adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 May 2016 12:26
12593
MƏMLƏKƏT
A- A+

Ət fürsətçiləri - ARAŞDIRMA

Yararsız ət məhsulları gündəmin əsas mövzusuna çevrilib. Əvvəlki dövrlərə nisbətən bu sahədə şəbəkə genişlənir. Bir müddətə qədər bu qəbildən olan ətlərin kolbasa sexlərinə verilməsi ilə bağlı məlumatlar yayılsa da indi artıq Şadlıq sarayları, kafelərdə də yararsız ətlərdən istifadə olunması faktları var. Dövlət qurumları problemin həlli istiqamətində davamlı addımlar atmasına baxmayaraq problem hələ də qalmaqdadır.

Regionlarda bir sıra yolüstü kafelərdə o cümlədən şəhər kafe və restoranlarında qida rasionundakı gigiyenik çatışmazlıqların mövcudluğu ilə bərabər sual olunur ki, həmin müəssisələrdə ət məhsulları ilə bağlı mütəmadi yoxlamalar aparılırmı? Dövlət qurumları ətlərə qarşı mübarizədə öncədən tədbirlər görürlər, lakin sifarişçi və sahibkarların ucuz məhsula tamah salması məsələnin həllini daha da çətinləşdirir. Bakının restoran və dönərxanaları, kolbasa sexləri at-eşşək, ucuz leşlərdən gen-bol yararlanıb və yararlanmaqdadır. Hal hazırda gündəmin ən çox yayılan xəbərlərindən biri də məhz ət sektorunda baş qaldıran natəmizlik və yarasız, vaxtı keçmiş ən əsası isə mənşəyi gizlədilən heyvan ətləri ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bir sıra rayonlarda apardığı əməliyaytlarda tonlarla yarasız qida tullantılar aşkarlamışdı.

Bu xəbər insanlarda bazarlarda satılan ət məhsullarına qarşı şübhələr yaratmağa başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq xidmətindən mətbuata verilən məlumata görə, təkcə 2015-ci ildə 48 min 515 kiloqram qida üçün yararsız, mənşəyi məlum olmayan heyvandarlıq məhsulları aşkar edilərək, zərərsizləşdirilib. 2016-cı ilin də ilk aylarından başlayaraq mətbuatda tonlarla ətin məhv edilməsi ilə bağlı materiallar yer alıb. May ayının yeni başladığı bu günlərdə isə 2 ton yararsız ət məhsulu aşkarlanıb.

Bəzi hallarda isə iş üstündə yaxalanan sahibkarlar ət məhsullarının mal ətindən ibarət olduğunu söyləsələr də tibbi araşdırmalar at əti amilini ortaya qoyur. Sahibkarların da dediyi kimi at ətinin insan orqanizmi üçün zərəri yoxdur. Bununla bağlı tibbi ekspert Adil Qeybullanın açıqlamasında sağlam at ətinin insana heç bir zərəri olmadığı ortaya çıxır, lakin: "At əti qida rasionunun bir hissəsini təşkil edir. Sadəcə onu nəzərə almaq lazımdır ki, hər bir regionun öz qida rasionu var. Yəni bizim bölgənin insanları at əti yeməyə öyrəşməyiblər. Ona görə də, at əti yemək həzm prosesində hər hansı bir pozğunluq yarada bilər. Ancaq müəyyən bir adaptasiyadan sonra buna da adət etmiş olurlar. Tərkibi zülaldı, proteindi, bu baxımdan geniş şəkildə istifadə olunur” – deyə ekspert əlavə edib.

Bununla belə, "At ətinin xüsusi bir faydası varmı?” sualına isə Adil Qeybulla belə cavab verdi: "Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər. Çöl heyvanları ilə ev heyvanları nın ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirdi ki, yarasız ət məhsullarının yayılmasında əsas qüvvə sifarişçilərdir: "Biz məlumatları alıb dövlət orqanlarına ötürürük. Çox yaxşı haldır ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi bununla fəal məşğul olur. Lakin bunun qarşısını almaq o qədər asan məsələ deyil. Burada ölkə prezidentinin dediyi kimi ictimai nəzarət olmalıdır. Çünki bu hadisələr polislərin, sahə müvəkkillərinin, bələdiyyələrin gözü qarşısında baş verir. Ona görə də burda ictimai qınaq olmalıdır. Və bunun sifarişçisi tapılmalıdır. Çox təəssüf ki, vəziyyət ifşa olunur, ancaq sifarişçi kimdir, onu tapmırlar. Bu məsələ ictimai nəzarət və ictimai qınaqla həll oluna bilər".

Qeyd olunduğu kimi at əti mal və qoyun ətinə nisbətən ucuz başa gəlir və çürümüş ət məhsulları əsasən kiçik kolbasa-sosiska sexlərinə satılır. Bu barədə mətbuata verdiyi açıqlamada Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov bildirib ki, yararsız ətlər qanuni fəaliyyət göstərən kolbasa sexlərinə verilmir. Gizli fəaliyyət göstərən kolbasa sexləri də var: "Son dövrlər biz bir neçə kolbasa sexində faktlar aşkar etdik. Bu yaxınlarda Abşeronda Mazasır qəsəbəsində, keçən il "Zirvə" kolbasa sexində nəzarət tədbirləri həyata keçirildi. Nəticəsi barədə ictimaiyyət məlumatlandırıldı. Sexlərdə istifadə olunan ət məhsullarından nümunələr götürülür. Respublika laboratoriyasında yoxlanılır. Bundan sonra əgər həmin nümunələrdə bakterioloji çirklənmə qeydə alınarsa, biokimyəvi göstəricilər qida üçün yararsız olarsa, tərəfimizdən məhv edilir. Bu müəssisələrdə emal olunan ət məhsullarından da nümunələr götürülüb Respublika laboratoriyasında analiz olunacaq. Əgər keyfiyyətsiz olarsa, müvafiq tədbirlər görüləcək".

Rüfət Soltan