adalet.az header logo
  • Bakı 21°C

HƏZİN, KÖVRƏK DUYĞULAR

VAQİF YUSİFLİ
41856 | 2016-05-21 09:47
İllər ötüb gedir düzülüb ay-ay,
Bir ayın yerinə başqa ay düşmür.
Yüz yerə bölünür bir ömür pay-pay,
Heç nədən, heç nədən ömrə pay düşmür.

Çoxalır gedilən, azalır qalan,
Yollara bənzəyir ömür də bir az.
Bütün yollar bir gün qayıdır, gedir,
Tək ömür yolunu qayıtmaq olmaz.

Bu misraların müəllifi İslam Sadıqdır. Onun şeirlərini səksəninci illərdən oxuyuram, hər yeni çapdan çıxan şeir kitablarına da diqqət yetirirəm. Qırx il öncə o, cavan şair idi, indi isə yaşının və sənətinin kamillik çağlarını yaşayır. Bu illər ərzində çox şey dəyişib-İslamın da, mənim də, bizim dostlarımızın da - cəmiyyətin də, dünyanın da, ictimai aləmin də həyatında böyük, köklü dəyişikliklər baş verib. Qırmızı qalstuklu, komsomol nişanlı , zəfər bayraqlı illər arxada qaldı, indi çoxdan arzuladığımız müstəqillik sevincini yaşayırıq. Bəli, zaman bizi sınaya-sınaya ömrümüzün sonuna doğru aparır. Təbii ki, həyatımızda, gündəlik yaşayışımızda, mənəvi münasibətlərimizdə çox şey dəyişir, amma dəyişməyən, həmişə sabit qalan insanın təbii xarakteridir. Yəni insan hansı vəziyyətlərə, situasiyalara düşürsə-düşsün, kökdən gələn xasiyyətinə sadiq qalmalıdır. İslam Sadıq da bu illər ərzində həm öz insani keyfiyyətlərini, həm də şairlik xarakterini ürəyi kimi qoruyub saxlamışdır.
İslam Sadıq lirik şairdir. İlk şeirlərindən bu çağacan yazdığı şeirlərdə həzin, kövrək, duyğulu şair kimi tanınıb. Hətta yaşadığı mühitdə, cəmiyyətdə baş verən mənfi hallara qarşı yazdığı şeirlərində də əzəl-əbədi şairlik stixiyasını itirməyib.
O, ədəbiyyata xalq şeirinin, aşıq poeziyasının qanadlarında gəlib. Elə bir mühitdə, elə bir ocaqda pərvəriş tapıb ki, o mühit, o ocaq sazın və sözün işığına boyanmışdır. Orada-o mühitdə qoşmalar, gəraylılar, təcnislər, bayatılar çiçək açırdı, saz havaları ürəkləri havalandırırdı. İslam Sadıq da bu çiçəklərdən, bu havalardan ürəyinə yığa-yığa ilk şeirlərini yazdı.

Dağlar başı hələ qardı,
Ətəyinə yaz tökülüb.
Simlərini sındırmışam,
Pərdə-pərdə saz tökülüb.

Üzü məndən elə dönüb,
Bir qayıtmaz yelə dönüb.
Göz yaşlarım gölə dönüb,
Yenə deyir az tökülüb.

İslam Sadıq, durr, keçibdi,
Yeli yolda yor, keçibdi,
Vallah, burdan yar keçibdi,
Yola, izə naz tökülüb.

Bu şeir İslam Sadığın son illərdə yazdığı və xalq poeziyasına bağlılığını sübut edən bir gəraylıdı. "Töküylüb" rədifi üstündə köklənən bu gəraylıda hər bənd oxucunu ələ alır. "Vallah, burdan yar keçibdi, Yola, izə naz tökülüb" - elə bil Aşıq Ələsgərin, Dədə Şəmşirin qələmindən süzülüb bu misralar. Amma yox, bunlar ustadlara "mən sizin varisinizəm" deyə bilən çağdaş aşıq-ozan təfəkkürlü müasir şairimizdir - İslam Sadıqdır.
İslam Sadıq filosof deyil, amma xalq poeziyasında və ümumən çoxəsrlik poeziyamızda qabarıq nəzərə çarpan fəlsəfi ruh onun şeirlərində də nəzərə çarpır.
Hər insan köçündə bir qorxu da var,
Hər qapı keçəndə bir sorğu da var.
Hərənin içində bir duyğu da var,
Sevgidən aşağı, kindən yuxarı.

Burda dərə yatır səndən aşağı,
Dumandan aşağı, çəndən aşağı,
Burda yüz mən vardı məndən aşağı,
Bir mən də yaşayır məndən yuxarı.

İslam Sadıq bu günün şairidir. Həm gördüyünü yazır, hə ürəyindən keçənləri. Həm sevincdən yazır, həm də qəmdən. Təkcə öz daxili aləminə qapanıb qalmır, zamana, dünyaya, yaşadığı mühitə, xalqının dünəninə və bu gününə, türk dünyasına boylanır (Yeri gəlmişkən qeyd edim ki, İslam Sadıq filologiya elmlər doktoru alimlik kürsüsünə qalxıb, o, şumerlərdən maraqlı bir tədqiqat işi ortaya gətirib). O, üzünü görmədiyi bir türk əsgərinin dilindən odlu misralar qələmə alıb. Bütün şəhidlərə, torpağın altını da Vətən bilənlərə epitafiyadır o şeir.

Qılıncım ot biçər ot istəyənə,
Ocağım od verər od istəyənə,
Neçə ad qoymuşam ad istəyənə,
Mən bir türk oğluyam,
Türk əsgəriyəm!
Bürünüb buluddan tülə yatıram,
Köksümdə şimşəklər, hələ yatıram.
Dünyanı bələyib gülə yatıram,
Mən bir türk oğluyam,
Türk əsgəriyəm!

Ümumiyyətlə, İslamın şeirlərində türkçülük havası və sevdası çox güclüdür. Bu isə kənardan gəlmir, ana südündən doğur. "Türkün bayrağı" şeirini mən İslam Sadığın ən gözəl şeirlərindən biri hesab edirəm.
İslam Sadığın "Atamın qəbri-anamın vətəni" adlı şeiri isə ata-ana sevgisinə hörülən ən gözəl şeirlərdəndir. Şəhərdə-oğul evində darıxan Ana nə istəyir? Vətən həsrətindədir.

Sən demə anamın Vətən dediyi,
Atamın qəbriyimiş, atamın qəbri.

İslamın şeirlərində Yurd sevgisi ata qəbrindən, ana ocağından başlanır, daha da genişlənib böyük türk ellərinə gedib satır.
Sevgi şeirlərində də təbiətə, Vətənə həsr elədiyi şeirləri kimi səmimiyyətlə söz açır. Hiss olunur ki, bu səmimiyyət saxta deyil, yaşanılan hisslərin təzahürüdür.
İslamın şeir mədəniyyətim, dilə həssas münasibəti razılıq doğurur. O, müasir şeir texnolojiyasına yaxşı bələddir. "Köhnə havalarda" təzə notlar səsləndirməyi bacarır. Gözəl təcnisləri var.
İslam Sadığın poeziyasından çox danışar, onun özəl şair fərdiliyini təsdiq edə biləcək çoxlu misallar gətirə bilərəm. Amma "görünən kəndə nə bələdlik?". Ona əbədi poeziya sevgisi arzulayıram!

TƏQVİM / ARXİV