adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 May 2016 13:43
12842
MƏDƏNİYYƏT
A- A+

Tarix Muzeyində “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin açılışı olacaq

Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında "Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı olacaq. Muzeydən verilən məlumata görə, bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib. Bölmə iki otağdan ibarətdir: "Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və "Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.

 

Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub. Burada 4 vitrində 60-dan artıq nadir tarixi eksponatlar, həmçinin manekenlər nümayiş olunur. Otaqda qurulmuş 5 informasiya- məlumat panelində tarixi hadisələri əks etdirən məlumatlar, 30-dan artıq fotoşəkil, 4 xəritə və sxemlər verilib.

 

İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub. Burada 8 vitrində 90-a yaxın tarixi eksponat, 70-dən artıq fotoşəkil, 5 xəritə və sxem, 2 bədii kompozisiya, 1 heykəl nümayiş olunur.

 

Nümayiş olunan 150-ə yaxın tarixi eksponatlar sırasında Azərbaycanın İstiqlal Bəyannaməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əsgər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı maraq kəsb edir. Bölmədə qurulmuş monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi tarixi nitq səsləndirilir.