adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 May 2016 13:48
16267
ƏDƏBİYYAT
A- A+

Görmədiyi XXI əsrin övladı

Onu XX əsrin, konkret olaraq Sovet epoxasının şairi adlandırırlar. Yazdığı şeirlərin əksəriyyəti Qırmızı rejimin tərənnümünə həsr olunmuş şair, dövr dəyişəndən sonra çoxlarının qınağına tuş gəlsə də, əslində bu qırmızın arxasındakı qara məhdudiyyəti, qaranlıq zindan vahiməsi, qara qəlblərin niyyətindən dolayı zahiri rəngini gizlətməli olurdu. Əslində isə yaşadığı dövrün pəncərəsindən öz əsrini deyil, arzuladığı, lakin qisməti olmadığı XXI əsrə baxırdı. Söhbət Azərbaycanın görkəmli şairi, dramaturqu Rəsul Rzadan gedir.

 

"Rəsul Rza XX əsrdə doğuldu, XX əsrdə həyatı başa çatdı. Ömür yolu bütünlüklə bu əsrə sığdı. Amma o, ömrünün hər gününün min bir teliylə bağlı olduğu bu əsrin deyil, daha sonra gələn zamanın balası idi. Əslində o, görməyəcəyi XXI əsrin övladıymış. O, payına düşmüş vaxt kəsiyində sadəcə kirayənişindi”, – bu fikirləri şairin davamçısı, xalq yazıçısı Anar deyir. Əlbəttə, atanı oğuldan yaxşı kim tanıyar ki! Üstəlik, oğul təkcə onun bioloji davamçısı deyil, həm də qələminin xələfi olarsa, demək şairin ürəyində qalıb deyə bilmədiklərini, susqunluğun barmaqlığı arxasında qalmış fikirləri azadlığa qovuşdurmağa da haqqı çatar.

Rəsul Rza sovet barmaqları ilə yazan müstəqil azərbaycanlı idi. Dövrünün müəyyən çərçivəsinə qələmini sığışdırsa da, o qələmi müti öyrətmədi. Onun şeirlərinə nəzər salanda XXI əsrin dünyəvi şeir anlayışını, postmodernizm çalarlarını görmək olar. Güclü metafora, hadisələrin insani şəkilləndirilməsi Rəsul Rzanın tez-tez müraciət etdiyi ədəbi priyomlar idi:


Gah dünyanın dərdi-səri sıxdı məni,

gah corablarımın boğazı.   

 

Rəsul Rza yaradıcılığı günümüzdə "Sovet” damğası altında çoxları tərəfindən dağlansa da, onun özü vaxtilə ənənəvi sovet qəlibinə dağ çəkmişdi. 30-cu illərdə poeziyaya sərbəstlik gətirərək şeiri nizamdan, qələm yoldaşlarının bəzilərini isə təbdən çıxartdı. Şairin bəzi qələm dostları onun haqqında donoslar yazıb Rəsul Rzanı antisovetçilikdə, millətçilikdə, formalizmdə ittiham edirdilər. Sual(lar) yaranır: bizim bu əsrdən görə bilmədiyimizi, o əsrin araqatanları nə yaxşı görə bildilər? Bəs onlar Rəsul Rzanın heç də Sovet şairi olmadığını nə əcəb duya bildilər? Və bu "ittiham”lar niyə bugünkü donosçuların gözünü açmır? Görünür, biz XXI əsrdə klaviatura arxasında oturub, XX əsrin çap maşınkasının bəhrələrini yaxşı redaktə edə bilmirik. Naşirlərin dili ilə desək, "Üçüncü göz” lazımdır. Yəni Rəsul Rza layiqli dəyərini alması üçün XXII əsri gözləməlidir. Axı o, həmişə gələcəyi arzulayırdı? Özünü dövrünə sığışdırmadığı şair, elə bizim dövrümüzə də dar gəldi.  

 

Görünür, yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə...

Və bu gün dar mühitdə doğulsa da, buna boyun əyməyən böyük şəxsiyyətin doğum günüdür. Rəsul Rza 1910-cu il may ayının 19-da doğulub. Ömrünü bir əsrə sığışdırsa da, ruhunu əsrlərə qovuşdura bilib. Qələmi ilə təsvir etdiyi gələcəyə!..


Şəfiqə ŞƏFA