adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2016 13:17
6487
MƏMLƏKƏT
A- A+

Həyat donduran “dondurmalar” - ARAŞDIRMA

İstilərin vaxtından əvvəl gəlməsi dondurma çərəzlərinin bazara zamanından tez ayaq açması ilə nəticələnib. Artıq piştaxtalarda müxtəlif şirkətlərin istehsalı olan dondurmaya rast gəlmək olar. Qiymətlər isə.... 

Adalet.az dondurma bazarında baş verənlərlə bağlı kiçik araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, sözügedən məhsulun necə təhlükələrə yol açacağı ilə bağlı vətəndaşlarda kifayət qədər məlumat yoxdur.

"Ucuz dondurma” bazarda at oynadır

"Neftçilər” metrosu yaxınlığında dondurma satan Saqi Nağıyevdən aldığımız məlumata görə, ucuz dondurmalara maraq daha çoxdur: "Satdığımız dondurmalar daha çox Türkiyə, Rusiya və Azərbaycan istehsalıdır. Azərbaycana məxsus olan dondurmalarda ”İceland" üstünlük təşkil edir. Onun keyfiyyətinə zəmanət verilir, sertifikatla satılır. Türkiyə istehsalı olan dondurmalar arasında ən çox "Cornetto” və "Magnum” satılır. Onlar baha olsa da alıcıları az deyil, əsasən 2-3 manata satılır. Ən çox satılan dondurma "Plan-1"dir, çünki ən ucuzu odur, 20-40 qəpikdir”.

Almaniya, Rusiya, Türkiyədən gələn dondurmalar

"Ailə” marketin satıcısı isə deyir ki, daha çox Almaniya istehsalı olan dondurmalar satılır: "Bizə dondurmalar əsasən Almaniya, Rusiya və Türkiyədən gəlir. Azərbaycanın istehsalı olan mallar da var, amma daha az satılır. Yerli dondurmalar bazarda çox rast gəlinsə də, onların əksəriyyəti keyfiyyətsiz və tərkibində su qatqısının faiz dərəcəsinin çox olması ilə seçilir. Balaca dondurmalar 50 qəpikdir, baha olanları da var, qiymətlər 3 manata qədər qalxır. Ən çox satılan dondurmalar qabda olanlardır, baha olsa da yaxşı satılır. Qiymətlər 3-8 manat arasında dəyişir. Ən yaxşı dondurma Almaniya istehsalı olan "Nasch”dır".

Dondurma satıcısı Faiq deyir ki, alver keçən ilkinə nisbətən azalıb: "Alıcılar daha çox Rusiya, Azərbaycan və Türkiyə məhsullarını alır. Ən çox alınan dondurma ”Magnum", "CCCR”, "Plan-1"dir. Son zamanlar ”Palsüd"ə məxsus olanlar da çox satılır, amma bahadır. Alıcılar daha çox ucuz dondurmaları alır, ona görə də yerli mal daha çox satılır".

"Ramstore”dəki dondurmaların qiyməti isə digər mağazalara nisbətən daha yüksəkdir. Oradakı dondurmalar da daha çox Türkiyə, Rusiya və Azərbaycan istehsalıdır. Türkiyə dondurmaları 2 manatdan başlayır. Digər mağazalardakı 20-50 qəpiklik dondurmalara isə burada rast gəlinmir. Daha iri qablarda olan dondurmalar arasında "Cornetto” üstünlük təşkil edir. "Nestle” isə 6 manata satılır.

Ən güclü satış isə "McDonalds”dadır. Satıcılar deyir ki, burada satılan dondurmalar əsasən Ukrayna və Rusiyadan gəlir. Alıcılara iki qiymət təklif olunur. Balaca qablarda olan dondurmaların qiyməti 50 qəpik, daha iri qablardakılar isə 1 manat 20 qəpikdir.

Məsələ ilə bağlı paytaxt sakinləri ilə də söhbət apardıq. Orta məktəb müəlliməsi olan Şəfiqə Sarıyeva əvvəlki illərlə müqayisədə bu il daha keyfiyyətli və çeşidli məhsulların satışa çıxarıldığını söyləyir: "Sevindirici haldır ki, biz artıq mağzalardan ucuz qiymətə təkibində südün bol olduğu dondurmalar ala bilirik. Əvəvlki illərdə hətta 50-60 qəpiyə aldığımız məhsulun tərkibində su qatqısının çox olduğunu müşahidə etmək olardı, çünki bilmirdik ki, aldığımız həqiqətən dondurma çərəzidir, yoxsa donmuş su qalığı”.

Səfiqə xanımla razılaşmayan digər müsahibimiz tələbə Nazilə Mustafayeva açıq-aşkar bazara bahalı və keyfiyyətsiz dondurmaların buraxıldığının söyləyir: "İndi dondurma mövsümüdür, hər kəs yemək istəyir. Amma satılan dondurmalar yaxşı deyil, satışda olanların çoxu keçən ildən qalıb”.
Bakı sakini Rəfail Axundov yaxşı dondurma olmadığı üçün keyfiyyətsizləri almağa məcbur olduqlarını deyir: "Dondurma alanda çalışıram ki, ən yaxşısını alım. Ona görə də ən bahalısını alıram, amma digərlərindən heç bir fərqi yoxdu”.

Bəs dondurma nə zaman zərərli ola bilər? Professor Adil Qeybullanın sözlərinə görə, dondurmaların istehsalında konkret tələblər qoyulur, bu tələbləri gözləmək lazımdır: "O tələblərdən biri də südün qaynadılmasıdır. Dondurma çiy süddən hazırlanırsa, müxtəlif xəstəliklər yarana bilər. El arasında ”mal qızdırması" deyilən xəstəlik südün tərkibindəki xəstəliklərdən də yarana bilər. Bu mikroblar yalnız süd qaynayanda ölür, donma mikrobları öldürmür. Ona görə də dondurmadan xəstəliklərə yoluxma halları az deyil. Burada südün keyfiyyəti də önəmlidir. Dondurmaların müxtəlif rəngdə olması üçün onlara qida əlavələri də qatılır. O əlavələr orqanizmə təsirsiz ötüşmür, onların həddən çox olması mədə-bağırsaq və ürək üçün fəsadlar törədə, hətta xərçəng də yara bilər. Bu baxımdan çox dondurma yemək məqsədəuyğun deyil. Dondurma yeyən zaman isti qidalardan istifadə dişin mina qatını zədələyə bilər. Hazırda satışda olan çox ucuz və keyfiyyətsiz dondurmalar orqanizm üçün zərərlidir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, dondurmalar bir süd məhsulu olaraq təhlükəli məhsullar sırasına daxildir: "Yay ayında ən ciddi gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir. Nəzərə alaq ki, dondurmalardan əsasən uşaqlar istifadə edir. Bununla bağlı əməkdaşlarımız paytaxt və regionlarda müəyyən treninqlər keçirdib. Treninqlərin nəticəsində biz ölkədə yalnız bir dondurma istehsalçısına qida təhlükəsizliyi nişanı təqdim etdik. Nəzərə alsaq ki, ölkədə 50-dən çox dondurma istehsal ilə məşğul olan şirkət mövcuddur, onda real durum göz önünə gələ bilər. Hər il dondurma mövsümündə bizim təşkilata çoxlu sayda şikayət daxil olur. Düşünürəm ki, yerli dondurma istehsalçıları standartlara cavab verən məhsul hazırlasalar, onda xaricdən gətirilən dondurmaları tam məhdudlaşdırmaq olar. Amma bütün bunlarla eyni zamanda ölkədə inhisarçılıq aradan qaldırılsa, ciddi rəqabətli mühüt yarana bilər. Bu da məhsulların qiymətinin kifayət qədər ucuz və keyfiyyətli olmasına səbəb olar".

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma alarkən diqqət edilməli olan məqamlar haqqında məlumat verib. İstehlakçı hüququnun qorunması üçün dondurma alarkən etiketə diqqət yetirmək lazımdır. Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, turşumuş, qıcqırmış, kif iyi və tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur.

Unutmayın ki, sağlamlığınız öz əlinizdədir. Dondurma alarkən onun hansı şəraitdə saxlandığına, məhsulda yuxarıda qeyd olunan keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinə fikir verin.

Rüfət SOLTAN