adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 May 2016 09:31
12914
LAYİHƏ
A- A+

Bu günümüzün Xocavəndi

Hər dəfə cəbhə bölgəsinə yolum düşəndə mənə elə gəlir ki, indicə sərhədi keçib doğulduğum kəndə doğru irəliləyəcəm. Hər dəfə də bu yolun tən yarısında əlisilahlı əsgərləri görəndə elə bil soyuq suya düşüb çıxıram. Bütün fikirlərim, xəyallarım pərən-pərən düşür və mən gerçəkliklə barışmalı oluram. İndiki zamanda isə günün iki gerçəkliyi var. Onun birincisi işğal altında olan torpaqlar, yəni cəbhə, digəri isə tikilib-qurulan, abadlaşan Azərbaycanın bugünkü mənzərəsini ortaya qoyan arxa cəbhə...
Əvvəllər hətta bəzi həmkarlarımı da inandıra bilmirdim ki, Dağlıq Qarabağın aran torpaqlarının müəyyən hissəsi işğaldan azad edilib və həmin ərazilərdə o torpağın qanuni sahibləri - xocavəndlilər məskunlaşıb. Onlar bu ərazilərdə həm təsərrüfatla məşğuldurlar, həm də qurub-yaratmaqla. Özü də bu rayon sakinlərinin ən maraqlı və bəlkə də ən kədərli məqamları ondan ibarətdir ki, onlar günün istənilən saatında ermənilərin nəzarəti altında olan kəndlərində, evlərində tək-tək də olsa yanan işıqları, ot-ələf basmış çəpərləri, bağları, yolları rahatca görürlər. Necə deyərlər, ovuc içərisində olan Muğanlı, Kuropatkino kəndləri adama gəl-gəl deyir. Buna beş addımlıqda dözüb dayanmaq və həm də qurub-yaratmaq özü Allahın xocavəndlilərə verdiyi dözümün, inamın nəticəsidi. Və bir də bu inamın söykəndiyi daxili və xarici siyasət, eləcə də Azərbaycan ordusudu.
Qarşımda açılmış mənzərə məni doğrudan-doğruya heyrətləndirir. Xocavəndlilərin yenicə məskunlaşdıqları qəsəbə əsl şəhəri xatırladır. Enli küçələr, yolları işıqlandıran lampalar, qəsəbənin ortasından keçib gedən - mənim çaşıb çay demək istədiyim kanal, eləcə də bir-birindən yaraşıqlı inzibati binalar... Bu binaların arasında məktəb xüsusilə göz oxşayır. Ən müasir tikinti üslubunda inşa edilmiş ikimərtəbəli böyük binanın geniş dəhlizi, işıqlı sinif otaqları və təbii ki, həm də hər bir məktəblinin arzusu olan kompüterlər. Məktəbin giriş foyesində xocavəndlilərin qüruru olan şəhidlərin, sevilən qəhrəmanların, ümummilli liderin şəkilləri ilə bəzədilmiş mənzərə həqiqətən adamı ayaq saxlamağa, xəyala dalmağa, xatirələrə baş vurmağa vadar edir. Həmçinin məktəbin adını daşıdığı döyüşçünün də guşəsi onun şücaətindən təqdimatsız xəbər verir.
Bu isə qəsəbənin böyük səhiyyə ocağıdı. Qarşısında "03" yazılmış müasir təcili yardım maşınları dayanmış bu bina özü-özlüyündə orada çalışanların işgüzarlığından, xidmətin səviyyəsindən söz açır. Sadəcə, ora yanaşmaq, söhbət etmək kifayətdir ki, xocavəndlilərin sağlamlığı keşiyində duran insanların əməyindən, zəhmətindən xəbər tutasan. Demək olar ki, burda əksəriyyətini tanıdığım səhiyyə işçiləri sıxıntıdan xilas olduqlarını, onlar üçün rahat iş şəraiti yaradıldığını ürəklə etiraf edir və bunun üçün ölkə prezidentinə minnətdarlıqlarını dilə gətirirlər.
Bax bu isə Rayon İcra Hakimiyyətinin binasıdır. Doğrusu, bu cür əzəmətli bina bir çox oturuşmuş, işğaldan çox-çox uzaqda olan rayonlarımızın mərkəzlərində yoxdur. Mən binanın daxilini gəzib zövq ala-ala rayon icra hakimiyyətinin başçısının otağına - ikinci mərtəbəyə qalxıram. Köməkçi bildirir ki, icra başçısı Eyvaz Hüseynov binanın önündə aparılan tikinti-abadlıq işlərinə nəzarət etmək üçün fəhlələrin yanına düşüb. Mən də ora gedirəm. Ulu öndərin abidəsinin qarşısında açılan böyük meydanda əməlli-başlı torpaq işləri gedir. Eyvaz müəllimlə söhbət zamanı onu da bildirir ki, tezliklə bu meydan hər kəsin diqqətini çəkəcək. Buradakı yaşıllaşdırma, abadlıq işləri hamının ürəyincə olacaq.
Böyük ürəklə və həvəslə görülən işlər barəsində məlumat verən Eyvaz Hüseynov onu da vurğulayır ki, artıq rayonumuz bir növ kompleksləşir. Yəni Beyləqan şəhərinin mərkəzində ayrı-ayrı binalarda yerləşən Xocavəndin icra strukturları qəsəbədə tikilən inzibati binalara köçürülür.
Necə deyərlər, artıq hər kəs öz evində, öz damının altında oturub öz sakinlərinə xidmət etmək imkanı qazanır. Bax elə qəsəbənin girişində Rayon Polis Şöbəsi üçün nəzərdə tutulan binanın tikintisi yüksək səviyyədə başa çatdırılıb. Respublika daxili işlər naziri Ramil Usubovun xüsusi qayğısı ilə inşa edilən bu bina əməkdaşları öz qoynuna alıb.
Bəli, bu gün Xocavənddə daha bir qəsəbənin tikintisi başa çatmışdır. Yeni salınan bu yaşayış massivi də xocavəndlilərin ixtiyarına verildi. Mən bu yeni qəsəbədə hər şeyin necə ürək oxşadığını yaddaşıma köçürərkən bir-birini tamamlayan məqamları xüsusi vurğulamaq istəyirəm. Onlardan biri təmir-abadlıq işləri aparılan meydanda qurulmuş dövlət bayrağıdır. Yəni Bayraq meydanında işlərin sürətlə getməsində məncə, bu bayrağın xüsusi rolu, xüsusi əhəmiyyəti var. Çünki o bayraq Beyləqandan və ümumiyyətlə ətraf yerlərdən baxanda son dərəcə əzəmətli görünür və son dərəcə də böyük çağırış edir, özü də qələbə çağırışı.

Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ