adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

GECƏLƏR "YATMAYAN" ŞƏHƏR

FAİQ QİSMƏTOĞLU
38846 | 2016-06-04 09:14
... Hava çox istidi. İsti havada adamın ürəyi tıncıxır və darıxır. Elə ki bir balaca ətrafa göz gəzdirirsən, yaşıllıqlara baxırsan və bir-birinə bənzəməyən küçələrə, xiyabanlara diqqət edirsən, bax, onda ürəyin yavaş-yavaş sakitləşir. Sanki qəlbinə, ürəyinə, içinə sərin bir meh əsir. Bu meh də elə-belə meh deyil, Vətənin, elin-obanın, böyüyüb boya-başa çatdığım yurdun mehidir...
Qohum-əqrəba həmişə gəlişimi çox böyük səbirsizliklə gözləyir. Şükür Allaha, qədim və böyük bir elimiz var - Bəhmənli. Bu yurd elə bir ocaqdır ki, hansı qapını döysən, hansı həyətə getsən orda səni gülərüzlə qarşılayacaqlar. Ürəyin nə istəsə hamısını süfrənin üstünə düzəcəklər. Düzdür, mən elə yeyib-içən adam deyiləm. Çox vaxt da qohumlarım deyir ki, sənin kimi qonağı yola salmağa nə var?! Allah köməyin olsun, hər şeyi bişirib gətiririk, amma ona qulp qoyursan, buna qulp qoyursan, "onu yemirəm, bunu yemirəm" deyirsən.
... Darıxdığım adamları tez axtarıb tapıram. Onların özü üçün, sözü üçün və bəzən də səmimiyyətləri üçün dodağım dörd yerdən çatlayır. Düzdür, onlar da məni arzulayırlar. Və bəzən də kəndə gəlib-getdiyimi eşidəndə dilxor olurlar. Deyirlər ki, od almağa gəlmişdin, nə olmuşdu, heç olmasa bir neçə gün qalaydın bir stəkan çay içərdik də. Elə hər dəfə deyirsən sinif yoldaşlarımı, dostlarımı başıma yığacam, ötən günlərimizi yada salacağıq. Bizim də ötən günlər üçün burnumuzun ucu göynəyir. Hamımız yığışırıq, toplaşırıq, amma sən gəlib çıxmırsan. Çıxanda da xəlvət gəlib xəlvət də qaçırsan.
Dostum Elmin mənə zəng çalır. Deyir ki, eşitmişəm Horadizdə qızıngildə qalmısan. İnsafın olsun, gör neçə aydır səninlə bir stəkan çay içmirik. Heç olmasa bir axşam da gəl bizimlə qalaq. Ailə-uşaq da burda yoxdur, özüm də bərk darıxıram. Heç yadımdan çıxmır, bir dəfə dostunla may ayında gəlmişdin, oturduq bizim ərik ağacının altında o ki var dərdləşdik. O vaxtdan bəri səninlə bir süfrə arxasında əyləşə bilmirik. Gəl sabah günorta bir tikə çörək yeyək. Razılaşıram, səhəri günü günorta Elmin mənə yenidən zəng vurur. Deyir səni gözləyirəm, amma bu dəfə də iş çıxır, təcili Bakıya qayıdıram. Bundan sonra onun qanı lap qaralır.
Horadizdə olduğum vaxt dostlarımdan biri ilə Elman Məmmədovla axşamçağı görüşürük. Oda bir az tələbəlik illərindən danışır, bir az dostlarımız Azər müəllimdən, Elmindən söhbət açır, sonra da istidən gileylənir. Deyir, vallah, bu isti bizim nəfəsimizi lap kəsəcək. Biz buna öyrəşmişik ey, vay sənin halına. Elə Bəhmənli də isti olar, yoxsa sərin olsaydı qaçıb Horadizə nəvələrinin yanına gəlməzdin.
Axşam çağıdı. Bir az nəvələrimlə söhbət edirəm, gəzdirirəm, sonra evə qayıdırıq. Amma evdə də oturmaq çox çətin olur. Axşam saat 11-dir. Ürəyim yenidən tıncıxır. Tərs kimi təzyiqim qalxıb. Nəvəm Tunar deyir ki, dədə, istəyirsən gedək Heydər parkına. Dostum Arifin maşınına əyləşib Heydər parkına gəlirik. Nəvəm maşından düşüb qaça-qaça parkın girəcəyindəki yelləncəyə əyləşir. Bir neçə dəfə fırlanır və sonra yerə düşür. Bax, indi sərin meh adamı vurur. Hiss edirəm ki, gecələr "yatmayan" şəhərin bir sərin havası gəlir. Parkın içində İnternet klub fəaliyyət göstərir. Həmişə adamlar burda çox olur, amma bu dəfə nə isə adam azdı. Xidmətçi oğlan məni tanıyıb çöldə stol düzəldir. Qəşəng pürrəngi çay dəmləyib stolun üstünə qoyur, amma nəvəm çay içmək istəmir. Ona görə də xidmətçidən dondurma gətirməsini xahiş edirəm. Tunar dondurmanı gözünə elə təpir ki, sanki birinci dəfədir ki, dondurma yeyir. Sonra da deyir ki, bəs anama, bacıma da dondurma al. Onların da hər birinə dondurma alıb kənara qoyuruq.
Bu vaxtı İnternet klubu işlədən səmimi oğlan dillənir:
- Müəllim, bəlkə içəri keçəsiniz, çünki "Qalatasaray"la "Fənərbağça" kubok uğrunda futbol oynayırlar. Mən də bilirəm ki, futbola marağınız var.
Ancaq içəri keçmirik, hər iki qapını açıb kənardan televizorda həmin matçı izləyirik. Birinci hissə başa çatır, saat 1-ə işləyir. Oğlandan soruşuram ki, bəlkə bizə görə ləngiyirsən? Xidmətçi də deyir ki, müəllim, mənim özüm də futbol xəstəsiyəm, əvvəllər İnternet klub futbol zamanı dolu olardı, amma indi heç kim yoxdu: bir sizsiniz, bir də mən. Futbol başa çatır, "Qalatasaray" "Fənərbağça"ya qalib gəlir və kuboku qazanır. Görürəm ki, xidmətçi oğlanın da kefi kökdü, sən demə o, "Qalatasaray"a "balet" eləyirmiş.
Horadizin gecələri gündüzündən də gözəl olur. Heydər parkında, Bayraq Meydanında qırmızı, yaşıl, sarı işıqlar bərq vurur. Saat 2-yə işləsə də küçədə ictimai asayişi qoruyan post-patrul xidməti maşınları gözə dəyir. Gecələr "yatmayan" şəhərin qeyri-adi bir görünüşü var. Sərin meh əsir, insanlar çox rahatdı və güllə səsi də gəlmir. Lələtəpə işğaldan azad olunandan sonra gecələr "yatmayan" şəhər daha rahat günlərini yaşayır. Sabah isə səhər açılacaq yolları, küçələri təmizləyəcəklər, su maşınları isə yaşıllıqları, ağacları suvaracaq. Səhər açılanda insanlar yeni bir yaz səhəri yaşayacaqlar...

TƏQVİM / ARXİV