adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ataxan Paşayevin yeni kitabı

5584 | 2016-05-14 11:36
Bu günlərdə Elm və Təhsil nəşriyyatı görkəmli arxivşünas - alim, tarix elmləri doktoru Ataxan Paşayevin "Tarixi yaddaşımızın etibarlı saxlanc yeri" adlı kitabını çap edib. Kitabda Ataxan Paşayevin elmi fəaliyyətini əhatə edən üç böyük istiqamətə - Azərbaycan Xalq Cümhuriyyəti, erməni vəhşilikləri və "Molla Nəsrəddin" jurnalına dair arxiv sənədlərinə istinadən müxtəlif illərdə qələmə aldığı məqalələrdən, eləcə də kitablara və arxiv sənədləri toplularına yazdığı müqəddəmələrdən seçmələr toplanmışdır. Ataxan müəllim ilk dəfə çap olunan məqalələrindən bu günə qədər 300-dən artıq elmi və publisistik məqalələrin, ensiklopedik oçerklərin və 10-dan çox kitabın müəllifidir. Ataxan müəllim bir sıra mötəbər beynəlxalq elmi-praktik konfranslarda öz elmi məqalələri ilə çıxış edib.
Ataxan müəllim kitabın ilk səhifələrində ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Tariximizin böyük himayədarı" məqaləsində yazır: "Böyük zəka sahibi Heydər Əliyev hansı sahəyə müraciət etmişsə, orada böyük müvəffəqiyyətlər qazanmışdır. Onun fəth edə bilməyəcəyi bir zirvə, öhdəsindən gələ bilmədiyi iş yox idi. Çoxları bunun səbəbini dahi şəxsiyyətin nadir fitri istedadında görürlər. Bu, həqiqətən də, belədir və təkzib olunmaz faktdır. Ancaq Heydər Əliyevin iş üslubuna yaxından bələd olanlar bu dahi şəxsiyyətin həyatda qazandığı böyük müvəffəqiyyətlərin səbəbini İlahi tərəfindən verilmiş böyük fitri istedadı ilə yanaşı, onun əməksevərliyində, özünə qarşı hədsiz tələbkarlığında və daim öz üzərində gərgin işləməsində görürlər.
Hər hansı dövlət əhəmiyyətli məsələdən söhbət gedəndə, o, həmin məsələyə dair müxtəlif mənbələrdən mümkün qədər çoxlu sənəd və materiallar toplamağı tapşırırdı. Onların üzərində ətraflı iş gedirdi. Əldə olunmuş nəticələri kompüter dəqiqliyi ilə işləyən fikir süzgəcindən keçirir və irəli sürdüyü hər hansı fikrin məntiqi müqabilində müsahibinə alternativ söz deməyə yer qoymurdu".
Filologiya elmləri doktoru, professor Əsgər Rəsulov kitaba yazdığı ön sözdə qeyd edir ki, Ataxan müəllim özünün aforizm kimi səslənən "Hansı xalqın ki, mükəmməl arxivi var, o xalqın həqiqətən də, mükəmməl yazılmış tarixi var" düşüncəsinə heç bir zaman dönük çıxmayıb. Onun mükəmməl olması üçün böyük əmək sərf etdiyi arxiv sisteminin materialları əsasında yazdığı kitab və məqalələr də öz məzmun və mündəricəsi, tarixi fakt və sənədlərə sədaqəti ilə seçilir. Ataxan müəllimin "XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar", "Köçürülmə", "Tarixi həqiqətlər və erməni soyqırımları", "Deportasiya", "Bakıda 1918-ci il mart faciəsi", "Şamaxı faciələri", "Zəngəzur faciələri", "Quba qırğınları", "Qarabağ bölgəsində erməni vəhşilikləri", "Erməni xisləti", "Ermənilərin tarix boyu, eləcə də günümüzdə ortaya atdıqları uydurma problemlərə, Türk dünyasına qarşı məkrli planlarına qarşı qoymaq baxımından əvəzsiz, inkarı mümkünsüz və təkzibolunmaz mənbələrdir. Ataxan müəllimin tarixşünaslıq anlayışı ümummilli liderimiz Heydər Əliyevin tarixə və tarixçiliyə dair düşüncəsindən qidalanır: "Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətlən-dirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz".
Ataxan müəllimin bu yeni kitabı cümhuriyyət tarixi ilə əlaqədar yazılan çox maraqlı əsər olaraq gərgin, tarix baxımından elmi axtarışların nəticəsi kimi çox dəyərləndirilir.
Artıq iki yüz ildən çoxdur ki, milli hissiyyatımızla oynayan qara qüvvələrin məkirli siyasəti xalqımızı tarixi yaddaşına qanla yazılıb. Ataxan müəllimin məqalələrində xalqımızın erməni işğalçılarına qarşı uzun illərlə apardığı mübarizə tarixi faktlara söykənərək təsvir olunur. On doqquzuncu əsrin sonlarından və iyirminci əsrin əvvəllərindən başlayaraq ermənilərin xalqımıza qarşı yeritdiyi soyqırım müharibələrini, işğalçılıq siyasətinin mərhələləri kitabda geniş şəkildə şərh edilir.
Vətən sevgili, yüksək vətəndaşlıq duyğuları ilə vətəninin mənafeyini hər şeydən üstün tutan, dövlətimizə, dövlətçiliyimizə sədaqəti, etibarı ilə bağlanan Ataxan müəllimin bu kitabı xalqımızın qan yaddaşının şahididir. Ataxan müəllim müsahibələrinin birində qeyd edir ki, "Azərbaycan arxivlərində ermənilərin yalan iddialarına cavab verəcək sənədlər var. Təəssüf ki, Azərbaycan tədqiqatçıları bu sənədlərlə işləməyə elə də maraq göstərmirlər... Erməniləri ifşa etməyi özünə həyat yolu seçən çox az tədqiqatçı var".
Ataxan müəllim yazdığı bütün məqalələr tarixi faktlara, elmi araşdırmalara söykənərək erməni vandalizminin iç üzünü açır, tarixi gerçəkliklərin xalqa, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması yolunda çox əhəmiyyətli rol oynayır.
Kitabda xalqımızın cümhuriyyət tarixinin görkəmli şəxsiyyətləri olan Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və Məhəmməd Xan Təkinskinin Azərbaycanın müstəqilliyi uğrundakı mücadilələrindən bəhs edən məqalələr Ataxan müəllimin gərgin araşdırmalarının məhsuludur.
Ataxan müəllim 1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı ilk açıq təcavüzləri və vəhşilikləri haqqındakı hadisələrindən bəhs edərkən yazır. "Ermənilər elə bir millətdirlər ki, onlar getdikləri yerlərdə əvvəlcə özlərini çox həlim, sakit, işgüzar, sözəbaxan, yolagedən göstərirlər. Lakin özlərinə yer edərək möhkəmləndikcə artıq geydikləri quzu dərisini çıxarıb, canavar dişlərini göstərirlər".
Təbii ki, son illər Ermənistanın təcavüzü nəticəsində 20-dən çox işğala məruz qalan torpaqlarımız, bir milyondan artıq vətəndaşlarımızın öz doğma, dədə-baba yurdlarından köçkün düşməsinin də səbəbinin məkrli ermənistan və onun havadarlarının olması faktı bu kitabdakı təsvir olunan hadisələrlə üst-üstə düşür. Və ötən əsrin əvvəlindən başlayaraq bu günümüzə qədər xəstə təxəyyüllü bir xalqın üzdəniraq siyasətçilərinin indiki hərəkətləri də müəllifin yazdığı kitabdakı faktlar bir daha təsdiq edir.
Kitabın başqa bölmələrindəki "Türksoylu millətlərə qarşı soyqırımın gerçəkləşməsidə millətçi erməni partiyaları", "Deportasiya", "Böyük amallar carçısı", "Naxçıvanda muxtariyyət necə yarandı" və "Soyadlarımıza tarixi baxış" adlı məqalələr yaxın və uzaq tariximizin qaranlıq səhifələrini gözümüz önündə canlandırır. Yəqin ki, yaxın gələcəkdə Ataxan müəllimin bu kitabı ingilis dilində və başqa dillərdə də çap olunub yayılacaq.

TƏQVİM / ARXİV