adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 May 2016 00:34
6521
LAYİHƏ
A- A+

ŞABRANIN GÖZƏL GÜNLƏRİ

Qədim və zəngin mədəniyyətə malik olan Şabran rayonun ölkəmizin tarixində öz yeri, öz izi və öz nüfuzu var. Təbii ki, bütün regionlarda olduğu kimi, Şabranda da son illər çox böyük abadlıq, quruculuq və tikinti işləri həyata keçirilir. On il bundan əvvəllə müqayisədə bu gün Şabran şəhəri tanınmaz dərəcədə dəyişilib və yenidən qurulub.
Əlbəttə, bu işlərin həyata keçirilməsi üçün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən rayona həmişə böyük qayğı və köməklik göstərilib. Ölkə prezidentinin Şabranın inkişafı üçün ayırdığı vəsaitlər zaman-zaman öz təyinatına uyğun olaraq düzgün xərclənilib və bu istiqamətdə əməli işlər gerçəkləşdirilib.
Şabrana kimin yolu düşsə, orda bir-birindən gözəl parkların, xiyabanların, inzibati binaların şahidi ola bilər. Qəribədir ki, buranın insanları qurub-yaratmaqdan, zəhmət çəkməkdən və alın təriylə iş görməkdən heç vaxt usanmayıblar. Bir-birindən gözəl xəstəxanalar, məktəblər, uşaq bağçaları və digər tikililər diqqətimizi cəlb edir. Bu tikililər milli memarlıq ənənələrinə söykənməklə müasirliyi də özündə əks etdirir. Başqa sözlə demiş olsaq, burdakı tikililərdə milli memarlıq ənənələriylə müasirlik vəhdət təşkil edir, çox gözəl bir harmoniya yaradır.
Əlbəttə, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, ölkə prezidenti cənab İlham Əliyev bu bölgəyə həmişə xüsusi diqqət yetirib. Amma məsələnin bir tərəfi də var ki, gərək icra başçısı da prezidentin səlahiyyətli nümayəndəsi kimi bu etimadı doğrultsun və əməli işiylə yeni izlər qoysun. Bu mənada Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun ölkə Prezidentinə və dövlətçiliyə sədaqəti göz önündədir. Çünki Novruz müəllim Şabranda fəaliyyətə başladığı ilk gündən cənab prezidentə və bir də camaata arxalanıb. Məhz buna görə də çox böyük layihələrin gerçəkləşdiriləmsinə nail ola bilib. Zarafat deyil, qısa zaman kəsiyində Şabran şəhəri və eləcə də rayonun bir çox yaşayış məntəqələri öz görünüşünü dəyişib, yeni tikililər, qeyri-adi müasirliklə diqqəti cəlb edib. Aydındır ki, bu cür böyük quruculuq işlərini həyata keçirərkən bütün şabranlılar bu işə ürəkdən yanaşaraq öz köməkliklərini göstəriblər. Burda ataların bir sözü yadımıza düşür: "El bir olsa dağ oynadar yerindən".
Biz yazımızın əvvəlində Şabranın mərkəzinə gedən quruculuq işlərindən danışdıq. Bəli, həqiqətən də Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə, M.Nəzərov, Q.Qasımov, Ş.Vahabzadə və Heydər Əliyev meydanında çox böyük abadlıq işləri görülüb. Bunu tək biz demirik, həmin parkda istirahət edən yüzlərlə sakinlər də xüsusilə vurğulayırlar. Yaşı 80-ni haqlamış Cəfər Məmmədov fərəhlə bildirir ki, Allah prezidentimiz İlham Əliyevin canını sağ eləsin. Bax, gördüyünüz bu gözəllik, istirahət məkanı onun köməkliyi ilə inşa edilib. Əvvəllər biz qocalar sözün düzü, dincəlməyə, istirahət etməyə yer tapmırdıq. Amma şükür Allaha, bir-birindən gözəl parklar, xiyabanlar, istirahət məkanları mövcuddur. Bəzən biz saatlarla həmyaşıdlarımızla oturub çay içir, damino, nərdtaxta oynayır və asudə vaxtımızı maraqlı keçiririk. İndi biz darıxmırıq və ahıl vaxtımızı çox maraqlı keçiririk. İnsaf naminə deməliyik ki, rayon icra hakimiyyətinin başçısı hörmətli Novruz müəllim də biz təqaüdçülərə və qocalara böyük hörmətlə yanaşır. Dəfələrlə qəbulunda olmuşuq, hər hansı məsələylə bağlı nəyisə xatırlatmışıq və bir müddətdən sonra görmüşük ki, Novruz müəllim bizim dediklərimizin hamısını yoluna qoyub. Oğlum, bir söz də sizə deyim. O Novruz müəllim var ha, Allah onun ölənlərinə rəhmət, qalanlarına can sağlığı versin. Çox sadə, çox səmimi adamdı. Kəndə gedəndə camaatla sıx ünsiyyət yaradır. Hamını dinləyir və gücü çatdığı köməkliyi də göstərir.
Bu gün Şabranda insanların ovqatı, əhval-ruhiyyəsi çox yaxşıdır. Çünki insanlar ölkə başçısına və onun səlahiyyətli nümayəndəsinə çox böyük ümid bəsləyirlər. Məhz buna görə də insanlar rayonda gedən böyük abadlıq, quruculuq işlərini görərək bundan qürur duyurlar. Söhbət etdiyimiz bir neçə yaşlı nəslin nümayəndələri onu da arzuladılar ki, gün o gün olsun Qarabağ müharibəsi bizim qələbəmizlə bitsin və biz də rahat nəfəs alaq.
Qarabağ dedik, yadımıza aprelin 2-dən 5-nə qədər olan Qarabağ uğrunda döyüşlər düşdü. Bu döyüşlərdə Şabran rayonundan da bir neçə igid oğul şəhid olub. Onlar bu qəhrəmanlığa görə, dövlət başçısı tərəfindən mükafatlandırılıblar. Şabran camaatı da şəhid olan oğulların ailəsini heç vaxt tək qoymur. Elə icra başçısı rayonun digər icra strukturlarının rəhbərləri ilə həmin yas məclislərində iştirak edib, onlara lazımi qayğı və köməkliyi göstərib.
Təbii ki, şəhid ailələri hər cür qayğıya, diqqətə və sevgiyə layiqdirlər. Onlar görəndə ki, bu ağır gündə el-oba, vəzifəli şəxslər onların yanındadır, dərdləri bir qədər yüngülləşir. Axı dərd bir yerdə çəkiləndə daha yüngül olur.
Bəli, bu gün şabranlı gənclər arasında vətənpərvərlik tərbiyəsi də çox yüksək səviyyədə qurulub. Ən azından ona görə ki, Vətənin ağır günündə Şabrandan yüzlərlə gənc cəbhəyə gedib döyüşmək üçün hərbi səfərbərlik idarəsinə müraciət ediblər. Bu vətəni, bu torpağı qorumaq hamımızın borcudur. Gənclərimizdə isə vətənpərvərlik məhəbbətini və sevgisini görəndə adamın ürəyi dağ boyda olur. düşünürsən ki, nə yaxşı ölkəmizdə və eləcə də Şabranda belə gənclərimiz var...

(Ardı gələn sayımızda)
Faiq QİSMƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun  maliyyƏ yardımı ilƏ