ƏBÜLFƏT MƏDƏTOĞLU
53940 | 2016-06-04 09:28
BAXIŞ BUCAĞI
Bu sualı özümə də verirəm
Həyat insanı hər gün sınamaqdan sanki ləzzət alır. Elə bil ki, ayaqda olduğun bütün müddət ərzində ancaq imtahan verməlisən, ancaq sınanmalısan, hətta yuxuda da. Ona görə ki, yuxuda da beyin yatmır. Yarı yuxulu, yarı oyaq vəziyyətdə sabahı, sabahın işini, sabahın yaşamını düşünür, çək-çevirdə olur. Az qala yuxu sarıdan bir qəribəliyə, lap kobud ifadə etsəm, dovşanlaşmaya doğru gedirik. Axı, dovşan gözləri açıq vəziyyətdə yatır. Biz isə gözümüzü yumsaq da, beynimiz, düşüncəmiz gözüaçıq vəziyyətdə olur. Deməli, hardasa bir yaxınlaşma, hardasa bir üst-üstə düşmə alır başımızın üstünü. Allah sonumuzu xeyrə calasın. Bu buludu yağış hesab eləmirəm, bu başqa bir buluddu...
Deməli, arxada qalan həftə boyu müəyyən qeydlər aparıram, bir növü monitorinq kimi. Mövzu da güvən idi. Yəni indiki durumda, indiki iqtisadi üzmə meydanında kiməsə söykənmək, kiminsə ətəyindən, kiminsə əlindən tutmuq mümkündürmü? Bax, bu sual ətrafında gəzişmələr etdim, sözarası və yaxud birbaşa fikirlər öyrəndim və sonda bu qərara gəldim ki, "dünyanın malı dünyada qalır" deyənlər hardasa yanılıblar. Çünki dünyanın malına o qədər sahib çıxan var ki, indi həmin o dünyanın malı pay-pürüş olub səpələnib hər tərəfə. Kimi çömçəylə, kimi ləyən-qazanla, kimi də çəngəllə yır-yığış etməklə məşğuldur. Amma əliyalın vəziyyətdə bu mənzərəni seyr edənlər də az deyil. Onları başa düşürəm. Seyrçi mövqeləri bir neçə səbəblə bağlıdır. Birincisi, onlarda tamah dişi deyilən hər nədisə, o, yoxdur. İkincisi, onlarda abır-həya hələ erroziyaya uğramayıb. Üçüncüsü, onlar fiziki cəhətdən zəifdilər, mübarizə apara bilmirlər. Əllərini həmin o dünya malına toxundurmağa gücləri çatmır.
Bəli, bu üç qrupun talanan dünya malı üçün hansı hisslər keçirdiyini və bu talana hansı qiymət verdiyini təxmin etmək də olar. Amma mən bu fikirdən yan keçirəm. Çünki yanıla bilərəm. Ən azından hər kəsin ölçü vahidinə, baxış bucağına görə. O ki, qaldı mənim özümə, bax, elə indiki anda, bu dəqiqə mən sürünməyə yox, mövcud olmağa yox, sadəcə, yaşamağa imkan verən hər bir işin qulpundan tutmağa hazıram. Təkcə yaşamaq, yemək üçün yox ha, sadəcə yaşamaq və ailədəkiləri yaşatmaq imkanı verən bir iş!..
Hərdən bu mövzu dostlar arasında da qabardılır və mənə irad tutanlar da olur. Vurğulayırlar ki, vaxtında özünə ağıllı-başlı bir iş qura bilmədin, sözün ətəyindən yapışdın. Söz də ki, həmişə hörmətdə olmur, matah sayılmır. Və deməli, əhəmiyyəti, mənası, tutumu nə qədər önəmli olur-olsun, neçə əsr yaşayır yaşasın, fərqi yoxdur, fərq etmir. Buna misal Füzuli sözünü göstərmək olar? O boyda şair sonda "axca" umuduna qalır və...
Hə, indi bax, mən də fikirləşirəm ki, umuduna qaldığım sözün görəsən bir qara qəpik dəyəri varmı və yaxud dəyəri olacaqmı? Gülməli sualdı hə?! Amma... Amma həm də düşünüb ağlamalı sualdı. Nə edəsən ki, bu, gerçəklikdi, bu, günün reallığıdı. Həmin reallıqdan çıxış yenə elə sözün özündədi. Mən də ömrümü, həyatımı, işimi-gücümü, həyatımı həsr etdiyim sözün kölgəsində qalmaq istəmirəm. Ona görə də üz tuturam yenə sözə.

Yuxu olub xoş günüm...
Ötüb gedir boş günüm.
Hər həftədə beş günüm -
Boşa çıxır!

Hər xeyirdə, şərdə əl
İş çözür hər yerdə əl!..
Uzadıram dərdə əl -
Boşa çıxır!

Umduğum dağ qarı da
İlğım olur - tarı da...
Harda qazsam yarıda -
Daşa çıxır!..

***
İstənilən adam istənilən yerdə və istənilən vaxtda özünü qayğısız, asudə, rahat saymaq istəyər. Amma istək axı hər şey deyil. İstəyin bir damarında arzu, var, xəyal var. Tutaq ki, mən bu yazını diktə etdiyim məqamda istəyirəm ki, Tuğda olum. Və yaxud Göygöldə Maralgölə tamaşa edim. Lap elə Bakının ən sayılıb seçilən, axarlı-baxarlı guşələrinin birində buğlanan samovarın dibində oturub könül dostumla, ürək verib, ürək aldığım insanla söhbət edim. Gəlin görək bu istəyi gerçəkləşdirmək üçün nələrdən keçmək lazımdır? Kimsə deyə bilər ki, bu nə böyük istəkdi ki? Oturursan maşına, çıxıb gedirsən. Amma bunu deyən öz iqtisadi durumundan çıxış edir. Həmin istəklə xəyal quranın arzularına qanad verənin durumuyla düşünmür. Əgər düşünsə, onda xəzinədən toz qopduğunu anlayar və o sualı da dilə gətirməz. Bir də ki, yeri gəlmişkən, elə bu məqamda da deyiblər ki, "toxun acdan xəbəri olmaz". Necə ki, həqiqətən yoxdur!..
Yaşıma, başıma görə bu həyatla kifayət qədər üz-üzə gəlmişəm və hər qarşılaşmada da dediyim o sınaqlar, imtahanlar, problemlər azalmaq əvəzinə daha da artıb, daha da çoxalıb, elə bil ki, bu dünyanın problem, qayğı istehsal edən zavodları, müəssisələri yağışdan sonra çıxan göbələklər kimi durmadan artır. Könül xoşluğu, rahatlıq, sevinc istehsal etməli olan müəssisələr isə məmləkətimizdəki iş yerləri kimi bir ucdan bağlanır. Amma... Amma ümid yaşayır. Və elə bu yaşayan ümid də ayaq üstdə qalmağımıza, sınmamağımıza sonuncu nəfəs kimi yardım edir. Biz də dözümlü xalqın dözümlü övladları olmaqla, bu dözümü bir az da cilalayırıq, bir az da günümüzə, həyat tərzimizə, yaşamımıza uyğunlaşdırırıq. Sanki həmin o sadaladığım məqamlar boyumuza biçilir, bizim əynimizə ölçülür. Bu yerdə adamın dilinə bir söz gəlir. İstəyirsən deyəsən ki, dərzi sağ olsun!!! Axı köynək tikən, don biçən dərzidi. Özü də əynimizə "qutu kimi" olan don!..
Hər günün, hər saatın hökmü var, deyirlər. Biz də həmin o əynimizdəki donla günün, saatın hökmünə müntəzir oluruq. Çünki əvvəli xatırlatdığım, daha doğrusu, qabartdığım çalarlar hökmlərə tabe olmur. Nə qədər kağız üzərində yazılı göstərişlər verilsə də, ölü nöqtəyə işıq düşmür. Elə bil ki, itmiş bir durumun içərisində çabalamalı, götür-qoy etməli olursan. Və o götür-qoy etdiyin anın içində də niyə belə olduğunu düşünməkdən qurtula bilmirsən. Axı, hər şeyi görüb, hər şeyi duyub, anlayıb yenidən onu kimlərəsə təqdim etmək təkcə görünən dağa bələdçilik etmək deyil. Həm də o bələdçinin özünün həmin o dağla necə üz-üzə dayandığını ifadə etməkdir. Məhz bu səbəbdən yenə üzümü sözə tuturam. Demək istəyirəm ki, görünən və göstərilən, heç nəyi dəyişmir. Ən yaxşı halda içinə çəkilib içində danışmağa şərait yaradır. Mən də içimin pıçıltılarını sizə deyirəm.

Keçib gəldiyim yolun
Vərəqlədim sağ, solun...
Hər çiçəyin, hər kolun -
Gözündə şəkilin var!..

Qoşulduğum dəstənin
"Şikəstə"nin, "Kəsmə"nin...
Səslənən hər bəstənin -
Sözündə şəkilin var!..

Qapımı söz döyəndə
Dilim şeir deyəndə...
Məni sevməyənin də -
Özündə şəkilim var!..

***
Kimsə bu yazını oxuyub, elə bu nöqtəsinə gəlib çatanda bəlkə də məni qınadı. Düşündü ki, maddiyatı qabartmaq, onu önə keçirmək mənəvi kasadlıqdı. Mənəviyyatı aşınmağa vadar etməkdi. Mən həmin adamı da başa düşürəm. Onun niyə bu qənaətə gəldiyini də anlayıram. Amma bir vaxtlar, daha doğrusu, 90-cı illərin əvvəllərində yazdığım şeirlərin birində vurğulamışdım ki, şeir çörək deyil. Uşaq, ailə şeir, kitab, dəftər əvəzinə çörək gözləyir, çörək umur. Amma mən şeir yazıram. Ruhumu, iç dünyamı ovuduram. Elə özüm də ovunuram. Bəs, bu ovunma ailənin digər üzvlərinə nə verir? Ola bilsin ki, bu mənəvi rahatlıq onları sevindirsin. Ən azından bir qayğıları azalsın. Amma...
Dünyada gerçək olan hər şeyi qəbul etmək zənnimcə mütilik, asılı olmaq, boyun əymək demək deyil. Əksinə, həmin o görünənə tabe olmağın özündə də bir mədəniyyət var, bir əxlaq var, bir dərk etmək var. Bu da o deməkdir ki, insan ağla qaranı tək bir rəng kimi yox, həm də gerçəklik kimi seçir və dəyərləndirir.
Bax, bu əhvalımın qarışıq zamanında elə qarışıq bir formada yazdığım yazının özü də bir gerçəklikdir. Elə bir gerçəklik ki, mən bu yazını diktə edəndə nə varsa, necə varsa, necə görünürsə, elə də təqdim etməkdə qərarlıyam. Və düşünmürəm ki, bu yazının rəngi tünddür. Xeyr, əslində bu yazı elə yazıldığı rəngdədi. Ona hansı pəncərədən baxmaq isə oxucunun işidi. Və bir də gəlin etiraf edək ki, yaşımızın bu çağında nağıl dinləmək bizim üçün çox gecdir. Biz uşaqlığımızı, həmin o uşaqlıq dünyamızı nağılların içində əritmişik. Sabaha, daha yaxşı, daha gözəl məqamlara xəyalən bağlana-bağlana. Elə ona görə də nağılların içində qalmışıq. Alma gözləyə-gözləyə. Hətta mən bunu misralara da daşımışam və yazımşam ki:

Yarımçıq qalan nağılın
Düşmədi alması göydən...
Gəlmədi uşaq ağlına -
Almanı salması göydən...

Dərdə əl çalma yanında
Qala ağlında, qanında...
Ümidin alma yanında -
Asılıb qalması göydən...

Könlümü verdiyim gülə
Xatırlatdım bilə-bilə...
Buludların mənə belə -
Sirrdi əl çalması göydən!..

Bəli, bu, bəlkə də günün yazısıdı, bəlkə də yox... Bu, bəlkə də heç yazı deyil. Eləcə özümün özümlə danışmağım, özümün özümü hər kəsdən, hamıdan ayırıb bir tərəfə çəkib aparmağımdı. Amma...
Amma yenə də "əmmalar" ayrılıb getməyə də imkan vermir. Çünki ayrılmaq, yanlarından getmək istədiklərimin hamısı da elə mənim günümdədi. Onlar da mənim kimi öz-özləriylə danışırlar. Düşünməyin ki, mən də, onlar da dəli olmuşuq, havalanmışıq. Sadəcə olaraq, bütün bu yazılanların, yaşananların kökündə bir sual durur:
- Bu gün sənə güvənmək olarmı?!

TƏQVİM / ARXİV