adalet.az header logo
  • Bakı 21°C
23 May 2016 17:10
5826
GÜNDƏM
A- A+

Ramil Usubov Çinin Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 23-də Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gələn İctimai Təhlükəsizlik nazirinin müavini Li Uey və həmin Nazirliyin yüksək vəzifəli şəxsləri ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R. Usubov bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.
Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib.
Transmilli mütəşəkkil cinayətkarlıq, onun ayrı-ayrı növləri, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və s. ilə yalnız birgə səylərlə daha effektiv mübarizə aparmağın vacibliyi diqqətə çatdırılıb. Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çin təcrübəsini yüksək qiymətləndirib.
Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik nazirinin müavini Li Ueymi Azərbaycana ilk dəfə gəldiyini, təhlükəsiz şəhər kimi Bakı ilə tanışlığın qonaqlarda xoş təəssürat yaratdığını, paytaxtın gözəlliyini, xalqımızın qonaqpərvər və əməksevər olduğunu müşahidə etdiklərini deyib. O, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişafında maraqlı olduqlarını, Çin nümayəndə heyətinin ölkəmizə səfərinin dövlət başçıları arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.