BU DÜNYANIN QARA DAŞI GÖYƏRİR

FAİQ QİSMƏTOĞLU
73052 | 2016-05-28 09:35
Dünyadan əlimiz üzüləndə, hər şeydən ümidimiz qırılanda qalırıq odla su arasında. Düşünürük ki, ilahi, niyə mənim bəxtim qara oldu və hər şey üzümə bağlandı?! Bəzən o qədər bu hisslərin, həyəcanların, gərginliklərin içərisində əlləşirik, birdə görürük ki, sağlamlığımızı itirmişik, əsəbimiz pozulub, ürəyimiz ağrayır və axırda da çətin vəziyyətə düşürük. Bunları billə-bilə, bunları duya-duya biz öz içimizdə, öz dünyamızda vurnuxuruq. Vurnuxuruq ki, düşdüyümüz quyunun içindən necə çıxaq?!
Bax, elə əsas məsələ də bundan ibarətdir. Biz hər hansı gərginlikdən, stressdən və sıxıntıdan qurtulmaq üçün yalnız və yalnız nikbin olmalı və ümidimizi üzməməliyik.
Bir dəfə həddindən artıq gərginlikdən və stressdən təngə gələn bir dostumla görüşdüm. Heç bir şey deyib eləmirdi. Sifətindən oxuyurdum ki, bu adam canını qoymağa yer tapmır. Üstəlik də yaşadığı gərginliyi və sıxıntını heç kimə danışmır. Sadəcə olaraq, mənimlə təsadüfən üzləşmişdi. Yoxsa mənə də bir şey danışan deyildi.
Onu götürüb apardım dənizkənarı parka. Bir az gəzdik, ötən illəri xatırladıq, dənizin ləpələrinə baxdıq və xeyli də pyiada gəzdik. Gördüm piyada gəzdikcə qırışı açılır. Söz sözü gətirdi, söhbət söhbəti. Düz onu Bayraq meydanına qədər piyada apara bildim. Hərçənd ki, hərdən bir "yoruldum" deyirdi. Amma tez də fikrindən daşınırdı. Bayraq meydanına qalxıb bir daha dənizin dalğalarına, göydə uçan qağayılara baxdıq. Dostum gördü ki, mən romantik mənzərəni seyr etməklə onunla bir körpü də yaradıram. Yəni ürəyini yavaş-yavaş mənə açırg
Uzun illər çörək kəsdiyim, dostluq elədiyim qardaşıma İstanbulda gördüyüm bir əhvalatı danışdım. İstanbulda Mərmərə dənizində gəmi ilə səyahətə çıxanda çox qəribə mənzərənin şahidi oldum. Gördüm ki, bunları danışdıqca dostum bütün diqqətini mənə yönəldib. Arada fasilə yaranmasın deyə yenidən söhbəti davam etdirdim. Axı İstanbuldan danışırdım. Orada gəmidə olanda qağayıların qeyri-adi hərəkətlərini görürdüm. Qağayılar ona qida, çörək, bulku tikəsi atan adamlara yaxınlaşmadan atdıqları tikəni elə göydə dimdiyi ilə tutub geri dönürdü. Adam da vardı əlində bulkunu tutmuşdu ki, qağayılardan biri gəlib onu götürsün. Amma heç bir qağayı insana yaxınlaşmırdı. Beləliklə, Mərmərə dənizindən İstanbulun Asiya hissəsindən Avropa hissəsinə çatana qədər həmin qağayılar sərnişinləri müşayət etdilər. Bayaq dediyim kimi, kim bir tikə çörək atırdısa, qağayılar onu göydə qapırdı. Bu da onların insanlara olan bir sevgisi, bir məhəbbəti idi. O məhəbbət ki, biz onlara çox vaxt barmaqarası baxırıq. Və bir də qağayıların yaşamaq, mübarizə aparmaq əzmi vardı. Hər bir qağayı hiss olunurdu ki, çox böyük ümidlə atılan o tikəni göydə tutacaq və öz qidasını tapacaqg
Həmin o hadisəni danışandan sonra dostumun çiynindən ağır bir yük götürüldü, rahat nəfəs aldı və özünü bayaqkıdan tam yaxşı hiss eləyirdi. Aurasının yaxşı olduğunu duyub bir qədər də onun qəlbinə yol tapdım. Sıxıntılarının hamısını bir-bir mənə danışdı. Hətta bildirdi ki, sən olmasaydın, bəlkə də özümü bu gün öldürəcəkdim. Allah səni hardan və necə yetirdi, onu bilmirəm. Bir onu bilirəm ki, mənim üçün ən ağır, ən çətin, ən iztirablı anlar arxada qalıb. Sanki beynim tormozlanmışdı və anlaqsız durumda idim.
Qayıdıb parkın içindəki çayxanaların birində pürrəngi çay içdik. Bir az zarafatlaşdıq, bir az ötən günlərə qayıtdıq və axırda da razılaşdıq ki, gələn həftə onunla gedək İsmayıllıda dostumuzun meşənin içindəki villasına. Bu villa da Buynuz kəndində bir çayın kənarında yerləşir. Hava isti olduğundan ora sanki cənnətə bənzəyirdi. 2-3 gündə üç dost orda dincəldik. Artıq hiss eləyirdim ki, bütün qəzəbi, sıxıntısı, stresi yoxa çıxıb və dostum tanınmayacaq dərəcədə dəyişib. Bir həftədən sonra isə ovqatı lap yaxşı oldu, ailədə barışıq yarandı, xoş günlər yenidən geri döndüg
Bir dəfə də yaxınlarımdan biri ağır xəstələnmişdi. Hətta Bakıda ona çox pis diaqnoz qoyulmuşdu. Demişdilər ki, cəmi bir ay ömrün var. İradəli, qüvvəli, mübariz insan olduğu üçün həkimlərin fikirlərini bir qulağından alıb o biri qulağından verdi və üz tutdu İstanbula. Orda da həkimlər dedilər ki, vəziyyətin ağırdı, əməliyyata ehtiyac var. Təbii ki, o da bununla razılaşdı, əməliyyata girdi və ağır əməliyyatdan sağ-salamat çıxdı. Ürək cərrahı doktor-professor Mehmet Saleh Bilal dedi ki, bu cür xəstələr 99 faiz əməliyyatdan sağ çıxmırlar. Amma mən xəstəni qorxutmadım. İnandırdım ki, o, əməliyyatdan salamat çıxacaq. Burda Allahın möcüzəsini gördüm. Sadəcə olaraq, sizin dostunuzun Allahdan ipi üzülməyib. Hətta bu cür əməliyytalar Amerikada, Almaniyada, İsraildə çox vaxt müsbət nəticə vermir. Allahıma dua elədim ki, bu xəstənin özünü, ailəsini, balalarını sevindirə bildim. Biz də ona təşəkkür edəndə Mehmet bəy yenidən dilləndi:
- Dedim axı, hər şeyi eləyən Allahdı. Möcüzəni də Allah yaratdı. Sadəcə olaraq, biz həkimlər vasitəçiyik. Ona görə də heç kəs Allahdan əlini üzməməlidir.
Allahdan əlimizi üzməyək! Ən azından ona görə ki, bu dünyanın qara daşı göyərir. Əgər belə olmasaydı, neçə-neçə tanıdığım adam yenidən həyata qayıtmazdı, xoş günlərini, xoş anlarını yaşamaqda davam etməzdi. Heç kəs ən ağır anda, ən çətin məqamda ümidini itirməməlidir. Çünki hər şey Allahın əlindədi və onun icazəsi olmadan nə bir kimsə dünyasını dəyişə bilər, nə bir kimsə xoşbəxt ola bilər...


TƏQVİM / ARXİV