adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 May 2016 15:51
13443
MARAQLI
A- A+

Sərvəti talan olunmuş səhra

Dünyanın bir çox yerlərində kabus şəhərlər mövcuddur. Onlardan bəziləri atom partlayışından sonra tərk edilib, bəziləri kəskin iqlim dəyişikliyi, su çatışmazlığı və s. səbəblərdən sakinsiz qalıblar. Amma Afrikanın Kolmanskop şəhərinin isə dərdi başqadır. Bir vaxtlar təkcə afrikalıları deyil, az qala bütün dünyanı brilyantla təmin edən bu şəhər təbii sərvəti bitdikdən sonra heç kimə lazım olmayıb.

Şəhər Namibiyanın cənubunda, səhranın düz ortasında yerləşir. Hər şey onunla başladı ki, 1908-ci ildə bu səhralıqdan keçən Zəkəriyyə Leval adlı bir yolçu qumluğun arasından parlaq bir daş tapır. Hiss edir ki, bu adi daş deyil. Mənzil başına çatan kimi onu dəmiryolu idarəsinin rəisinə göstərir. Elə bununla da dünyanın daha bir "qızdırması” başlayır. Tapılan daş ən təmiz brilyantlardan olduğundan Avropanın marıta durmuş işbazları Afrikanın bu səhralığına tökülüşürlər. Tezliklə burada həyat qaynayır. Hər gələn avropalı özü üçün qərargah tikir. İndiyədək dəbdəbəli həyat görməyən Afrika öz qoynunda "kiçik Avropa” yetişdirir. Artıq 10 ildən sonra varlanmış gəlmələr burda öz rahatlıqları üçün qəşəng binalar, məktəb, hətta xəstəxana açdırırlar. Məhz Hitler ordusunu da Namibiya brilyantıları ən güclü edə bilir. Çünki ən çox brilyant zavodları almanlara məxsus idi. Deyilənə görə, o vaxt ilk rentgen aparatlarından biri də məhz bu səhra şəhərdə yerləşirmiş. Amma insanları müalicə etmək üçün yox, brilyantları oğurlamaq üçün onu udan, ağlagəlməz yerlərində gizlədən fəhlələri rentgenlə ifşa etmək üçün.

Ta ki 1954-cü ilə qədər səhranın bağrı yarıldı. Həmin ildən sonra təbii sərvətlər tükəndiyindən, şəhər gəlmələrdən boşaldı. Bütün dəbdəbəli evlər yerli afrikalılara qaldı. Amma afrikalılar təkbaşına bacarmadılar, yenə aclıq, susuzluq onları pərən-pərən saldı və nəticədə o avropasayağı şəhər 70 ildən artıqdır ki, səhrada kimsəsiz qalıb. Getdikcə xarabalığa çevrilən şəhərin evlərində indi səhra qumları "yaşayır”.