adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 May 2016 09:50
3535
GÜNDƏM
A- A+

SON BEŞİK...

- Alo!
- Salam, Xavər!
- Salam. Necəsən?
- Çox sağ ol, əzizim. Yaxşıyam. İşləyirəm. Mənim yazı masamın üzərində əlyazma var. Onu Vaqifə ver, işə gətirsin...
Evləri çox uzaq sayılmazdı atasının iş yerinə...Vaqif bu qısa yolu qaça-qaça, yüyürə-yüyürə elə həvəslə gedirdi ki, sanki qanadlanırdı, uçurdu onu hər dəfə atasının iş yerinə yollayanda.
Bu əzəmətli binada onu hər kəs yaxşı tanıyırdı. Rastlaşdığı hər adam onun kefini xəbər alır, üzünə gülümsəyirdi.
Ən çox verilən sual isə təbii ki, "böyüyəndə kim olacaqsan?" sualı idi. Bir də onu həmişə sonbeşik adlandırırdılar. Atası da onu kiməsə təqdim edəndə hərdən bu ifadəni işlədirdi... "Sonbeşiyimdir" deyirdi.
Üçüncü mərtəbədə atasının otağının önünə çatanda nəfəsini dərib, özünü içəri atırdı. Hər dəfə yeni, ilk dəfə gəlirmiş kimi baxırdı otağa, otaqdakı əşyalara. Bəzən iş sonuna qədər qalmaq üçün atasını yola gətirməyi də bacarırdı... Bura gəlib-gedən gənc, yaşlı insanların atasına göstərdiyi hörmət və ehtiramı müşahidə etməyi, onların söhbətlərini dinləməyi çox sevirdi.
Adamın adı dillər əzbəri olan, dünya şöhrətli bir atasının olması qədər başqa xoşbəxtlik nədir görən, bu dünyada?! Başqa bir xoşbəxtlik də evin sonbeşiyi olmaqdır bəlkə də... bəlkə də...
Hə... başqa uşaqlar kimi o sual Vaqifi də çox düşündürürdü... Kİm olacaqdı böyüyəndə görəsən? Böyüyəndə?! Fəqət nə qədər böyüsə də, bir ömür boyu sonbeşik qalacağını bilmirdi. Əvvəllər xoşbəxtlik sandığı sonbeşikliyin sonralar acı tərəflərini, kədərli günlərini yaşayacağını, dözülməz dərdlərini çəkəcəyini də bilmirdi heç...
- Alo!
- Salam... atanı itirdik...
- Alo!
- Salam... qardaşını itirdik...
- Alo!
- Salam... ananı itirdik...

- Alo!
- Salam... bacını itirdik...

Yaman tez böyüdü sonbeşik Vaqif.
Bir də baxdı, dərd saçını rəngləyib, "qaradan başqa rəng yoxdu" deyənlər onu aldadıbmış, bir də baxdı, dünyaya iki əllə sarılıb, itirdiklərini tapmaq üçün dört gözlə gəzir... Bir də baxdı ki, saçları tökülüb, bir əlində qəlyan, bir əlində əsa, bir əlində yeni yazdığı vida şeiri var... Bir də baxdı ki, onu SON BEŞİYƏ yola salırlar...
Sonbeşiyin son beşik arzuları isə belə idi...

İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlın qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın
ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqli qəm içində,
ağrısız
yatmaq istəyirəm...

Ölüm xəbərini eşitdiyimdə görkəmli Xalq şairimizə belə bir şeir həsr etmişdim...

Sarı çiçəkli matəm bayrağı...
Bir külək əsəcək sabah...
Vida küləyi
Qurumaqda olan
Bir körpə paltarı yellənəcək ipdə -
Sarı çiçəklidir ətəyi
Matəm bayrağına bənzətmişdi onu
Hələ otuz üç il əvvəl
Bir şair...
budur şairin
rəngli həyat hekayəsinin sonu -
sarı çiçəkli uşaq paltarı...
dalğalanan matəm bayrağı...
və sair... və sair...
Bir də
Dar quyu -
Dibi qranlıq və nəm...
Ağrısız filansız
Bir az yatmaq istəyən şairi
Əbədi yatmağa göndərdik bu dəm...
Yandırın qəm içindəki
Işıqları...
Qaldırın bayraqları
Şair... öldü!

Ötən il - V Şairlər Günündə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı dəyərli dostunu belə xatrıladı... "Müşfiq cəmi 29 il yaşadı... Bu gün mənim dostum, Xalq şairi Vaqif Səmədoğlunun da doğum günüdür. Vaqifsə, 76 yaşında köçdü bu dünyadan... Şair nə zaman ölürsə, yaşından asılı olmayaraq, vaxtsız ölür... amma şairlərin xoşbəxtliyi odur ki, özləri gedəndən sonra sözləri qalır"...