adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MƏN UŞAQ OLMAMIŞAM...

FƏRİDƏ RƏHİMLİ
134356 | 2016-06-04 09:26
Hər olğun insanın içində həmişə bir uşaq yaşayır. Onu içində boğmaq istəyənlər də var, o uşaqla ömrünü sürənlər də... İnsan bəzən, övladının artıq uşaqlıq yaşını keçdiyini, nəvələrin həyata gəlişini sevinclə qəbul etsə də, öz "içindəki" uşağı özündən uzaqlaşdırmaq istəmir. İçindəki o uşağı sevənlər, o uşağın istəyiylə hərəkət edənlər isə çox zaman ətrafın, çevrənin, "mentalitetin", "ağıllı adamlar"ın qınağıyla qarşılaşırlar. Və belələrinə anlatmaq olmur ki, o uşaqdır məni təmiz, səmimi, məsum, saf, saxlayan, çox zaman günahlardan çəkindirən, kin-küdurətdən uzaq tutan, təmənnasız sevməyi, gülməyi, sevinməyi, ədalətli olmağı aşılayan. Odur məni yaşlanmağa, qocalmağa qoymayan. Könül dünyamı, ruhumu, duyğularımı təmiz saxlayan.
1 iyul Beynəlxalq Uşaqları Müdafiə Günü bu ilki kimi maraqlı keçməmişdi mənim üçün. Sosial şəbəkələrdə müxtəlif şəkildə - dəcəl, məzəli, ərköyün, utancaq, xoşbəxt, qəmli, mərhumiyyətli... uşaqlığını xatırlayanlar oldu həmin gün. Və söylədikləri hər fikrin arxasında yuxarıdakı fikrimi təsdiqləyən detallar vardı.
Hər kəsin ömrünün fərqli uşaqlıq çağı olur. Biz uşaq ola bilmirik, uşaqlıq dövrü yoxdu daha bizdə, vaxtından tez böyüyürük - deyənlər də var, bütün hallarda uşaq uşaqdır, o dövrü mərhumiyyətlərlə keçsə də...
Bəzən "mən uşaq olmamışam" fikirlərini erkən məktəbə getdiyi, həm idmana, həm musiqiyə, həm şahmata vaxt sərf etdiyini buna səbəb kimi göstərənlər var. Amma bunu, maddi çətinliklərin ucbatından, ailəni dolandırmaq məcburiyyətində qaldığından vaxtından tez "böyüyən", uşaqlığını yaşamayanlarla bərabər tutmaq olmaz. ("Mən uşaq olmamışam" silsiləsindən heç unutmadığım və zaman-zaman məni ağrıdan - Qarabağda əsir düşmüş, sonradan geri alınan qızımızın etirafıdı: "On üç yaşımda yurdumuz talandı, evimiz dağıldı, əsir düşüb erməni vəhşilərinin təcavüzünə məruz qaldım. Mən uşaq olmadan, gənc olmadan, sevmədən, sevilmədən əzabkeş, özünə nifrət edən, keçmişindən utanan qadın oldum...").
Doğrudur, normal uşaq tərbiyəsində bu iki fakt tam olaraq qəbul edilmir. Çünki, dahilər deyir ki, əgər biz uşaqların düşüncələrinə, ideyalarına, hərəkətlərinə düzəliş etməsək, onların hamısı dahi və müdrik olarlar. Sadəcə, böyüklər onlara sərbəst inkişaf etməyə imkan vermirlər.
S.Xəlilovun fikrincə, "Bütün uşaqlar öz tükənməyən "niyə"ləri ilə filosofdurlar. Uşaqlıqla vidalaşınca filosofluq da qeyb olur. Sadəcə uşaqlığı içində yaşadanlar filosof qala bilirlər".
Məncə, uşaqların bu "dahiliyi"nin səbəbi hələ çirklənməmiş, saf, apaydın, dupduru bulaq kimi olduqlarındandı. Allaha ən yaxın olduqlarındandı. Çox vaxt uşaqlardan xahiş etmirikmi ki, bizə dua eləsinlər?!. Allah onların duasını anında qəbul edir deyə... Dedikləri sözlər, verdikləri suallar vəhy sayağı sözlər olur...
Uşağa həyat rəngarəng görünür, (böyüdükcə, həyatın rəngləri üstlərinə çökdükcə, qatılaşdıqca Allahdan uzaqlaşırlar...") -
güllü-çiçəkli, kəpənəkli-böcəkli. Al-yaşıl paltarlarla, oyuncaqlarla, heyvanlarla sevindirmək olur onları. Övlada maddi baxımdan hər şeyi verdin, düzgün tərbiyəsiylə maraqlanmadınsa, o gözəllik, sevinc illərin ayağı altında tapdanaraq məhv ola bilir. Hər kəs tərbiyə məsələsini öz dünyagörüşünə görə bir cür başa düşür, ona görə də fərqli izah edir.
İmam Sadiq (ə) buyurur: "Yeddi il icazə ver uşaq oynasın, ikinci yeddi ildə ona yazı yazmaq və savad öyrət. Sonrakı yeddi ildə isə ona Allah Təalanın ehkamında olan halal və haramı öyrət".
İslam tərbiyəsinə görə uşaqda itaət edən ruhu əmələ gətirən meyarlar: təhlükəsizlik, məhəbbət, azadlıq və nəzarətedici qüvvələrə ehtiyacdır. Yəni, əgər uşaq ata və anası tərəfdən dostluq və məhəbbət hiss edərsə, çalışacaq ki, onların razılığını qazansın və onların xoşladığı işləri görsün. Burada ən mühüm amil məhəbbətdir ki, itaətə gətirib çıxarır.
Körpə fitri olaraq, Allaha imanla dünyaya gəlir. O zaman ki, o, özü, ata-anası və yaradılışı haqqında sual verməyə başlayır, o deməkdir ki, ağlı Yaradanı qəbul etməyə hazırdır. Psixoloqların nəzərincə bu dövrdə valideynin vəzifəsi odur ki, uşağın məhdud ağlı səviyyəsində Allahı onlara tanıtsın. Qəlbindəki iman nurunu alovlandırsınlar.
Allaha iman ən mühüm dəyərlərdən biridir ki, körpənin qəlbinə onun toxumları səpilməlidir. Bu iman gələcəkdə ona yaşamaq sevinci və Xaliqə etimad bəxş edər və dindən uzaqlaşmasının qarşısını alar. Uşaqda Allaha iman və sevgi, valideynin Allaha olan sevgisinin eynidir".
Uşaq üç yaşından altı yaşına qədər hər şeydə valideynə təqlid etməyə çalışır. Onlar uşaqlarına Allahı anladanda, uşaqlarında Allaha olan iman öyrətdikləri kimi olacaqdır. Nəticədə uşaq təsəvvüründə Allah haqqında müəyyən biliyə malik olacaq. O, biləcək ki, valideynlərindən də qüdrətli və rəhman başqa bir varlıq var. Onu sevməyə başlayacaq və Onun mehriban olmasına inanacaq.
Qədim yəhudi məsəli var: "Uşaqlarınıza on dörd yaşınadək Allahdan bəhs etməsəniz, qalan bütün ömrü Allaha uşaqlarınızdan bəhs edəcəksiniz.
Yazılarımda dini mövzulara toxunduğum üçün məni qınayanlar var. Amma unutmayın ki, hansı mənsəbdə, imkanda, mövqedə, inamda, inancda, bilikdə, təhsildə, dünyagörüşündə (hansı havada, təkəbbürdə...) olursunuzsa olun, sonunda Allaha dönəcəksiniz və vaxtında uşaqlarınıza Allahını tanıtmaq sizi də xilas edə bilər. Çünki, övladı üzünə ağ olan valideyn Allahın qəzəbləndiyi insanlardır. Allahını tanıyan övlad heç vaxt ata-ana üzünə qayıtmır.
...Firudin Ağayevin "Mən uşaq olmamışam" kitabını oxuyanda mən uşaqdım. Bu gün də içimdə o uşaq yaşayıram və çox məmnunam.

TƏQVİM / ARXİV