adalet.az header logo
  • Bakı 12°C
02 Iyun 2016 16:30
144739
RUBRİKA
A- A+

Sirli ədəbiyyat: Bir dilin möcüzəsi

Dünya dilləri çətinliyinə, asanlığına, qədimiliyinə, sürətliliyinə, zərifliyinə və b. cəhətlərinə görə səciyyələnir. Dil, ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan sistem hesab olunur. İnsanlar bir-birləri ilə ünsiyyət yaratmaq, yazmaq, oxumaq üçün dildən istifadə edirlər. Amma dil, eyni zamanda onu yaradıb, istifadə edən insanın orqanizminə də xidmət edir. Bu xidmət müsbət və mənfi yönümlü ola bilər. Yəni dillərin rahat və çətinliyinə görə ondan daimi istifadə edən xalqlarda müəyyən fiziki dəyişiklər formalaşa bilər. Ona görə də "Sirli ədəbiyyat"da bu dəfə dillərin, konkret olaraq bir möcüzəvi dilin dərinliklərinə baş vuracağıq. 

Yuxarıda qeyd etdiyim dilin orqanizmdə müəyyən fiziki dəyişiklər formalaşdırmasına nümunə gətirək ki, daha anlaşılsın. Məsələn: fransız dili dünyanın ən gözəl və axıcı dillərindən hesab olunur, əksər sevgi nəğmələri bu dildə yazılmış şeirlərə bəstələnir, melodramalar fransızdilli ssenarilər əsasında çəkilir. Amma bu dilin tam bir xəstəlik saçdığını bilirdinizmi? Bildiyiniz kimi fransız dilində "r” səsinin "ğ”laşması var. İndi gəlin qri (boz) sözünü "qği” edək və bunu 10 dəfə təkrarlayaq. Daha sonra kristian (xristian), orevuar (görüşənədək, sağ ol) sözündə "r”ları "ğ”laşdıraq və bunu da dəfələrlə təkrarlayaq. Çox yox, yarım saatdan sonra ağız və boyun nahiyənizdə kəskin ağrılar yaranacaq, dodaqlarınız çatlayacaq, bogaz əzələləriniz gərginlikdən ağrıyacaq. Belə vəziyyətdə, üstünə də soyuq su içsəniz, vəssalam: Allah şəfa versin! Ona görə də, əsl fransız dili mütəxəssisləri, bu dili yeni öyrənənlərə başlanğıc səviyyədə "r” səslərini olduğu kimi saxlamağı tövsiyə edirlər. Yaxud: ingilis və ərəb dillərində dil-diş arası "z” səsi var. Ərəbcə öyrənənləri dəqiq bilmirəm, ancaq ingiliscə öyrənənlər bu səsi elə sadə "z” kimi səsləndirirlər, əcəb də edirlər. Hər hansı bir dili öyrənərkən, sağlamlıqlarından keçməyəcəklər ki! Çünki bu dil-diş arası "z” səsi də danışana az dərd yaratmır. Hər kəsin dişləri inci kimi sıralanmayıb, iri, aralı, iti dişli olan insanlar da var. Təsəvvür edin, hər dəfə bu "z”nı səsləndirəndə dil ucu diş arasına ilişə, insan öz dilini tez-tez dişləyə bilər. Bundan yayınmağı bacarsa da, daimi diş arasına girən dil ucluğunda keyimə yaranır. Dadbilmə duyğularının bəziləri dil ucunda yerləşdiyi üçün keyləşmiş, həssaslığını itirmiş dil dadbilməni zəif hiss edəcək ki, bu da düzgün qidalanmaya fəsad yarada bilər. Portuqal, italyan və ispanların danışarkən niyə əl-qolunu oynatdığı, emosional olduğunu düşünmüsünüzmü? Beyninizə əziyyət verməyin, mən deyim: bu dillər həddən artıq sürətlidir. Sürətli danışmaq üçün tez-tez nəfəs almaq lazımdır, ağciyər, eləcə də bir-biri ilə vəhdət təşkil edən orqanizm "gücləndirilmiş iş rejiminə” keçir. Daxili orqanların sürətli fəaliyyəti qanı da sürətlənir və beləliklə coşqun qanın yaratdığı yüksək emosionallıq qaçılmaz olur. Burda sual yarana bilər: bəs tarixi az qala, dünyanın özü qədər olan bu dillərin daşıyıcıları necə indiyədək belə fəsadlardan əziyyət çəkməyiblər? Suala yenə misalla cavab verim: hindlilər və afrikalılar, elə qonşu gürcü və türklərin mətbəxi yüksək acılı təamlarla seçilir. Bu xalqların yediyi yeməyi biz yesək, çoxdan içalatımızı kabab eləmişdik, ona görə də onların mətbəxini ölkəmizdə sifariş edəndə, fərqindəsinizsə, "acısız olsun” və ya "orta acılı, lütfən” deyə ağız dadımıza uyğunlaşdırırıq. Yəni bu xalqlar acı dadla dünən tanış olmayıblar, ta qədimdən belə qidalanıblar, ona görə də nəinki daxili orqanları, genləri də acını qəbul edib. Bizsə, sonradan daddığımız üçün uyğunlaşa bilmirik, orqanizmimiz qəbul etmir. Dil də həmçinin, "gərgin dil”lərin daşıyıcıları əsrlərdir bu dillərdə danışırlar. Gen yaddaşına köçdüyü üçün orqanizm özü-özünü tənzimləyir. Amma bu dilləri sonradan öyrənənlər üçün bir müddət problemlər yaranır. Ən maraqlısı odur ki, yuxarıda adlarını qeyd etdiyim dillər dünyanın 7 beynəlxalq dilləri arasındadır. Ola bilsin ki, bu dilləri gözəl səslənişinə görə seçiblər, təbii ki o dillərin ölkələrinin gücü də az rol oynamayıb. 

Dilin fəsadlarından danışdıq, indi də keçək xeyrinə. Əvvəlcə onu qeyd edim ki, Azərbaycan və rus dillərinin daşıyıcıları sevincək ola bilərlər. Bu iki dil dünyanın ən xeyirli dillərindən sayıla bilər, çünki özündə ağız boşluğunu, tənəffüs yollarını əziyyətə salan hərf və səslər daşımır. Amma insan orqanizminin xeyrinə olan bu dillərdən daha öndə olanı var ki, o da Sanskrit dilidir. Yəni dünyanın ən çətin dili! Bu dili qismən öyrənmək insanın 5 ilini alır, onu tam olaraq əcnəbilər öyrənə bilmir, bunun üçün mütləq Hindistanın sanskrit dilində danışan ərazilərində minimum 3-4 il yaşamalısan. Əmma... çəkilən əziyyətlər də boşa getmir – orqanizm məhz bu dil sayəsində yeni doğulmuş kimi saflaşır, daxili orqanların problemləri tədricən həll olunur. Dünya dilləri arasında ən çox hərf və söz ehtiyatına sahib olan bu dil həyatın hər sahəsində (ədəbiyyat, xüsusən poeziya, iqtisadiyyat, texnika, hüquq və s.) yararlıdır. Ən əsası, bu dildə davamlı danışmaq əqli fəaliyyəti sürətləndirir, zehni daha aydın edir, bir növ beyni məşq etdirir. Bu dili öyrənənlər riyaziyyatı, məntiq və fəlsəfəni daha yaxşı qavrayırlar. Sanskrit dilinin fonetikası bədənin enerji nöqtələri ilə birləşir, ona görə də bu dildə oxumaq, danışmaq həmin nöqtələrin fəaliyyətini tənzimləyir. Nəticədə orqanizm fiziki və psixoloji xəstəliklərə qarşı müqavumətini artırır, insanı stressdən, mənfi emosiyalardan arındırır. Üstəlik, sanskrit yeganə dildir ki, dil ucluğunun bütün sinir nöqtələrini hərəkət etdirir. Bu dildə təkcə bir neçə cümləni davamlı işlətmək, qanın damarda fəaliyyətini düzəldir, kirəclənmənin, keyimənin qarşısını alır. Bu göstəriciləri nəzərə alıb həmişəayıq avropalılar böyüyən nəslin daha sağlam yetişməsi üçün artıq məktəb və universitetlərinin proqramına sanskrit dili dərslərini salıblar. Gənc nəsil dili tam öyrənə bilməsə də həftədə bir neçə dəfə sanskritcə danışıb-oxusa, yenə faydalı hesab olunur.

Hazırda bu dil Hindistanın Uttarakhand ştatının rəsmi dilidir. Bundan başqa, Uttara Pradeş, Racastan, Karnatake, Orisse əyalətlərində də sanskritcə danışılır. Hətta 1970-ci ildən bəri "Sudxarma” adlı qəzetləri də mövcuddur. Dünyada 30 milyon sanskrit mətnlər var ki, bunun 7 milyonu Hindistandadır. Yəni bu dildə olan mətnlər antik Yunan və Roma mətnlərinin birgə sayından da çoxdur.   

Amma bu dilin möcüzələri bununla bitmir: sanskrit əsrlər, minilliklər öncə yaradılmış kompyüter dilidir. Hə, hə səhv oxumadınız – məhz kompyüter dili! Məsələ burasındadır ki, sanskrit hərflərinin hər biri bir rəqəm daşıyır. Bir cümlənin hərfləri toplanaraq rəqəm alınır, özündə şifrə daşıyan həmin rəqəm çözüldükdə, bəşəriyyətin xeyrinə olan sirrlər açılır. Xüsusən də, texniki sahəyə və kosmosa aid məqamları aşkara çıxarır. Sanskrit şifrələrinin tam açılması "Mahabharata” və "Ramayana” dastanlarını da aydınlaşdırır ki, bu əsərlərin sadəcə ədəbi-bədii zövq üçün deyil, müxtəlif elmələrin sirlərini də özündə daşıdığını bir daha təsdiqləyir. Başqa sözlə, nağıllar və dastanlar əslində keçmişi deyil, gələcəyi əks etdirir.

Hazırda Rusiya Dövlət Universitetində və NASA-da bu dilin şifrələri araşdırılır. Almaniya, Fransa və ABŞ sanskrit işarələrindən ibarət kompyüter proqramı yaradırlar, 2021-ci ildən etibarən tətbiqinə başlanılacaq. İlkin olara "göndərmə”,  "qəbuletmə”, "irəli”, "geri” işarələri sanskritcə olacaq. 2030-cu ildən sonra dünyanın beynəlxalq dilinin sanskrit olması gözlənilir. BMT artıq sanskrit dilini "Bütün dillərin anası” adlandırıb. Dilçilər bildirirlər ki, bu dili öyrənən insan digər dilləri də rahatlıqla mənimsəyir.

Yeri gəlmişkən, sanskrit dünya üzrə minlərlə yaşı olan yeganə diri dildir. Hələ ondan başqa heç bir dil bu qədər yaşaya bilməyib. Onun kimi qədimi dillərin əksəriyyəti ölüb, amma insanların xeyrinə olan sanskritin özünə də uzunömürlülük nəsib olub.   

Şəfiqə ŞƏFA