adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 May 2016 09:43
2779
GÜNDƏM
A- A+

SÜRÜCÜ SÜKAN ARXASINDA YATIRSA...

Yaz və yay aylarının gəlişiylə sükan arxasında əyləşən sürücülərin problemləri bir qədər çətinləşir. Başqa sözlə demiş olsaq, isti havalarda nəqliyyat vasitələrini idarə etmək müşkül işə çevrilir. Ən azından ona görə ki, kondisioner sistemi olmayan avtomobillərdə 14-16 saat sükan arxasında oturan sürücü bu isti havada bir an da olsa yuxulayır, mürgüləyir və nəticədə hər hansı ağır qəza qaçılmaz olur. Deməli, birmənalı olaraq sürücü məsuliyyəti önə çəkilməli və belə havalarda sərnişin daşıyan, eləcə də adi avtomobili idarə edən hər bir kəs daha diqqətli olmalıdır.
Aldığımız statistik məlumata görə, isti günlərdə sükan arxasında yuxulayaraq qəza törədənlər adi vaxtlardakından daha çox olur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Ümumiyyətlə, Sovet istehsalı olan fərdi avtomobillərin əksəriyyətində soyuducu sistemlər mövcud deyil. Bu isə o deməkdir ki, uzun müddət həmin avtomobili idarə edən sürücü isti havada hər an qəza şəraiti yarada bilər və eləcə də ağır yol nəqliyyat hadisəsi ehtimalı vardır.
Bütün bunların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədiylə may ayının ortalarından qabaqlayıcı tədbirlər gerçəkləşdirməyə başlayıb. Bu cür tədbirlər ötən il də həyata keçirilib. Aparılan maarifləndirmə və izahat işlərinin nəticəsi olaraq Yol Patrul Xidməti Alayının bütün tağımlarında əvvəlki vaxtlarla müqayisədə ötən il isti havalarda sükan arxasında yuxulayaraq qəza törədən sürücülərin sayı əsaslı surətdə azalıb.
Təbii ki, mövcud problemləri aradan qaldırmaq üçün Yol Patrul Xidməti Alayının bütün tağımlarında və stasionar postlarında hava şəraitinin isti keçdiyi günlərdə çox əlverişli imkanlar yaradılıb. Məhz bu il də həmin imkanlar qorunub saxlanılmaqla yeni əlavə tədbirlər görülür. Bu məqsədlə stasionar postlarda bulaqlar fəaliyyət göstərir və eyni zamanda təmiz içməli su ilə burda hər cür imkanlar yaradılır. İstənilən stasionar postda sürücü isti havalarda avtomobili saxlaya bilər, yorulduqda əl-üzünü soyuq su ilə yuyar, bir qədər dincələr və yorğunluğu çıxandan sonra yenidən sükan arxasında əyləşə bilər.
Yol Patrul Xidməti Alayının 6-cı tağımında da bu cür qabaqlayıcı tədbirlər zamanında gerçəkləşdirilib. Havaların get-gedə istiləşdiyini nəzərə alan tağım komandiri, polis mayoru Vüqar Əsgərov bu məqsədlə şəraitin daha da yaxşılaşdırılması üçün ciddi addımlar atıb. Yəni stasionar postda mövcud bulaq fəaliyyət göstərir. Üstəlik də otaqların birində Gədəbəydən gətirilən içməli su xüsusi cihaza doldurulur və burdan da hər hansı insan o sudan asanlıqla içə bilir.
Şənbə-bazar günləri davamlı olaraq 6-cı tağımın əməkdaşları reydlərini davam etdirirlər. Ən çox da kobud qayda pozuntularına yol verən sürücülər saxlanılır və onlar barəsində qanunamüvafiq tədbirlər görülür. Sükan arxasında sərxoş vəziyyətdə əyləşən, yolun sağı boş olduğu halda solu ilə gedən, normadan artıq yük daşıyan, sərnişindaşıma qaydasını pozan, avtomobilin konstruksiyasında dəyişiklik edən, icazəsiz və qanunsuz qara pərdələrdən, jalüzlərdən istifadə edən sürücülər saxlanılırlar. Təbii ki, qaydaları pozan sürücülər özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Amma bu bəhanələr heç vaxt onlara kömək etmir. Əksinə, vəziyyətlərini bir qədər də ağırlaşdırır. Xüsusən də sərxoş sürücülər saxlanılarkən bildirirlər ki, iki gün bundan qabaq bir parç pivə içmişəm. Elə bu iy də onun təsiridir. Amma həkim müayinəsindən keçəndən sonra məlum olur ki, həmin sürücü alkoqollu içki qəbul edib və orta dərəcəli sərxoşdur. Aydındır ki, bu cür sürücülər sükan arxasından düşürdülür, maşın cərimə meydançasına qoyulur və sürücü də inzibati məsuliyyətə cəlb edilir. Tağımın polis baş serjantı Abbas Abdullayev son vaxtlar sərxoş vəziyyətdə olan bir neçə sürücünü aşkar edib və onlar barəsində inzibati protokol yazaraq tədbir görülməsi üçün aidiyyəti quruma göndərib.
Altıncı tağımın polis kapitanı, baş inspektor Elçin Orucov bildirir ki, keçirilən reydlər zamanı sərxoş sürücülər, sərnişindaşıma qaydasını pozanlar, normadan artıq yük daşıyanlar və digər qayda pozuntusuna yol verənlər əməkdaşlarımız tərəfindən saxlanılırlar. Sanqaçal istiqamətində əvvəllər bir çox sürücülər və piyadalar bağlara gedərkən qarşıdan gələn nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkət etməsini nəzərə almır və qanunsuz olaraq həmin yerdən geri dönmək istəyirdilər. Bu vaxt da qəzalar baş verir. Biz indi yol idarəsi ilə birlikdə həmin yeri təmir etmişik və ordan maşınlar bir daha geri dönmürlər. İndi bu maşınlar Sanqaçal yaxınlığındakı dairədən təhlükəsiz olaraq geri dönür və hərəkətlərini davam etdirirlər.
Reyd zamanı 6-cı tağımın operatoru Orxan Fazil oğlu Həsənli monitorda qaydanı pozan sürücülərin avtomobilinin nömrəsini xidmət aparan yol polisi əməkdaşı, polis kapitanı Qalib Rzayevə və eləcə də polis serjantı Xəyyam Mustafayevə verir. Onlar isə stasionar postda qayda pozuntusuna yol verən sürücünü saxlayır və onlar barəsində ciddi tədbirlər görürlər.
Ümumiyyətlə, reyddə tağımın əməkdaşlarından polis leytenantı İlham Qurbanov, polis baş serjantları Əşrəf Orucov, Elmir Məmmədov, Vaqif İsmayılov, Məhəmməd Şeyxov, Əhliman Məmmədov və başqaları qaydaları pozan sürücülər barəsində sərt addımlar atırdılar. Bu isə o deməkdir ki, kimliyindən asılı olmayaraq qaydanı pozubsa, məsuliyyətə cəlb edilməlidir və bundan nəticə çıxarmalıdır. Əgər kimsə nəticə çıxarmırsa, deməli, onu gələcəkdə daha sərt cəzalar gözləyir.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV - Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Elçin ORUCOV - 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV - 6-cı tağımın polis kapitanı, baş inspektor, İlham QURBANOV - 6-cü tağımın polis leytenantı, baş inspektor, Əşrəf ORUCOV - 6-cı tağımın polis baş serjantı, inspektor, Xəyyam MUSTAFAYEV - 6-cı tağımın baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU - "Ədalət"in əməkdaşı.