adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 May 2016 09:23
4523
GÜNDƏM
A- A+

Əsrlərdən səsi gəlir Şuşanın

Bir gün yatdım yuxuda gördüm ki, əslən Qarabağlıyam. Qarabag torpağında evim-eşiyim ermənilər tərəfindən zəbt edilib. Və onu da gördüm ki, qarabağlılara qoşulub od-ocağımı muvəqqəti tərk edirəm, lakin atamın qəbri ermənilərdə əsir qalır.
Yuxudan oyananda köksümdə heç vaxt hiss etmədiyim ağrı və kədəri hiss etdim. O gündən özümü mənən qarabağlı sanıram. Bəli, bu yuxu həqiqətdir. Cənnət Qarabağımızı mənfur və xain ermənilərdən azad edən günə kimi özümü qarabağlı sanacağam.
Son zamanlar bəzi sayt, internet mediyalarında və qəzetlərdə Şuşa Mədəniyyət və Turizm şöbəsi haqqında və bu şöbənin yeni yaradılan Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibinə verilməsi barədə məqalələrə rast gəldim. Yaradılan Regional İdarələrin daşıdığı misiyalara qatışmağa ixtiyarım yoxdur. Lakin müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi öz fikirlərimi qeyd edirəm. Bəlkə də məni kimsə düz başa düşməz, bu məqaləni niyə yazıb sualını verər və yaxud başa düşmək istəməz. Belə fikirləri aydınlatmaq üçün əvvəlcədən qeyd edirəm ki, bu yazımı qələmə alanda bir kəslə fikir mübadiləsi etmədən və heç bir təsir altına düşmədən mənəvi bir qarabağlı kimi fikirlərimi yazıram.
Dağlıq Qarabağın - Xocalı, Xocavənd, Şuşa Mədəniyyət və Turizm şöbələri yeni yaradılan Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibinə verilməsi adamda təəccüb hissi doğurur. Məhz ona görə ki, bu gün daha vacib olan Qarabağ problem durur qarşımızda. Bu gün biz bu kimi məsələləri təxirə salmalı və əsirlikdə olan torpaqlarımız uğrunda mübarizə aparmalıyıq. Bəli, bu gün dərdimiz işgal altında olan yurd ağrısıdır. Bəli, vətənini sevən, vətəndaşını da, hətta vətən daşını da, kəsəyini də sevəcəkdir.
Qayıdaq bizi narahat edən söhbətimizə ... Onu da qeyd edim ki, Regional Mədəniyyət və Turizm İdarələrinin Azərbaycanda bütün sahələrdə olduğu kimi adı çəkilən sahədə bəlkə də özünü təkmilləşdirəcək, perespektivliklər əldə edəcəkdir. Mən bu yeniliyin, mədəni əlaqələrin və yüksəlişin əleyhinə deyiləm. Lakin düşünürəm ki, Şuşa böyük bir mədəniyyət ocağı kimi ayrıca faliyyət göstərsə daha məqsədyönlüdür. Şuşa şəhərinin coğrafi mövqeyi böyük olduğu qədər qədim tarixə yüksək mədəniyyətə də malikdir. Musiqi mədəniyyəti, dahi şəxsiyyətləri, tarixi memarlıq abidələri, daş kitabələri, qala və bürcləri, məscid, iaşə obyektləri və toxuculuğu və ipəkçiliyi, kulinariyası, xalça və kilimləri, növbənöv zərgərlik nümunələri, qədim dövrü əks etdirən karvansaraları, Şuşada hər il keçirilən cıdır düzü yarışlarındakı göstərilən şücaətlər, adı bütün dünyanı gəzən "Xarı bülbülləri", Qarabağ atları və sairə mədəni orginallıq Şuşanın təcəssümüdür. Bütün sadalan və sadalanmayan faktlar Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibinə sığdırmaq məncə bir az çətin məsələdir.
Şuşa böyük mədəniyyət ocağı olaraq uğurlu inkişaf yolu ötmüşdür. Bu gün bu inkişaf yolunu davam etdirmək hər bir qarabağlının borcudur. Qeyd edim ki, yaxın keçmişdə Muğam Mərkəzində keçirilən, Şuşa mədəniyyətini əks etdirən maraqlı tədbirdə iştirak etdim. Tədbir Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən - "Fəxri Mədəniyyət işçisi" Zahid Abbosovun təşkilatçılığı ilə uğurla həyata keçirildi. Şuşanın dünəni, bu günü, tarixi, görkəmli şəxsləri, yetişdirdiyi şairləri, nasir-ədibləri, bəstəkar, xanəndələri ümumiyyətlə, Şuşa və şuşalılar barədə geniş və maraqlı təqdimatlar verildi. Mənə elə gəldi tədbir zamanı Şuşanın əsrlərdən səsi-sədası gəldi. İgidlərin-ərənlərin ünü yetdi dövrümüzə.
Sözsüz ki, Azərbaycanın bütün bölgələrinin zəngin milli irisi və maraqlı fərdi kompazisiyaları, özünəməxsusluğu var, eləcə də qədim Şuşanın. Bu milli irsimiz qorunub saxlanılmaqla bərabər müasir Azərbaycan formalaşır. Ölkəmizdə keçirilən bir sıra yarışlar da Azərbaycanda mədəni əlaqələrin inkişafı, "Multikulturalizm ili" çərçivəsində əlaqələrin genişləndirilməsi, Azərbaycanın ictimayi-siyasi həyatının çiçəklənmə dövrü olduğunu təsdiqləyir. Uğurlar və yüksəlişlər bütün Azərbaycanlıları sevindirir. Artıq Azərbaycan dünyanın hər yerində tanınır və qəbul edilir. Zaman gələcək işğal altında olan topaqlarımız geri alınacaq və gözəlliklər Qarabağımız da könlümüzü oxşayacaqdır. Xocalıda, Xocavənddə, Şuşada, Cəbrayılda, Laçında ümumiyyətlə torpaqlarımızın hər yerində, haqqımız olan yurd-yuvamızda övladlarımız yaşayacaq. Biz istədiyimizə nail olmaq üçün dünənimizi, tariximizi yaşatmalıyıq. Bu gün isə bu boyda qayğıların arasında çiyinlərimizə əlavə yükün alınmasına nə ehtiyac var?!
Şuşanın öz mədəniyyəti ilə dünyaya açdığı pəncərədən boylansaq bütöv və uca bir mədəniyyət qalası görərik. Gəlin bu qalanı uçurmayaq, yəni, bu layihəni həyata keçirmədən öncə bir daha düşünmək gərəkdir. Onu da başa düşürəm ki, təbii ki, bu işlərin icrası üçün aidiatlı orqan və qurum var. Mədəniyyət və Turizm Nazirliyi yəqin ki, bu işə yenidən öz münasibətini bildirəcəkdir.
Könüllərdə daim yaşayan ümummilli liderimiz Heydər Əliyevin Şuşaya olan məhəbbətini örnək almalı Şuşaya xüsusi qayğı və məhəbbətlə yanaşmalıyıq. Şuşanın tarixi, irsi, mədəniyyəti fərdi və bütöv qorunmalıdır. Məsələ mənim fikrimlə ölçülüb-ölçülməyəcəyindən asılı olmayaraq mən yalnız öz vətəndaş münasibətimi bildirirəm. Bir halda ki, sözügedən qurum müvəqqəti olacaq, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətlə, eyni zamanda xalqımızın dəstəyi ilə bütün qarabağlılar öz yurd-yuvalarına dönəcək,
Yeri gəlmişkən bu gün Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi öz işini layiqincə yerinə yetirir. Şuşa irsini və mədəniyyətini, milli-təbii eksponatlarını qoruyub saxlayır. Daim yaddaşlarda qalmaq üşün açıqçalar və jurnallar çap etdirir. Buna misal olaraq, "Təbəssüm rəqs qrupu,", "Qarabağın mədəni irsini qoruyaq", "Şuşa rayon mədəniyyət işçilərinin keçirdiyi konfrans", "Xarı bulbul Beynəlxalq festivalı", "Şuşa mahnı bayramı", TÜRKSOY-un baş katibi Düşen Kaseinov Şuşa Mədəniyyət və Tuzizm şöbəsinə təqdim etdiyi medallar və bir sıra mədəni tədbirlər deyilənlərin sübutudur. Əlbəttə ki, Şuşa tarixini qoruyub saxlamaq, adət-ənənələrini yaşatmaq asan məsələ deyil. Gəlin Şuşalılara və Şuşa irsini, mədəniyyətini qoruyub saxlayanlara hörmət edək, Şuşa mədəniyyətini bölgələrə şərik qoşmayaq, üzü dumanlı, duvaqlı Şuşa dağlarını nigaran etməyək. Əks tədqirdə Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov, Cabbar Qaryagdıoğlu, Seyid Şuşinsi, Xan Şuşinski, Bülbül, Fikrət Əmirov və onlarca həmvətənlərin Şuşa üzərində pərvaz edən ruhları bizdən narazı qalmasın. Bu gün dərdimiz od-ocaq dərdidir, torpaq istəyidir, vətən eşqidir. İşğal altında olan torpaqlarımız, yurd-yuvamız bizi səsləyir. Şuşa, Xocalı, Xocavənd şəhidlərimizi incitməyək. Düşünək, yenidən düşünək...
Mətanət Ulu Şirvanlı,
AYB-nin üzvü, şairə-publisist