adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 May 2016 08:49
7882
ƏDƏBİYYAT
A- A+

POETIK TƏHLIL USTASI

(Əvvəli ötən sayımızda)
Mən televiziyada işləyəndə Yaşar müəllimlə tez-tez zəngləşirdik. Tez-tez işçilərimi onların tədbirlərini çəkməyə göndərirdim. Yaşar müəllim həmişə mənə deyirdi ki, ay Rafiq, gəl sənə bir doktorluq dissertasiyası mövzusu təsdiqləyək, yavaş-yavaş işlə. Açığını deyim ki, bu xeyirxah insan olmasaydı, mən çətin ki, doktorluq dissertasiyası yazaydım. Ona görə ki, mətbuatda işləyirdim və bu elmi dərəcəyə o qədər ehtiyacım da yox idi. 1997-ci ilin yanvarında "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunu mənə doktorluq işi kimi təsdiq elədilər. O vaxt Yaşar müəllim Ədəbiyyat İnstitutunun direktoru idi.
Yaşar müəllim məni elə həvəsləndirdi ki, bir il müddətində namizədlik dissertasiyamın bazasında doktorluq işinin ilk variantını yazdım və oxumaq üçün Yaşar müəllimə verdim. Aradan bir-iki həftə keçmişdi, bir gün Məhərrəm Qasımlı dedi ki, Rafiq, Yaşar müəllim sənin dissertasiyanı çox bəyənib. Yəqin ki, özü sənə deyəcək.
Yaşar müəllimlə görüşdüm, söhbətləşdik. Məni təbrik elədi, çox xoş sözlər söylədi. Dedi ki, əsərini çox diqqətlə oxumuşam. Hələ sənə bir məktub da yazmışam. Qovluğun içindədi, aparanda evdə oxuyarsan.
Yaşar müəllimin məktubu məni çox duyğulandırdı. Onun qayğısı, diqqəti, dəyərli məsləhətləri mənə işin təkmilləşdirilməsində, monoqrafiyanın çapında, doktorluq işimin müdafiəsində çox kömək elədi. Həmin məktub belə idi və onun əlyazmasını əziz bir dost xatirəsi kimi qoruyub saxlayıram.

"Əzizim Rafiq!
Monoqrafiyanı zövqlə, azalmayan maraqla oxudum. Xüsusən yaxın keçmişin böyük epik ənənəsinə verilən təhlil və qiymət metodoloji cəhətdən tarixi-elmi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, "sovet poeması" (klassik anlamda) fenomeninə elmdə, estetikada təməl daşı qoyanlar indi özləri öz xidmətlərinə balta vurmaqla məşğuldur, onda bu əhəmiyyətin dəyəri birə on da artır. Xüsusən, S.Vurğunun, R.Rzanın ən böyük poetik "mən" konsepsiya, proqram əsərlərinə həsr etdiyin səhifələri epik ənənədə "sovet şedevrləri"nə günümüzün ən yaxşı nəzəri-estetik "bəraət sənədləri" kimi qəbul etmək olar. Bu irs uğrunda mübarizədə iştirak etmək üçün əsərin çapını sürətləndirmək lazımdır.
Məncə, əsərdə əhatə olunan poemanın, əsasən sovet dövrü təcrübəsidir: "əsr" sözünü başlığa çıxarmamaq olar. Dolğun, axıra qədər həllini tapan isə toxunduğun problemlərdən yalnız ikisidir: "konflikt" və "xarakter". Digər fəsil adlarını da ixtisar edib, mündəricatda və strukturda yalnız bu ikisini saxlamağa ehtiyac var. Portret, peyzaj, detal, təsvir vasitələrig - hamısı səni ona görə maraqlandırır ki, məhz konflikt və xarakterin açılmasında onların rolu nədən ibarətdir. Eləcə də müstəqil parçalar təsiri bağışlayan və tarixiliklə, folklorla əlaqəyə həsr olunan bölmələri də əsas problemin şərhi üçün zəruri olan halda saxlayıb, həmin iki fəsildə qaynadıb-qarışdırmaq lazımdır. Indiki halda bir müəllifdən, hətta bir əsərdən bir neçə yerdə və bir neçə münasibətlə danışılır. Nəticədə həmin müəllif və əsər barədə yaranmalı olan bütöv obraz, portret parçalanır, yarımçıq olur. Bir az orda, bir az burdag
Həm də aşkar təkrar təsiri bağışlayan səhifələr həcmi artırır. Hansı əsər konflikt probleminin açılmasına ən çox material verirsə, ondan tam halda və bir dəfə bu fəsildə danış, xarakter probleminin şərhinə daha çox qida verən ad və əsərləri həmin fəslə yığ. Üçüncü tərəfdən bu bir də ona görə lazımdır ki, tənqid, elm şeirdən, bədii təcrübənin özündən, nəzəriyyə praktikadan, poeziya poetikadan ayrılıb, hərəsi bir "suverenlik" təşkil etməsin. Ən mühüm problemləri isə iki fəsil və bir giriş daxilində yarımbaşlıqlar kimi vurğulamaq olardı.
"Azərbaycan poeması: axtarışlar və perspektivlər" mövzusunda uğurlu ədəbi-fəlsəfi əsər - ELMİ POEMA münasibətilə səni təbrik edir, kitabın özünü gözləyirəm.

Hörmətlə,
Yaşar Qarayev
15.06.1998-ci il"

Bu məktubdan, eləcə də çoxsaylı şifahi söhbətlərdən sonra əsərin üstündə bir neçə dəfə işləməli oldum. Yaşar müəllimin redaktorluğu və Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə adını da böyük alimin qoyduğu "Azərbaycan poeması: axtarışlar və perspektivlər" monoqrafiyası elə həmin il - 1998-ci ildə "Elm" nəşriyyatı tərəfindən nəşr olundu və ədəbi-elmi ictimaiyyət tərəfindən maraqla qarşılandı. İşin dissertasiya variantı şöbədə müzakirədən də keçdi. Lakin bununla da kifayətlənmədim. AAK-ın qoyduğu yeni-yeni tələblər monoqrafiyanın çapından sonra da əsər üstündə dəfələrlə yenidən işləmək zərurətini ortaya qoydu. Müdafiə isə uzun çəkdi. Qarşıya elə əngəllər qoydular kig Yaşar müəllim bir məqaləmi Türkiyəyə, birini isə İrana göndərdi ki, çap eləsinlər. O vaxt AAK filologiya üzrə doktorluq dissertasiyalarının müdafiəsinə qeyri rəsmi şəkildə olsa da icazə vermirdi. Bu icazənin alınmasında Yaşar Qarayevin də özünəməxsus xidmətlərinin olması hamıya məlumdur.
Monoqrafiyanın çapından sonra məni Sumqayıt Dövlət Universitetində dərs deməyə dəvət elədilər. Bir il "Ədəbiyyatşünaslığın əsasları"ndan mühazirə oxudum və ilin sonunda mətnləri Yaşar müəllimə verib fikrini bilmək istədim. Oxuyub bəyəndiyini söylədi. Ancaq onu da əlavə elədi ki, qorxuram kitabın çapından sonra gözü götürməyənlər bizə hücumlar eləyələr. Deyələr ki, Yaşar heç ali məktəbdə işləməyib, Rafiq isə cəmi-cümlətanı bircə ildə mühazirə oxuyurg Axırda belə qərara gəldik ki, SDU-nun Elmi şurasının qərarı ilə kitabı çap eləyək. Redaktoru Yaşar müəllim, rəyçiləri isə Məhərrəm Qasımlı və Akif Hüseynli olan bu kitabı dostumuz Şirindil Alışanlının "Sabah" nəşriyyatının qrifi ilə nəşr elədik. Gözləmədiyimiz halda kitab haqqında çox xoş sözlər söylədilər. Ancaq təəssüf ki, Yaşar müəllim nə o kitabın Təhsil Nazirliyinin qrifi ilə dərslik kimi çap olunan təkmilləşdirilmiş sonrakı nəşrlərini, nə də mənim müdafiəmi görə bildig "Ədəbiyyatşünaslığın əsasları" adlı dərsliyimin nəşrinə icazə alanda "dünyasını dəyişən adam necə redaktor ola bilər" sualını verən məmura mənim cavabım çox sərt oldu. Dedim ki, Yaşar Qarayevin adı mənə nazirliyin qrifindən daha önəmlidig
Çox şükür, çətinliklərlə üzləşsəm də müdafiə də elədim, professor da oldum, Əməkdar mədəniyyət işçisi dəg Ancaq heç zaman yadımdan çıxarmır və etiraf edirəm ki, bu uğurlarımın hamısında Yaşar Qarayevin özünəməxsus xidmətini danmaq mümkün deyilg
Yaşar Qarayevin əsərlərini oxuyanda onun təhlil mədəniyyəti, bədii ədəbiyyatı dəyərləndirmə ustalığı, fikrini obrazlı şəkildə ifadə etmək bacarığı həmişə məni heyran qoyub və qoymaqdadır. Infarkt keçirəndən sonra onun yazıb "Ədəbiyyat" qəzetində çap etdirdiyi fəlsəfi düşüncələrin təsiri indi də azalmayıb. Çünki dünyanın hər üzünü görən Yaşar müəllim o zaman müdrikliyin zirvəsində idig Əslində Yaşar müəllim elə həmişə müdrik olub: cavanlığında da, ömrünün ixtiyar çağında dag
Yaşar müəllimdə irsən keçmə güclü yumor duyumu olsa da, bunu çox adam bilmirdi. Çünki Yaşar Qarayev elmdə olduğu kimi həyatda da ciddi idi. Qasım Qasımzadənin sevimli övladı Fəxrəddin dünyasını dəyişmişdi. Bir dəfə Eldar Baxışla Fəxrəddinin dəniz sahilində olan evinə getdik. Gördük ki, Kamal Talıbzadə ilə Yaşar Qarayev də burdadılar. Oturub ordan-burdan, ədəbiyyatdan söhbət eləyirdik ki, Qasım Qasımzadənin yadından böyük faciəni bir neçə dəqiqəliyə də olsa unutdura bilək. Onun özü də istər-istəməz ədəbiyyatla, şeir-sənətlə bağlı bu söhbətlərə qoşulurdu. Eldar Baxış daha fəal idi. Bilmirəm necə oldusa söz Puşkindən söz düşdü. Çox zaman nihilist bir mövqedə dayanan Eldar Baxış dedi ki, bu Puşkinin nəyini tərifləyirsiniz e, o bizim Bəhmən Vətənoğlu səviyyəsində bir şairdi. Yas yerində olsaq da heç kəs özünü gülməkdən saxlaya bilmədi. Yaşar müəllimin üzündə isə heç zaman görmədiyim qəribə, mənalı bir təbəssüm gördümg Onun gülüşünün də sətiraltı mənası var idi elə bilg
Yaşar Qarayev istedadının çiçəkləndiyi bir vaxtda dünyasını dəyişsə də, ədəbiyyatşünaslıq dünyasında onun şərəfli və əbədi bir yeri var. Hələ neçə-neçə ədəbiyyatşünaslar nəsli onun əsərlərini oxuya-oxuya özlərini tapacaq, elmimizə Yaşar müəllimin adına layiq töhfələr verəcəklərg Tam əminliklə deyə bilərəm ki, Yaşar Qarayevin adı ədəbiyyatşünaslıq elmimizin klassikləri sırasında daim yaşayacaqdır. Qəbri nurla dolsun böyük ustadın!