adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 May 2016 09:30
3147
GÜNDƏM
A- A+

Səs, işıq, Vətən

Söz də Vətəndi, işıq da...
Sözün işığı da Vətəndi, işığın sözü də...
Söz, işıq, Vətən kəlmələri məkana sığmayan düşüncələrimin göyqurşağına dönüb. Bunun sirri nədi, sirri nədədi?..
Gün çeşt yerindədi...
Abdulla Qurbani Lələtəpədən - Lələmiz təpədən o yana baxanların sırasındadı. Baxışları əsgər baxışlarının qaynarlığına qarışıb. Bu munis görüşün məhrəmliyi sözə sığası deyil; əl əli isidir, göz gözdən, baxış baxışdan doymur. Doya bilmir. Hamı qarşı tərəfdə qımıldanan qaraltıların yox olmasının, əzəli sərhədlərimizin o üzünəcən uzaqlaşmasının təşnəsidi. Hər baxış Xəlil Rza Ulutürkün bir misrasıdı elə bil: "Çəkil, çəkil, ey qəsbkar!.."...
Abdulla Qurbani əsgərlərlə şair kimi, publisist kimi kəlmələşir. Dünən Tərtərdə kəlmələşirdi, bu gün Lələtəpədə. Vətənə, torpağa, Böyük Qələbəmizə ad olan kəlmələşmədi. Onu bura elə bu kəlmələşmə gətirməyibmi? Bu görüşün də dönməzliyindən qələbə qoxusu gəlir...
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev də danışmaq istəyir. Tərəddüdünü içində əridib danışır. Kəlmələri qırılır. Qırıq səs, qırılan kəlmələr Abdullanın ürəyini qana döndərir...
Teymur da döyüşüb. Cəsarətlə döyüşüb...
O da təltif olunub. "İgidliyə görə" medalı sinəsindədi. Abdulla ehtiramlarla əsgərə baxır, medala baxır. Bir az əvvəl Teymurun səsinin - kəlmələrinin qırıqlığını hiss eləməmişdi...
Niyə qırılır bu səs, bu səsin kəlmələri? Bu səs ki, yaxın vaxtlaracan daşları da dikəldərdi. Bu səs Vətən deyirdi, torpaq deyirdi. Bu səs əllərindən yapışıb qarşı tərəfə çəkirdi onu....
Aprel döyüşləri ərəfəsində hərbi həkim komissiyasındaydı Teymur...
Tərxis eləmək istəyiblər...
Ürəyi düşüncələrinə, düşüncələri ürəyinə hökm eləyib: "İşğal olunmuş torpaqlarımız azad edilənə kimi xidmət eləməlisən!.."...
Bir vaxtlar çiçəklərin ləçəklərinə sığal çəkən, dan yerinə qızartı düşəndə dağların-daşların yuxusunu dağıdan səsi haraylayırdı onu - hospitalda qərarlaşa bilməyib...
...Döyüşdə qırılıb səsi.
Yaxın vaxtlaracan Lələtəpənin harayına hay verən, o haraya sarılan, o harayın can köynəyinə dönən səsə sədəmə döyüşdə toxunub. Abdulla Qurbani o səsi görür - ürəyinin gözüylə görür. Qələbənin işığını görür o səsdə. O səsin ifadə eləmək istədiklərini yazdığı kitaba şəhd-şəkər bilib baxır o səsə. O səsi eşitmək istəyir, o səsin əlindən tutub Lələtəpəni aşmaq, Cəbrayıla, Şuşaya getmək istəyir. O səsin Xarı Bülbülün ləçəklərinə sığal çəkəcəyi anların həsrətindədi. O anlar eşqinə bu anları gözlərinə, gözlərindən ürəyinə köçürür. Səngər ünvanlı düşüncələrində "Aprel döyüşləri - ruhumuzun qələbəsi" kitabı yazılmaqdadı...
Nəsə eləmək istəyir. O "nəsə"yə görə ürəyi kürlük eləyir...
İlham Zəkiyev düşür yadına...
İlham Zəkiyevin gözlərinin nuru ağı qaradan yaxşı seçirdi. O gözlərin nuru səngərin qarşı tərəfini aydınlığıyla görürdü. Gecələrin qaranlığı o nurdan çəkinirdi. Qaranlığa qısılanlar o nurdan yayına bilmirdi. Neçələri yaşantısını o nurdan itirmişdi. O nur Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ətrafında sərhədlərin sərhədlərindəniydi. O nur Vətən naminə şəhidlik sərhədini keçməyə də qadiriydi. İlhamın ürəyinin görünməyən işığı gözlərinin nurunu artır-maqdaydı.
İlham Zəkiyev əsgəriydi - kəşfiyyatçıydı, döyüşçüydü. Qarşı tərəfə meyillənən ayaqları daş əzirdi. Ayaqlarına ilişən daşları qarşı səngərlərin başına ələmək keçirdi könlündən...
Döyüşdə ağır yaralandı...
Gözlərinin nurunu itirdi...
Onda 1993-cü iliydi.
İndi 2016-cı ildi...
Abdulla Qurbani Teymur Əliyevin səsini belə görüncə İlham Zəkiyevə zəng eləyir...
Az sonra Abdulla Qurbani də, əhatəsində olduğu əsgərlər də Lələtəpədə dalğalanan bayrağımızın kölgəliyində kövrək bir mükalimələşmənin cazibəsindəydi. Abdulla Qurbani bu sıxıntıya könüllü düşmüşdü. Könlünü əzən, könlünə sızılcım düzən anlara könüllü təslim olmuşdu...
- Mənim gözlərimin nuru, sənin qırılan səsin Vətənimizin sadağası olsun, qardaş!- deyir İlham Teymura.
Abdulla Qurbani Teymurun qırılmış səsini ürəyiylə eşidir:
- E-lə-di...
Lələtəpə bir boy da dikəlir. Baxışları qarşı yaxadan yığılmayanlara "Bu itən nurla bu qırılmış səsin mükalimələşməsi sənin qələbə üverturan olacaq, əsgər! - deyirdi sanki. Bu səsi hamı eşidirdi. Abdulla Qurbani də, Teymur Əliyev də, əsgərlər də. Lələtəpədən uzaqlarda İlham Zəkiyev də eşidirdi, Füzuli rayonunun Aşağı Rəfiddinli kəndinin camaatı sırasında Teymurun övladları da...
Birinçi Avropa Oyunlarında qalib gələndə İlham Zəkiyevin dalğalandırdığı Bayrağımız Lələtəpədə göy üzünün gözəlliyidi. Bu gözəllik yaxın vaxtlarda arzuladığımız məkanlara köçəcək. Əsgərlərimiz köçürəcək!..
Bir qədər aralıdan "Lələtəpə fatehləri" mahnısının sədaları eşidilir...
Teymurun yaralanmış səsi baxışlarına hopub. O baxışlarda görünənləri hamı duyur: Səsimi İsa bulağının suyu sağaldacaq!..