YAZIÇI HAQQINDA ROMAN

VAQİF YUSİFLİ
49959 | 2016-05-28 09:00
Onu doğulduğu, boya-başa çatdığı Şabranda hamı tanıyır, tanımayanlar varsa, onlar hələ bu gözəl dünyaya göz açmayanlardır. Aydın Tağıyev - bu altmış dörd yaşlı Şabran sakini, gözəl ziyalı, Azərbaycanda kifayət qədər yaxşı tanınan yazıçı mənim dostumdur və qırx ildir ki, bu dostluq heç bir sapıntıya uğramadan üzü gələcəyə doğru baş alır. Onu bir insan kimi də, bir yazıçı kimi də çox sevirəm və bizim nəinki mənəvi yaxınlığımız, hətta fiziki cüssəmiz də bir-birinə uyğundu. Amma o balaca, arıq cüssəsiylə Aydın Tağıyev ərazicə o qədər də böyük olmayan Şabranın ən tanınan adamlarından biridir. Mən vaxtilə, dörd il öncə, "Görünən adam-Aydın Tağıyev" adlı bir yazı yazmışdım və istəyirəm ki, Novruz Nəcəfoğlunun Aydına həsr etdiyi "Nağıl adam" bioqrafiq romanından söz açmamışdan öncə həmin məqalədən bu sətirləri oxucuların nəzərinə çatdırım: "Aydın Tağıyev istedadlı bir nasirdir və o arıq, cüssəsiz görkəmi onun görünən tərəfidir. Görünməyən tərəf Azərbaycan ədəbi mühitində görünür. Aydın Tağıyev bu gün müasir nəsrimizin müxtəlif ədəbi nəsilləri arasında o balaca boyu, cüssəsi ilə seçilir, fərqlənir. Baxmayaraq ki, ədəbi mühitin mərkəzindən uzaqda yaşayır, baxmayaraq ki, hər dəfə təzə hekayələrini portfelinə qoyub Bakıya gəlib-getmək əziyyətinə qatlaşır - amma Bakıda heç kəs Aydına əyalət adamı kimi baxmır. Aydın kiçik şəhərin yetirdiyi, amma bu şəhərin üfüqlərinə sığmayan, daha geniş üfüqlərə uçmaq həvəsində olan bir quşa oxşayır. Əlbəttə, o quşun uçmaq həvəsi bəlkə də o quşun uça bilmək gücü ilə bir az tərs mütənasibdir, ancaq "Şabran-Bakı" səmasına yetər. Amma o quş illər keçdikcə uçmaqdan yorulmur, bax, buna görə burada bir fədakar sözü məqamına düşür. Aydın Tağıyev çox vəfalı, sədaqətli adamdır. Bu vəfa və sədaqət hissi onu həyatda insan kimi dəyişməz və sabit saxlayıb. Ancaq mən bu dəyişməzliyi və sədaqət duyğusunu onun yaradıcılığında axtarıram".
O yazıda mən Aydın Tağıyevin, nəsrimizdə hekayə janrının bir sıra gözəl nümunələrini yaratmış yazılarından səmimiyyətlə söz açmışdım. Ancaq sən demə, illər boyu özümə dost sandığım bu yazıçının-bu "nağıl adam"ın şəxsən mənə məlum olmayan və qəribəliklərlə dolu həyatı varmış. Bu gün əksər Azərbaycan yazıçılarının şəxsi həyatı belə qəribəliklərlə, maraqlı hadisələrlə doludur və yazıçılarımız niyə özlərinin və dostlarının ömür yolunu povestlərə, romanlara çevirmirlər? Sabir Əhmədlinin "Yazılmayan yazı", Vidadi Babanlının "Gizlinlər" və Seyran Səxavətin "Qaçaqaç" əsərlərindən başqa daha nələr oxumuşuq? Və bu sıraya Novruz müəllimin "Nağıl adam"nı da daxil edirəm.
Novruz Nəcəfoğlu son illərdə bir sıra maraqlı hekayələr, povestlər qələmə alıb və bu yazıçının əsərləri əsasən retro xarakterli olur, keçmişin unudulmayan hadisələri, xatirələrdə yaşayan insanlar onun nəsr əsərlərində şirin bir təhkiyə, nağılvari tonda oxucuya çatdırılır. Baxın: "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", "Çarəsiz yolçu", "Keçən cavan çağım ola", "Atüstü bir nağıl", "Bir mən oyaqdım"g bu adlar da ötən günlərdən xəbər verir. Almaniya və Yaponiya səfərindən aldığı təəssüratları da Novruz müəllim ayrıca iki kitabda əks etdirib. Və bu səfər təəssüratları da elə ötən günlərin yaşanılan duyğularıdır. Elə "Nağıl adam"ın qəhrəmanı Aydın Tağıyev də bizə daha çox ötən illərin, ayların hadisələri, olayları müstəvisində görünür. Amma bir fərq nəzərə çarpır ki, Aydın Tağıyev "nağılı" hələ bitməyib.
"Nağıl adam"ın janrı haqqında kitabın redaktoru və ön sözün müəllifi Seyfəddin Hüseynlinin mülahizələri ilə şərikəm, doğrudan da, romanda "gerçək simaların portretləri cızılır", "əsərdə sənədlərə yazılar, məktublar halında geniş yer verilir", "Nağıl adam"ın məzmunu bütünlüklə xatirat elementlərindən-yaddaş lövhələrindəngibarətdir" və təbii ki, əsər bioqrafik romandır, daha dəqiq, "bioqrafiyalar toplusudur".Bioqrafik romanda başlıca məqsəd əsərin qəhrəmanının tərcümeyi-halı, keçdiyi ömür yolu haqqında müəyyən bilgilər verməkdir, amma bu, qarşıya qoyulan məqsədin ancaq zahiri, daha çox texniki tərəfidir. İnsan ömrü sırf tərcümeyi-hal şkalasına sığışa bilməz. İnsan ömrü başqaları ilə münasibətdə formalaşır, həyatın, gerçəkliyin hadisələri içərisində yetkinləşir. Onun xarakteri, insani keyfiyyətləri, bir insan kimi yaşadığı hisslər, duyğular da bu konteksdə üzə çıxır. Aydın Tağıyev ziyalıdır, müəllimdir, yazıçıdır, həyatın, insanların, öz mühitinin və cəmiyyətin əhatəsindədir, onun bu səviyyəyə gəlib çatması, Şabrandan Bakıya, Bakıdan da bu məmləkətin müəyyən bucaqlarına (daha çox ədəbi auditoriyasına) yetməsi heç də təəccüblü deyil. Onun araya-ərsəyə gətirdiyi ədəbi əsərləri çoxdandı bizim oxucuları cəlb etməkdədir. Amma əsas budur ki, Aydının özü maraqlı, orijinal bir yazıçı olmaqla yanaşı, həm də maraqlı insandır və Novruz Nəcəfoğlunu da Aydına məhəbbətinin özülünü bu nöqtədə axtarmaq lazımdır. Oxuculara məlum olsun ki, Novruz müəllim Şabran rayon icra hakimiyyətinin başçısıdır və bunun özü də maraqlıdır ki, işi-gücü başından aşan rayon rəhbəri bir yazıçı ilə dostluq edir, ona vaxt ayırır və bu dostluq münasibətlərindən "Nağıl adam" yaranır. İnsanlar arasında həqiqi dostluq sevgi kimidir, gərək iki insanın baxışları, həyata münasibətləri bir nöqtəyə, bir səmtə tuşlansın ki, onların arasında belə bir səmimi dostluq yaransın. Məncə, çox sadə bir insan olan Novruz müəllimlə Aydının dostluğunu da elə bu anlaşma ilə izah etmək olar. Ümumiyyətlə, bu bioqrafik romanda bir əsas xətt əsər boyu davam edir - bu da DOSTLUQ xəttidir. Aydının bu dünyada bəlkə heç düşməni yoxdu, amma dostlarının sayı-hesabı bilinmir. Sadə insanlardan tutmuş Xalq yazıçılarına, adi fəhlədən tutmuş idarə rəislərinə, müəllim həmkarından tutmuş tutmuş icra başçısına qədər o qədər dostu var kig Məsələ burasındadır ki, bu adamın içində heç bir kin-küdurət, paxıllıq hissi yoxdu və harada, hansı şəraitdə olursa-olsun, adamlarla dil tapmağı, çox keçmədən onların ürəyinə girmək, dostluq etmək, dərdinə aşina olmaq hissi çox güclüdür. İnstitutu bitirəndən sonra o, təyinatla Lerikin ucqar bir kəndinə müəllim işləməyə gedir, orada cəmi üç ay müəllimlik edir, amma bu üç ay ərzində -Lerikin Andurma kəndində çox etibarlı dostlar qazanır-onlardan -evində qonaq qaldığı Abdulhüseyn müəllim, eynən adı və familyası ilə "ortaq" olan Aydın Tağıyev üç aylıq Lerik "səfəri"nin əbədi yol yoldaşına çevrilirlər. İki Aydın Tağıyev arasında mənzum məktublaşmalar isə doğrudan da, bu dünyada təkcə adların, soyadların deyil, talelərin də bir-birinə doğmalığından xəbər verir. Aydının dostları çoxdu və mən də bunun şahidi olmuşam ki, o, tez-tez bizim gözəl şairimiz, mərhum Ələkbər Salahzadənin yanına gəlirdi. Aydın idi, Ələkbər idi, Nizami Əlioğlu idi, Tofiq Mahmudov idi (arabir mən də) otururduq bir stolun ətrafında, "alman" hesabı ilə birimiz gedib araq, kolbasa, balıq konservi, turşu alıb gətirirdik (əlbəttə, iş günü qurtarandan sonra) vəg bir-iki saat bu dünyanın qəm-qüssəsindən uzaqlaşırdıq. Novruz müəllimin xatırlatdığı kimi: "Görkəmli yazıçımız Seyran Səxavətin sözüdür: "Bütün qələm əhli bir-biri iləı qan qohumudur". Aydın doğrudan da, "hal əhlidir", amma 64 yaşına qədər onun "hal əhli" olmağından heç kimə bir zərər toxunmayıb. Aydının sadə insanlarla dostluğu öz yerində, amma yazıçı mühitində elə dostları var ki, onların yolu Şabrana düşəndə heç öz qohumlarını ya da işi düşdükləri səlahiyyətli vəzifə sahiblərini axtarmamışdan öncə, birinci Aydını axtarırlar (bu haqda Novruz müəllim xeyli misallar gətirir). Səyavuş Məmmədzadə, Mövlud Süleymanlı, İntiqam Qasımzadə, Elçin Hüseynbəyli, Nəriman Əbdülrəhmanlı, Sadıq Elcanlıg daha kimlər. Onlardan biri-Xalq yazıçısı Mövlud Süleymanlı görün, nə yazır: "Aydın adından çox aydın olan adamdı: tikəsinin düşmənidi, yəni, nəyi var, cibində deyil, ovcunun içində açıqdı. Özünü tanıtmağa heç vaxt tələsməz, gecikər həmişə, onu həmişə sonra görərlər, mütləq görərlər və bir daha unutmazlar". Mən burada Ələkbər Salahzadənin Aydına həsr elədiyi şeirindən bu misraları yazıma qatmaya bilmirəm:
Adı Aydın,
Sözü bəlli,
yolda-rizdə
izi bəlli.
Ürəyi gen,
əliaçıq,
yola çıxsan,
arxayın çıx.
Bu bölgənin
sinonimi.
Gülər üzü
qəm qənimi.
Əyrisi yox,
düzü Aydın.
Ayrısı yox,
özü Aydın.
"Nağıl adam"da ilk epizodlar yazıçı dostumuzun necə həssas, duyğusal bir insan olması ilə başlayır: "Dedikcə həssas olan Aydın təbiətən çox duyğusal, kövrək adamdır. Kövrələndə lap körpə kimi məsumlaşır. İnanclı bir şəxs olan dostum hərdən-əlbəttə, yeri gələndə-tanrıya, müqəddəslərə, övliyalara sidq-ürəklə elə and içir ki, o zəqqum kimi acı "saf su" ilə gündə neçə yol öpüşən dodaqlarından sanki şərbət, bal tökülür".
Novruz müəllim nəql edir ki, Şabranda Gülşahnaz adlı bir qız vardı, ruhi xəstəydi. Onu hər gün neçə dəfə şəhərin baş küçəsi ilə aşağı-yuxarı yellənə-yellənə keçib gedən görərdik. Bəzən də şəhər parkında oğrun-oğrun gəzişərdi, amma ruhən xəstə olsa da, zahirən şux, nikbin idi, kimsəni narahat etməzdi. Və Gülşahnazın bu halı Aydına çox pis təsir eləyir. Günlərin birində Gülşahnazı kimsə maşınla vurur və Aydın sanki əziz bir adamını itirmiş kimi qəm-qüssəyə batır, ağlayır.
Aydın təsvir son dərəcə real, inandırıcı lövhələrlə diqqəti cəlb edən hekayələrində də onun həssaslığı ilə bağlı belə məqamlara az təsadüf etmirik.
Əlbəttə, Novruz Nəcəfoğlu Aydının o həssas ürəyi ilə yazıları arasında vəhdəti tez-tez nəzərə çarpdırır. Hiss olunur ki, müəllif Aydının insani keyfiyyətləri ilə yazıları arasında uçurumun, ziddiyyətin olmamasından hədsiz dərəcədə məmnundur. Təbii ki, burada gündəlik müşahidələrin də rolu böyükdür. Amma ilk növbədə, Aydının sadə həyat tərzinin şeiriyyəti ilə yazılarında nəzərə çarpan şeiriyyətin bir-birini necə tamamladığına heyrət edir. Oxuyuruq: "Aydının "Alma oğurlayan divlər" hekayəsində təsvir etdiyi bağbanın gəzib-dolaşdığı ağacları çağırdığı adlar elə orijinaldır ki, öz-özlüyümdə düşünürəm, bəlkə bundan sonra o ağacları elə beləcə - bu hekayədə sadalanan kimi çağıraq?! Yaşlı bağban ağacların arası ilə gəzib hər birinin yanında ayaq saxlayır, üzünü onlara tutub, qoz ağacına: "Sabahın xeyir, kənək qardaş", heyva ağacına: "Necəsən, sarı gəlin", budaqlarını oxşadığı nara: "Siz necəsiniz, güleyşə qızlar", - deyə-deyə keçir, sonra əncir ağacının altında dayanır. "Əyri-üyrü, gövdəsi boyu insan əlləri kimi qırış-qırış damarları çıxan" əncir ağacını o, nənəsinə oxşadıb: "Xoş gördük, ay nənə!", - deyir".
"Nağıl adam"da Aydın Tağıyevin bir insan və yazıçı kimi formalaşmasında mühüm rol oynayan insanlara daha çox yer ayrılır və burada elə insanlardan söz açılır ki, onlar yazıçının mühiti haqqında, dostluq elədiyi, ünsiyyətdə olduğu adamlar barədə aydın təsəvvür yaradır. Öyrənirik ki, Aydının ata babası Molla Əhəd Axund böyük bir din xadimi imiş. Atası Əhməd kişi kommunist olsa da, gizlində də olsa, namaz qılar, oruc tutar, gecələr xəlvətə çəkilib Quran oxuyarmış. Əhməd kişi müharibədə olmuş, ölüm, qan-qırğın görmüşdü. Yaşı səksəni adlayanda isə ağır xəstəliyə tutulur, 2005-ci ilin sentyabr ayında gözlərini əbədi yumur. İki oğlu, bir qızı, həyat yoldaşı və Aydın-sadə bir ziyalı və yazıçı ailəsi. Təbii ki, bu ailənin özünə görə çətinlikləri, maddi və mənəvi sıxıntıları da olub, amma indi - 64 yaşlı Ata, Ailənin başçısı, üç övlad və üç nəvə əhatəsində xoşbəxtliyin nə demək olduğunu gözəl bilir.
Novruz Nəcəfoğlu Aydın Tağıyevin Şabran (ümumən Quba və ətraf rayonlar) ədəbi mühitində mühüm rol oynadığını, "Şabran" ədəbi məclisində artıq sözügedən bir adam olduğunu da unutmur. Şabranda doğrudan da istedadlı yazarlar az deyil və onların səsi-sorağı Şabrandan məmləkətimizin hər yerində eşidilir. Məsələn, Aybəniz Əliyar istedadlı bir şairədir və onun ədəbi dərgilərimizdə dərc edilən yazıları göstərir ki, istedad üçün məkan anlayışının elə bir əhəmiyyəti yoxdur. Aybəniz haqqında ilk yazılardan birini də elə Aydın Tağıyev yazıb, ona xeyir-dua verib.
Bu yazıda mən Novruz müəllimin "Nağıl adam" bioqrafik romanından tam və geniş söz aça bilmədim, amma görünən kəndə nə bələdlik, o kitabda Aydın Tağıyev və onun insan-yazıçı-dost obrazı çox dolğun əks olunub və hər iki yazıçıya yaradıcılıq uğurları diləməklə bu yazıya nöqtə qoyuram...g

TƏQVİM / ARXİV