adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

RƏŞAD MƏCİD
27683 | 2013-01-27 17:59

İsmayıllıda kədərli və düşündürücü olaylar baş verdi. Bəlkə də zahirən xırda görünəcək bir münaqişə insanların hissiyyatına toxunan ifadələrdən sonra kükrəyən etiraz aksiyasına səbəb oldu. Orda, o balaca, saf, sakit rayonda insanlar qəzəblənib, emosiyalar qıcıqlandı.

Burda – Bakıda təzə politoloqlar, "müdrik” ekspertlər, "canıyananlar” ortaya çıxıb hadisələri "təhlil edir”, dürlü-dürlü sonuclar, səbəblər ortaya qoyurlar, sifətlərdə Günəş yanır, sevinirlər. Hadisədən kədərlənənləri, məyus olanları, düşünməyə başlayanları anlayıram. Amma sevinənləri başa düşməyə heç gücüm çatmır.

Dağlar qoynundakı bu balaca şəhərin sakinləri təhqir olunub, insanlar ani şəkildə coşub və  etiraz ediblər.

Dağlıq, mənzərəli bölgələrimizdə insanlarımız tarixən qonaqpərvər olub, kasıb olub, amma mərd olub. Qonağa süfrə açmağa ərinməyib, olanını əsirgəməyib. Amma bu kasıb, mərd təbəqə heç vaxt harınlığa dözməyib, özünün təhqir olunmasına imkan verməyib.

Hardansa pula yiyələnmiş, harınlamış, yetişməmiş bir gənc gəlib sənin rayonunun tən ortasında insanları uzun illər yaşadığı ev-eşiyindən edib, dəbdəbəli otel tikdirir, bahalı maşınlarla şütüyüb, ədalı, yekəxana davranışıyla insanlara meydan oxuyur. Belə olanda əlini cibinə atanda boş qayıdan ovuclar, əlbəttə, yumruğa dönəcək, beyin qəzəb kükrəyəcək.

Son illər qəfil varlananların, harınlayan məmurların, təəssüf ki, yerli camaata, insanlara münasibəti belədi: kasıbları adam saymamaq, qaba rəftar eləmək. Sən bir rayonda pul qazanırsansa, yerli insanlarla rəftarda da korrekt olmalısan. Bir salam yerinə beşini verməlisən, xeyriyyəçilik, mesenatlıq etməlisən. Məmurlar da eləcə... İnsanlarla normal ünsiyyət qurmalı, heç olmasa, dinləməyi bacarmalıdılar.

Təəssüf ki, harınlıq və təbəqələşmə son illər cəmiyyətimizin ən əsas bəlalarından birinə çevrilib. Pulu, vəzifəsi olan bir çox məmurlar, iş adamları sadə adamlara qarşı kobud, qaba, saymazyana münasibət göstərməkdən sanki zövq alırlar.

İsmayıllıda da belə oldu. Qəfil gələn çoxlu pulun eyforiyasında çaşan harın bir gəncin ədabaz, düşünülməmiş hərəkətləri insanları özündən çıxardı, maşınların, otelin yandırılmasına, insanlarımızın bir-birinə düşmənçiliyinə rəvac verdi. O daş atan da, o suçiləyən maşını sürən də, o dubinkayla vuran, qaz balonuna adamlara tuşlayan da, o qazdan boğulan da bizik!

Emosiyalar soyumalı, sakitləşməli, bu kədərli hadisələri geriyə, tarixə buraxıb, səbəbləri düşünməliyik, bunu aradan götürməyə çalışmalıyıq! Xalqın uzun illərin təcrübəsi əsasında yaratdığı atalar sözləri, məsəllər var: "Döymə taxta qapımı, döyməyim dəmir darvazanı”. Bu, təbəqələşmiş insan cəmiyyətində sakit, yanaşı yaşamaq düsturudur.

İndi keçək sevinənlərə! Bu kədərli hadisədən "qoğal” sifətlərində çiçək açan, günəş doğan insanlara! Sosial şəbəkələrdə, internet-radiolarda emosiyaları qızışdırıb insanların sakitləşməsindən məyus olanlara! Alovun səngiməsinə imkan verməyənlərə, odu körükləyənlərə! Niyə sevinir, axı, bu insanlar? İnsan təbiətinə xasdı – sənə əziyyət, zülm, acı çəkdirənə qarşılıqlı əzab vermək ehtirası, qisas almaq, sonunun hansı fəlakətlərə gətirib çıxaracağını fikirləşmədən münaqişə toxumları səpməyə davam etmək! Amma insana xas bir keyfiyyət də var, nadir keyfiyyət olsa da, var – bağışlaya bilmək keyfiyyəti! Bağışlaya bilməliyik! Böyüklük göstərməliyik! Hamımızın naminə! Vətənimizin naminə!

İndinin beyni qanlı, üsyankar gənclərinin doğulduğu illərdə zəif, gücsüz hakimiyyətlərin ölkəyə hansı fəlakətlər gətirdiyinin şahidi olmuşuq, ağrılarını yaşamışıq! Viran qalan yurd-yuvalarımızın acılarını görmüşük! Xaosa, anarxiyaya sürüklənən ölkənin təhlükəli aqibətinin şahidi olmuşuq! İndi də ərəb ölkələrində qiyamların, "inqilabların” nəyə gətirib çıxarmasını müşahidə etməkdəyik. Fışqıran qəzəbin, şahə qalxan kinin, düşmənçiliyin dövlətimizə, dövlətçiliyimizə hansı bəlalar gətirə biləcəyini düşünmək bəs edər ki, bu ani sevinci, yalançı qaliblik hissini unudasan! Qalib olmur burda!

Dörd tərəfdən Azərbaycana, onun müstəqilliyinə düşmən kəsilən, bunu sinirə bilməyən ölkələrin dəyirmanına su tökmək, qisas hissi yaxşı nəsə vəd eləmir – nə İsmayıllıdakı sadə adamın cibinə, nə rahat pul qazanıb harınlayanlara, nə etinasız davranan məmurlara heç bir xeyri ola bilməz bunun!

Kədərlənək, düşünək, səbəbləri aradan qaldırmağa çalışaq. Amma sevinməyək!

TƏQVİM / ARXİV