adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 May 2016 10:05
41887
ƏDƏBİYYAT
A- A+

Söz haqqında söz

Sözün işığı görünmür, duyulur, hiss edilir. Onu ürəyinin gözüylə baxanlar görür. Sözü SÖZün kölgəsində nəfəs dərənlərin bəsirət gözü torlaşdığından bu ilahi işığı görə bilməz...
Sözü üzərlik bilən də var, sözün gözünə kül üfürən də. Sözün gözünə kül üfürənlərin yoluna düşən işığın adı nədi? Nədirsə, o işıq söz işığı, sözün işığı deyil. Spektrləri olmayan o işıq bəsit işiqdı, künə işıqdı. Gözküsdürən işıqdı. Söz bəsitliyin, künəliyin cığırdaşı olmayıb, göylər yerə ələnsə də, yerlər göyə dikəlsə də olmayacaq. Bir mütəfəkkirin bir kəlamı unu-dulan deyil: "İlahi, məni sözü anlamayanların sözündən qoru". Bu kəlam sözü ömür bilənlərin ümumi duasıdı...
Xozuroğlu Hümbət elin xeyir-şərinə yaramayana say artıran deyərdi. Sözün şəhd-şəkərini duymayanlar, sözün işığını görə bilməyənlər, sözü sabahlara körpü bilənlər, sözün odunun-közünün hərarətini bürkü bilənlər say artıran deyil, bəs nədi?! Söz dünyasının say artıranları göy üzünə yayılan buludu kirpiyiylə siləmməz, yağan yağışı ovucuna yığammaz, yağışdan sonra göyqurşağını necə var eləcə görəmməz, göyümüzün qurşağının ləçəklərini duyğusuna, duyumuna hörə bilməz...
Sözü nazbalınc bilənlər də var, ürəyini, duyumunu sözə nazbalınc eləyənlər də. Sözə bac verənlər də var, sözdən bac alanlar da. Sözdən güc alanlar da var, sözün gücünü alanlar da. Sözün tozunu silənlər də var, sözü tozda boğanlar da. Sözü nərdivan eləyənlər də var, sözə nərdivan olanlar da...
Zamanında qılınc çalan çox oldu, qılınc çalıb qələm tutan az. Qılıncıyla yazılasını qılıncıyla yazan, qələmlə yazılasını qələmlə yazan Qazi Bürhanəddin oldu, Xətai oldu...
Xətaimiz düşür yadıma. "Çiy loxma çeynəyənlər (oxu: çiy söz danışanlar - R.F.) gec-tez dişini (oxu: nüfuzunu - R.F.) itirir...
Sözdə bağayarpağılıq da var. Say artıranlar sözün bağayarpağılığını nədən duymur, niyə duymur görəsən? Duyumu üyüşübmü?
Sözün qədrini bilənlər də var, sözə qədər olanlar da.
Sözü çürüklər SÖZü çürütməzmi? - Həsən bəy Zərdabini xatırlayıram: "...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz..."...
Doğru sözü günüləyən də var, küt sözüylə doğru sözü künd eləyən də. Doğru sözü bölənlər də var, ayə bilənlər də...
...Yüzlərlə Məhəmmədlər qələm götürdü, kağızlar qaraladı, Füzuli olammadı - sözə ehya vernədi (verəmmədi), sözdən ehya umdu...
Yüzlərlə Ömərlər sözü söz yanına düzdü, Ömər Faiq olmağa qüdrəti çatmadı... Yüzlərlə, minlərlə Mirzələr, Cəlillər poçt qutularına yüzlərlə, minlərlə məktub atdı, "Poçt qutusu"nun mətləbini dərk edəmmədi...
Sözün yükünü çəkməyə gücü çatmayıb sözə yük olanlar sözün cəfasını çəkmir, sözün səfasına həvəsiyir...
Sözün nə olduğunu öyrənməliykən söz öyrətməyə meyillənənlər də var, öyrənməyin (oxu: mütaliənin - R.F.) təşnəsi olanlar da. Yolun daşını atanlar da var, sözün yükünü çə-kənlərin yoluna daş atanlar da, daş ata-ata baş qatanlar da...
Sözü pərsəngsizləşdirənlər də var, sözə pərsəng olanlar da...
...Sözünü SÖZün kölgəsindən çıxartmaqla say artıranların sırasını seyrəldənlər də - sözünü urvatlı tutanlar da var, sözün urvatına pərsəng olanlar da. Füzulimizin "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz" - kəlamını uğuruna salavat bilənlər də var, sözün salavatından sallananlar da...
Ömrünü sözə verənlər sözə ömür verir...Sözə ömür verənləri Allaha bir köynək yaxın hesab edirəm...