adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 May 2016 14:08
9062
MƏMLƏKƏT
A- A+

Gəncləşən narkomaniya

Sonu müxtəlif xəstəliklər (QİÇS, xərçəng, epilepsiya) və ya ölüm gətirən narkomaniya və alkoqolizm yayılmağa başladığı vaxtlardan lokal xarakter daşısa da, sonradan bəşəriyyətə düşmən kəsilən qlobal problemlərdən biri oldu.

Danılmaz faktdır ki, hər bir xalqın gələcəyi gənc nəsillərdən asılıdır, ona görə də bunlara müasir gəncliyin bəlası adı verilmişdir. Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdən biridir. Həmçinin, Psixologiyada belə bir elmi nöqtə var: kiçik yaşlı uşaqların yeni yeniyetməlik dövrünə qədəm basarkən siqaretə və ya spirtli içkiyə alüdə olma halları günümüzdə rast gəlinir. Psixologiya elmi bunu belə bir tezislə ifadə edir ki, bu yaşda uşaqlar ətrafdakı insanlara özlərini böyüdüklərini göstərmək istəyirlər. Ailənin zəif tərbiyəsinin təsiri altında özünün böyüdüyünü, artıq böyük insan olduğunu göstərmək üçün bu yeniyetmələr hər hansı bir dəlilə, yaxud yardımçı vasitələrə əl atırlar. Təbii ki, ən asan yol da zərərli vərdişlərin yaranmasına və yaşanmamış gəncliyin gələcəkdə bərbad hala düşməsinə səbəb olur. Bu psixoloji faktor sırf hər hansı bir millət və ya xalq üçün aidiyyət kəsb etmir. Mövzuya geniş bir aydınlıq gətirsək belə bir məntiqi ardıcıllığı göstərmək olar: Bir elmin dövləti, milləti olmur, demək onun gətirdiyi faktorlar da bütün bəşəriyyətə aid olmalıdır. Buradan nəticə çıxır ki, məhz bu cinayəti (buna cinayət də demək olar). Bütün dünya yaşayır.

Bu acınacaqlı hal təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda getdikcə çoxalmaqdadır və son iki ildə respublika ərazisində rəsmi məlumata görə, narkomanların sayı 2-3 minə çatmışdır. Rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir.

Statistik məlumatlara görə, 2013-cü il üçün ölkədə narkomanların sayı 28376 nəfər nəfər təşkil edib, bu rəqəm 2014-cü ildə 28656 nəfər, ötən il isə 28555 nəfər çatmışdır. Statistik məlumatlardan göründüyü kimi narkomanların sayı artır. Çünki tarixi bir az da arxaya versək aradakı fərqin minlərlə rəqəmlə ölçüldüyünü görərik.

Təəssüfedici daha bir hal odur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, Respublikada narkomanların təxminən 17.5%-i 18-29 yaş arasında olan gənclərdir. Narkomanların 2.1%-i nəfəri qadınlar, 44.8 isə 40-49 yaşlı kişilərdir.



Narkomanların 80%-i damar daxili narkotik istifadəçilərdir. Respublika üzrə ən çox narkotik istifadəçilər isə Bakı və Sumqayıt şəhərlərinin və cənub bölgəsinin payına düşür.

Yuxarıda verilənlər rəsmi məlumatlardır, qeyri-rəsmi məlumatlara görə, isə bu ölkədə narkomanların sayı göstərilən rəqəmlərdən bir neçə dəfə çoxdur.

Bunlarla bərabər ölkədə narkomaniya ilə bağlı əks təbliğat həyata keçirilir: Müxtəlif dövlət orta və ali məktəblərində, Dövlət və özəl təşkilatlarında bu istiqamətdə tədbirlər həyata keçirilir.

Ölkə başçısının sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiq edilib. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramının həyata keçirilməsinə nəzarət işi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə olunub və bu istiqamətdə tədbirlər görülür.

Narkomaniya ilə bərabər Alkoqolizmi də göstərmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən ölümlərin təxminən 4%-nin səbəbi alkoqoldur. AİDS, tuberkulyoz xəstəlikləri və müharibələrlə müqayisədə alkoqol daha çox insanın həyatına son qoyur. İçkiyə aludəçilikdən qaynaqlanan ölüm faktları Rusiya və MDB ölkələrində daha çoxdur. Bu ölkələrdə hər 5 ölümdən biri alkoqolizmdən qaynaqlanır. Ümumilikdə dünyada il ərzində alkoqolizm nəticəsində 2,5 milyona yaxın adam ölür. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, spirtli içki düşkünlüyü 60 müxtəlif xəstəliyə və travmaya səbəb olur. Ən çox yayılan xəstəliklər qaraciyər serrozu, epilepsiya və xərçəngdir, üstəlik sərxoş sürücülərin günahı üzündən yol-nəqliyyat hadisələri də baş verir.

Gənclərin, yeniyetmələrin pis vərdişlərə qurşanması hallarının psixoloji məqamı qısa da, olsa yuxarıda qeyd olundu. Bu mövzuda ekspertlərin fikirləri də maraqlıdır.

Kulturoloq Ülviyyə Qasımbəyli hesab edir ki, çətinlikləri elə çətinliklə də dəf etmək lazımdır: "Bizdən asılı olan və olmayan çətinliklər mövcuddur. Bəs biz nədən başlamalıyıq? Biz valideyn və müəllimlərimiz vasitəsilə bu çətinliklərdən yol tapa bilərik”.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlunun fikrincə, gənclərin problemi "iradəvi yaşam”ı imitasiya etməsindədir. Gənclər bu imitasiyadan uzaq olmağa çalışmalıdır. Gənclik müəyyən mənada bu ətaləti dağıtmalıdır”.


Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Görəsən, ətrafımızdakı insanların bu zərərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyət? İnsan münasibətləri? İnsan özü? Bəlkə daxilimizdəki İBLİS?

Rüfət Soltan