ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
43812 | 2016-05-14 10:05
Fəridə Hacıyeva otuz ildən artıqdı bizim müasir poeziyamızda bir fərd olaraq seçilməyə can atır və son illərdəki yaradıcılığı ilə tanışlıqdan sonra qəti deyə bilərik ki, bu xanım yazar artıq öz fərdi dəst-xəttiylə seçilir. Onun təkcə Azərbaycanda deyil, artıq onun hüdudlarından kənarda da tanındığını etiraf edirik. Bu yaxınlarda Türkiyədə (Əskişəhərdə) Fəridə xanımın "Bir menekşe masalı" şeirlər kitabı çapdan çıxıb və artıq türk oxucuları da bir azərbaycanlı xanımın şeir aləmi ilə tanışlıq əldə edə bildilər. Kitaba yazılan annotasiyada oxuyuruq: "Fəridə Hacıyeva Azərbaycanın tanınmış qadın şairidir. O, "Bir Menekşe Masalı" kitabında Azərbaycanın, onun böyük Qarabağ dərdini, özgürlüyünü qazandıqdan sonra bir gözü ağlayan, bir gözü gülən vətənin çeşidli problemlərini ələ almışdır".
Qeyd edək ki, bu kitab təkcə Fəridə xanımın Vətən sevgisiylə, Qarabağ yanğısıyla əks olunan şeirlərini deyil, həm də bu şairənin yaradıcılığı haqqında Azərbaycan və qardaş türk müəlliflərinin ürək sözlərini də əhatə edir. Amma öncə şeirlər haqqında.
Fəridə Hacıyeva Bakıda doğulsa da, əslən Qubadlıdandır. Qubadlı Azərbaycanın son dərəcə gözəl, təbiət mənzərələri göz oxşayan, dağları, çayları, meşələri, bulaqları, quşqonmaz qayaları ilə məşhurdur və indi müvəqqəti olsa da, işğal altındadır və Fəridə xanım da öz ata-baba yurdunu həsrətlə yad edir.

Ehey,
Qərib məzarların
soyuq daşları!
Ağrılarım
Sizdən uzaq.
Fəryadımın
Qolu bağlı.
Həsrətimin
Sonu yoxdur.
Qurumuşdur
Göz yaşlarım.

Fəridə xanımın Qarabağ həsrəti ayrı-ayrı konkret obrazlarda təcəssümünü tapır. "Xocalım", "Şuşam hey", "Elim hey" şeirləri böyük nisgilin, yanğının ifadəsidir. Kim istər ki, gözəlliklər məskəni, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa hələ də əsarətdə inləsin. Kim istər ki, biz öz Vətənimizdən Vətənimizin gözəl bir guşəsinə həsrətlə boylanaq? İnsan dözümünün də müəyyən həddi var və bu həddi keçəndə dərd, qəm girdabına düşürsən:

Həsrət qaldım havana,
Sevgi dolu yuvana,
Çən çiskinlə dumana,
Dərdlərimlə qoşam hey.
Şuşam mənim, Şuşam hey...

Deyirlər ki və doğrudan da şübhə yox ki, qadın qəlbi ən zərif bir çiçəkdir və bu çiçək gərək solmasın, soluxmasın, yad nəfəs o çiçəyə toxunmasın. Təbii ki, bu zəriflik, bu incəlik onların şeirlərində də öz ifadəsini tapacaq. Professor Kamil Vəli Nərimanoğlu yazır: "Anna Axmatova, Mariya Svetayeva, Mirvari xanım Dilbazi, Nigar xanım Rəfibəyli, Mədinə xanım Gülgün qadın incəliyinin, xanım zərifliyinin söz ifadəsi olaraq tariximizə daxil olmuşdur. Mətbuatdan izlədiyim və şeirlərini böyük bir şövqlə oxuduğum Fəridə xanım Hacıyevanın şeirləri, qadın kimi düşünüb, qadın kimi yazmanın örnəyi kimi ədəbiyyatımıza gəlmişdir. Fəridə xanımın çeşidli konularda, çeşidli formalı şeirləri dünyaya qadın baxışının şeirsel ifadəsi kimi dəyərlidir". Biz onun şeirlərində məhz Azərbaycan qadınına, Azərbaycan anasına xas olan xüsusiyyətlərin, milli dəyərlərin ifadəsini görürük. Bugünkü şair xanımlarımız nə düşünür-bax, Fəridə xanımın şeirlərində də bunu axtarıb tapırıq. Təkcə zəriflik, incəlik deyil, həm də bir üsyan, bir hayqırtı da eşidirik onun şeirlərində.

İstərsəniz atın məni,
Bir dənizə.
Boğulmaram-

deyən bir şairə haqsızlığa, məmləkətinin bu durumuna biganə qala bilməz. Vətən isə həm də öz məlum sərhədlərindən də geniş və intəhasızdır. Onun Türkiyəyə, İstanbula, Mərmərə dənizinə aid yazdığı şeirlər də bunun əyani sübutudur.
Şairin Tanrı ilə mənəvi, ruhi bağlılığı şeirimizdə zaman-zaman səslənməkdədir. Klassik poeziyadan gələn bu ənənə müasir şeirimizdə də davam etməkdədir.
Müstəqillik təkcə ölkəmizin ictimai, siyasi həyatında, quruculuq fəaliyyətində deyil, həm də mənəviyyat aləmində, ədəbiyyat və incəsənətdə də bir sıra yeni meyl və tendensiyaların yaranmasına səbəb oldu. Bir vaxtlar qadağan olunan mövzulara üz tutuldu. O mövzulardan biri də dini dəyərlərin qiymətləndirilməsi, Tanrıya müraciətlər oldu. Beləliklə, Allah müqəddəs bir obraz kimi yenidən bədii ədəbiyyata qayıtdı. Bu qayıdış yetmiş illik ateizm dövrünün süqutunu da sona çatdırdı. Mən F.Hacıyevanın şeirlərinə həsr etdiyim bir məqaləmdə yazmışdım ki, onun şeirlərində də Tanrıya sığınmaq arzusu, Tanrıya hədsiz məhəbbətlər izhar olunur. Bu, otuz ildən artıq şeir aləmində öz sözünü deyən bir şairin mənəvi dünyasının çırpıntılarıdır. O öz şeirlərində xalqdan gələn sufi düşüncəsini də ifadə edir. Təsadüfi deyil ki, Fəridə xanımın bir silsilə şeirləri Mövlanaya sevgilər ruhunda qələmə alınıb. "Hu Meydan Hu" şeirlər kitabına yazdığı ön sözdə Fəridə xanım deyir ki: "Hz.Mövlana elə bir varlıq, elə bir parlaq günəşdir ki, onun yaydığı qızılı tellər min-min könüllərə sevgi adlı gözəllik bəxş edir. Onun əsərlərinin sehri insanların həyat məktəbinə çevrilir. Hər birini düz yolun yolçusu olmağa kömək edir... Hz. Mövlananın əsərlərində, əsasən də "Məsnəvi-Şərif"də insan tərbiyəsinin, əxlaqın, könül paklığının ucalığından söz açılır. İnsan qəlbinin incəliyi o qədər özəlliklə təhlil olunur ki, bu məktəbi öyrənənləri sevgiyə bəhrələndirir. Hz. Mövlananın əsərlərinin böyüklüyü ondadır ki, onun tilsiminə düşən kəs, Tanrıya ucalan gözəlliklərdən, alilikdən əl çəkə bilməz. Məhz bu hünərinə görə Hz. Mövlana Böyük Türk İslam sufisi, məna ərlərinin öndəri, aşiqlərin sərvəti və könüllər sultanı adlandırılmışdır".
Əlbəttə, Mövlana Ruminin eşq fəlsəfəsinə vaqif olmaq, bu fəlsəfənin mahiyyətinə dürüstlüklə bələd olmaq o qədər də asan deyil. Burada ən əsası Mövlana dünyasına sevgi başlıca rol oynayır. Əgər bu sevgi varsa, o zaman sənin şeirlərində də Mövlana ruhunun zərrələri öz əksini tapajaq:
Ruhumun, varımın əzəli, bütü,
Canıma can verən ürəyim mənim.
Dünyam nur içində tamam, büsbütün,
Yolun öz yolumdur gərəyim mənim.
Nurunun izinə düşüb gedirəm,
Gözümdə yerlə göy bir havadadır.
Günəş aya həsrət, görüşə bilmir,
Əzəldən öyləcə qovhaqovdadırn.
Quluna, əfəndim, qulunam Mövlam!
Yolunda bir zərrə tanecigim mən.
Tərki dünyadayam, səni gəzirəm,
O parlaq üzünü görəjəyəm mən.

Fəridə xanımın mənəvi saflıq təbliğ edən Mövlana ruhlu şeirləri haqqında mətbuatda maraqlı fikirlər söylənmişdir. Türkiyədə yaşayan həmyerlimiz, ədəbiyyatşünas Tamilla Abbasxanlı-Əliyeva yazır: "Fəridə Hacıyeva Mövlana sevdalısı şairlərimizdəndir. Bəlkə Azərbaycanda Mövlanaya onun qədər çox şeir yazan şair yoxdur. Fəridə xanım hər il Aralıq ayında Mövlananın vətəni Konyada böyük mütəfəkkirin şərəfinə düzənlənən Şebu-Aruz törənlərinə qatılmaqdadır. Eyni zamanda Mövlana ilə ilgili simpoziumlarda da konuşma yapmışdır. Şeir yaradıcılığında Mövlananın fikirlərinə, ona olan sevgisinəı geniş yer ayırmışdır:

Ayağım üzülür yerdən,
Yolumu göydən salacam.
"Məsnəvi"dən qidalanıb
Tanrıma yaxın olacam".

Tanınmış ədəbiyyatşünas Maarifə Hacıyeva yazır: "Fəridə xanımın XIII əsr Türk dünyasının böyük mütəsəvvifi, Tanrı aşiqi və insan dostu olan Həzrət Mevlana Cəlaləddin Rumiyə olan mənəvi borcunu ifadə edən bir çox şeirləri onun "Hu, Mevlam, Hu" kitabında toplanmışdır. "Hu" ərəbcə "O" mənasını ifadə edən Allahın ismidir. Arif sufilər, sufi böyükləri, "Allah" kəlməsini ululuq mərtəbəsində "Hu" şəklində ifadə etmişlər. Sufi dərvişlər zikr əsnasında Allahı "Ya hu" şəklində də zikr edərlər. Azərbaycan dilində bu ifadə "Ya Allah", "Ey Allah" şəklində söylənilir. Fəridə xanımın poetik süzgəcindən süzülərək şeirə keçən "Hu" kəlməsi dərin poetik bir ifadə dərsi, gözəl bir ahəng və intonasiya ilə şeirlərində səslənir: "Dağ başında zikr edən mən, Neyə dönüb "Hu" deyəcəm. Xoş səs könlümə düşəcək, İlahidi bu...deyəcəm".
"Çağrı" dərgisinin sahibi Feyzi Halıcı və həmin dərginin yönətməni Fatma Bahar yazırlar ki, Fəridə Hacıyeva öz şeirlərində hər zaman Möalana sevgisindən söz açır". Əlbəttə türk dünyasının bu böyük mütəfəkkirindən təsirlənmək onun ruhi aləmindən gəlir. Qoy bu ruh həmişə yaşasın!

TƏQVİM / ARXİV