adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2016 16:13
6950
DÜNYA
A- A+

İŞİD TARİXİ DÜŞMƏNLƏRİ DOSTLAŞDIRDI

Bir çox onilliklər ərzində bir-biri ilə vuruşan iki tarixi düşmən İranla «Taliban» «İslam dövləti»nə qarşı birləşərək əməkdaşlığa başlayıb. İran Əfqanıstanla sərhəddə "bufer zonası” yaratmaq və İŞİD silahlılarının ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə "Talibanla bir araya gəlib. Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə ABŞ-ın "Foreign Policy” jurnalına diplomatik və hərbi dairələrdəki mənbələr bildirib.

Jurnal İslam Respublikası hökumətinin Əfqanıstan ilə 920,5 km uzunluğu olan sərhədinin mühafizəsi üçün belə bir addımı atdığını vuğulayıb. Nəşrin məlumatına görə, şiə İran «Taliban»ı son onilliklər ərzində özünə birbaşa təhlükə görürdüsə, hazırda Tehranda hesab edirlər ki, "Taliban” İŞİD-lə müqayisədə ölkəyə daha az təhlükə yaradır. ABŞ administrasiyasının hesablamalarına əsasən, İŞİD-in Əfqanıstandakı dəstələrinin tərkibində 3 minədək silahlı döyüşür və onların sayı artmaqdadır.

Nəşr qeyd edir ki, "Taliban”ı son vaxtlaradək təhlükə mənbəyi hesab edən İran hakimiyyəti siyasətində ciddi dəyişiklik edib. Məqalə müəllifləri qeyd edir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2001-ci ildə Əfqanıstana hərbi müdaxilə edənədək İran o zaman taliblərin əsas düşməni hesab olunan "Şimali Alyans”ı silah-sursatla təmin edib və digər yardımlar göstərib.

Mənbə "Foreign Policy”-ə bildirib ki, İranın yaratmağa çalışdığı "bufer zonası” Əfqanıstanın cənubundakı Hilmənd əyalətindən şimaldakı Gündüz əyalətinədək olan ərazini əhatə edəcək. "Taliban” qeyd olunan ərazilərin çox hissəsinə nəzarət edir.

Digər mənbələr İranın artıq sərhədboyu cəmləşən "Taliban” dəstələrini pulemyot, əl qumbaraatanları və sursatlarla təchiz etdiyini və maliyyə dəstəyi göstərdiyini bildiriblər. İŞİD-in bölgədəki nüfuzu demək olar ki, İran üçün ciddi bir strateji problemdir. Bu baxımdan İran hərbçiləri İraq və Suriyada İŞİD-ə müqavimət göstərir. Bu baxımdan da rəsmi Tehranın Əfqanıstanda da keçmiş düşməni Talibanla yeni düşməni İŞİD-ə qarşı əməkdaşlıq müzakirələri aparması istisna edilmirdi.

MEHRİBAN