
Ən yekəsi ulduzların.
may, 1993


* * *
Axşamdan çıxıb gedirəm,
Dönüb səhərdən gəlirəm.
Ömür yolu yetdi başa —
Yeddi şəhərdən gəlirəm.

Yan baxsaydım ota, gülə,
Qadağa versəydim dilə,
Yaşamaq olardı hələ,
Qəza-qədərdən gəlirəm.

Qış ölürəm, yaz ölürəm,
Yaz adam ölməz, ölürəm.
Ürəyimdə söz ölürəm,
Ağır səfərdən gəlirəm.

Mənə də yer verin bir az,
Danışın, sirr verin bir az,
Təzəni göstərin bir az,
Köhnə qəbirdən gəlirəm.

Havayıq, torpağıq, suyuq,
Çılpaq bədən, yalınayaq,
Nə baxırsız soyuq-soyuq,
Siz gələn yerdən gəlirəm.


* * *
Yarəb, adamam adıma —
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.

Ay qarannıqdı, qar işıq,
Gecə-gündüzə yaraşıq,
Qanım qannara qarışır,
Qanıma yazığın gəlsin.

Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin.


* * *
Sevənlər yazıqdı,
Arada mən varam.
Sarıda mən varam,
Qarada mən varam.

Sevgidən anrı var,
Ölümdən sonra var,
Sevgidə Tanrı var,
Tanrıda mən varam.

Yadındamı qardım?
Səhraya yağardım,
Əvvəl də mən vardım,
Sonra da mən varam.


* * *
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb “babı”dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.


* * *
Gecələr sabaha kimi,
Səhərin davası gedir.
Gülnən arı arasında
Zəhərin davası gedir.

Ağ yağış aynadan bəlli,
Köçürük doymadan bəlli,
Oynayan, oynadan bəlli,
Nəmərin davası gedir.

Kimə ömür tamaşadı,
Ağ geyindi, al yaşadı,
Dünya dolu alaşadı,
Kəhərin davası gedir.

Sədi bilir, Cami bilir,
Şərab nədi? Camı bilir.
Məndən özgə hamı bilir,
Nələrin davası gedir.


* * *
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?

Ölüm nədi? — Adi divar,
Həllac Mənsur var, Hadi var.
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?

Sevənlər aşıq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?

Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?

Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?


* * *
İçimizdə boğuluruq,
Üzdə hələ şeir yazırıq.
Ürəyimiz quru budaq,
Sözdə hələ şeir yazırıq.

Zaman ötür, sular axır,
Qazanımız köhnə, paxır,
Düşmən dağa bayraq taxır,
Düzdə hələ şeir yazırıq.

Susuz yanırıq, hər yan su,
Dağ çayı, bulaq, uçansu,
Torpağı itirib, hansı
Üzlə hələ şeir yazırıq?!

Adam olmaq qara baxtım,
Qara baxtım, qızıl taxtım,
Qəbir yerim, Qarabağım,
Gözlə, hələ şeir yazırıq.


* * *
Məndə başladı bu payız,
Evimə yağdı yağışı.
Yarpaqlar məndən töküldü —
Kefimə yağdı yağışı.

Otları saralmaz bildim,
Bu yurdu sar almaz bildim,
Göyləri qaralmaz bildim,
Səhvimə yağdı yağışı.

Könlümün sözünə baxdım,
Tərsinə çevrildi taxtım,
Balamın gözünə baxdım —
Dəfnimə yağdı yağışı.


* * *
Qırxa əliboş yetmədim,
İnfarkt qoşasınnan gəldim,
Dərd kəcavədə şah qızı,
Sultan, paşasınnan gəldim.

Qırxdı, mənzilə az qaldı,
Bir-iki ağlar söz qaldı,
Sevincim misqal-misqaldı,
Dərdin xaşasınnan gəldim.

Çəkəmmədim gül qəhrini,
İçdim torpağın zəhrini,
Talatdım Vaqif şəhrini,
Tapdaq Şuşasınnan gəldim.

Qabağına qatdı külək,
Akifə qanaddı külək,
Bilmədim, ağrılı ürək,
Daşlı baş? — Hansınnan gəldim.
2003


* * *
Hamının şamı yanır
Mənimki keçib daha.
Yansa söndürərdilər,
Sevin ki, keçib daha.

Nə gizlədim, nə danım,
Bitib daha dastanım,
Dövranıdı cırtdanın —
Devinki keçib daha.

Akifin fərmanı yox,
Dərdinin dərmanı yox,
Karvanın sarvanı yox —
Köçünkü keçib daha.
1999


* * *
Gecə-gündüz donubsunuz,
Bir anlığa alışın siz.
Yamanlığı yaxşı sayın,
Yamanlığa alışın siz.

Ömrümün qışı işıqlı,
Ölümün quşu işıqlı.
Gəlin, arvadlı-uşaqlı
Qaranlığa alışın siz.

Pərvanəylə şam arası,
Ölümlə ilham arası,
Səhərlə axşam arası
Toranlığa alışın siz.
iyul, 2001


* * *
Elə gün gəldi, nə yazdım?
Nə yazdım, yadımdan çıxdı.
Rəngi qaraydım, ya bozdum,
Bəyazdım, yadımdan çıxdı.

Soyuqda sözə büründüm,
Haqqın işinə ərindim.
Dənizəm, çayam — dərindim,
Dayazdım, yadımdan çıxdı.

Səni bənzətdim güllərə,
Akif də bəlkə gül dərə.
Çiçək adını dəftərə
Ha yazdım, yadımdan çıxdı.
dekabr, 2000


* * *
Rüstəm Behrudiyə

Elə adamlar asılır,
Dar ağacı utanır.
Elə bil paltar asılır,
Dar ağacı utanır.

Başı ayağa toxunur,
Dibində fərman oxunur.
Fərman həqiqət qoxumur,
Dar ağacı utanır.

Göy meşədə çənə baxır,
Dönür-dönür yenə baxır.
Ay Behrudi, mənə baxır —
Dar ağacı utanır.
mart, 2003


* * *
"Kəlbəcər qayıtsın" — deyən dostlara

Kəlbəcər hara qayıtsın,
Kəlbəcərə biz qayıdaq.
Salam verək, salam alaq,
Olsun bizdə üz, qayıdaq.

Ruhumuz ordan enməsin,
Qula, köləyə dönməsin.
Yanaq, odumuz sönməsin,
Köksümüzdə köz qayıdaq.

Ölü qaçdıq, diri qaçdıq,
Orda qoyduq piri, qaçdıq,
Kəlbəcərdən əyri qaçdıq,
Qayıdanda düz qayıdaq.

Hanı göylük, hanı güllük,
Şoranda ağladıq, güldük.
Qaraçıya dönə billik,
Nə bacarsaq, tez qayıdaq.
2003


* * *
Ömür yaman bahalanıb,
Satılır, ala bilmirəm.
İki yol ayrıcı — sağa,
Ya gedim sola, bilmirəm.

Yol yolu çəkib gətirib,
Gətirib bura yetirib,
Bərədən ovu ötürüb
Təzədən ala bilmirəm.

Günləri çətin unudam,
Gələn günlərə umudam,
Bir yol boşalan buludam,
Bir daha dola bilmirəm.
2001


* * *
Sus, sözünü söylə,
Danış, qanmasınlar.
Öləndə elə öl —
Heç inanmasınlar
Yaşa, qəza olsa —
Qalsan yanmasınlar.
2001

Vaxtında deyilmiş şeir

Gördü canda təpərim var,
Zaman məni sıxdı, sıxdı…
Son səfərdən xəbərim var,
Axırıma çıxdı, çıxdı.

Özüm ağır, ömrüm yüyrək,
Tökülürəm külək-külək,
Gümanlarım seyrək-seyrək,
Dumanlarım sıxdı, sıxdı.

Sevdim dərdin harasını?
Vaxt bulmadı çarasını.
Gözlərimin qarasını
Misralara sıxdı-sıxdı.
oktyabr, 2001


* * *
Dünən min illər uzaq,
Sabah min illər uzaq.
Qardaş, halal ömürdən
Günah min illər uzaq.

Ocağımda yaş odun,
Tüstüsünü daşıdım,
Elə ömür yaşadım —
Tamah min illər uzaq.

Gülünü dərəmmədim,
Pünhana sərəmmədim,
Ah çəkdim, görəmmədim,
Bu ah min illər uzaq.
may, 2001


* * *
Təmiz suda həyat olmaz,
Həyat bir az belə gərək.
Günahı çoxlar yazıqdı,
Onlar sənnən bölə gərək.

Sona uçsun, göl itirsin,
Yanan kəsə sel yetirsin,
Ömür — yarı gül bitirsin,
Yarı getsin selə gərək.

Budu gəlir, budu çıxar,
Hər gələn özünü çaxar.
Bir yol gələn yaddan çıxar,
Gedən bir də gələ gərək.

Akif Səmədi söz əyir,
Qəlbdə çatı dərd gözləyir.
Yoxsa yasın nə bəzəyi —
Dəli yasda gülə gərək.
iyul-avqust, 1999


* * *
Mərdi qova-qova
Namərd eylədilər.
Sonra özlərinə
Bir dərd eylədilər.

Sevib çəni-sisi,
Sevmədilər bizi.
Adamla iblisi
Həmdərd eylədilər.

Canım, bəcəhənnəm,
Sizsiz nə cəhənnəm?
Dərdi tam çəkənəm,
Kəm dərd eylədilər.
2000


* * *
Dostum, gedər olsam
Mən sizdən gedirəm,
Dərbənddən, Tiflisdən,
Təbrizdən gedirəm.

Getsəm, gəlişim yox,
Miras gülüşüm yox,
Əyriynən işim yox,
O düzdən gedirəm.

Ağrıyır haranız,
Sağalar yaranız.
Azalmaz sıranız,
Dənizdən gedirəm.

Ömrünüz ola dan,
Əliyül-əladan.
Yamacda lalədən,
Nərgizdən gedirəm.
2000


* * *
Zəmidə bağrı xal lala —
Mənimlə başlanan dünya.
Qoymurlar özümə qala —
Mənimlə başlanan dünya.

Kimsə səninlə barışmır,
Kimsə barışır, atışmır,
Bir az nəyinsə çatışmır,
Mənimlə başlanan dünya.

Haqqın işinə ərinmir,
Kölgəyə dönüb sürünmür,
Qəbir daşına dirənmir,
Mənimlə başlanan dünya.

Canım-gözüm, ömrüm-günüm,
Duru bulağın gözündən
Mənimlə başlanan dünya,
Duru bulağın gözündə,
Mənimlə qurtaran dünya.
oktyabr, 1987

Ömür yaman uzundur

Qonmağa budağı yox,
Kölgəlik yarpağı yox,
Öpməyə torpağı yox,
Ömür yaman uzundur.

Əcəlin nazı yaxşı,
Ölümün sazı yaxşı,
Hər şeyin azı yaxşı,
Ömür yaman uzundur.

Bu dağlar göymü, yermi.
Bu göy göymü, yer yermi?
Yaşamağa dəyərmi? —
Ömür yaman uzundur.


* * *
Üzü nur babam,
Özü pir babam,
Sözü zər babam,
Gələn mənəm, mən.

Sevgi yamandı,
Sevgi yalandı,
Kərəm yanandı,
Ölən mənəm, mən.

Atı yəhərlə,
Sevgi kəhərlə,
Gülüz səhərlə,
Gülən mənəm, mən.

Sizdən umanam,
Quru gümanam,
Çənəm, dumanam
Yeləm, mənəm, mən,
Gələn mənəm, mən.
avqust, 1982