adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 May 2016 13:48
9285
ƏDƏBİYYAT
A- A+

Azərbaycan yazıçıları Türkiyədə keçirilən festivalın qonağı olublar

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Gənclər üzrə katibi Rəşad Məcid və yazar Pərvin Nurəliyeva Türkiyədə keçirilən "Kitab günləri” festivalının qonağı olublar. Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, tədbirdə Anar çıxış edərək Azərbaycan və Türkiyə ədəbi-mədəni münasibətlərin inkişafından danışıb, iki ölkəni bir-biri ilə daha da bağlayan ziyalılardan, ədiblərdən nümunə çəkib. Mirzə Fətəli Axundzadənin "Aldanmış Kəvakib” əsərinin nəinki Azərbaycanda, bütöv türk ədəbiyyatında nəsrin başlanğıcı olduğunu deyib. Atatürkün yaxın silahdaşlarından olan Əhməd Ağayev və Hüseyn Əlizadənin türk dünyasının iki önəmli yazarlarından olduğunu diqqətə çatdırıb. Bundan başqa, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov kimi qələm ustalarının ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb.

Həmçinin, Sovetlər Dönəmində iki qardaş ölkə ədəbiyyatının bir-birindən ayrı salınmasına toxunub, şair Nazim Hikmətin böyük ümidlərlə getdiyi Rusiyada məyus və peşman olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Rəşad Məcid Azərbaycan oxucusunun heç bir əngələ baxmadan daim türk yazarların əsərlərini oxuduğunu, sevdiyini diqqətə çatdırıb. Hətta öz adının da valideynlərinin Rəşad Nuri Güntəkinin əsərini oxumasından sonra bu böyük yazıçının şərəfinə adlandırıldığını vurğulayıb.

Tədbir azərbaycanlı yazıçıların kitablarını imzalamasıyla sona çatıb.