adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ÖZÜNÜ AZAD HİSS EDİRSƏNMİ?

FƏRİDƏ RƏHİMLİ
49782 | 2016-05-14 09:41
İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali məqsəddir. Daim tərəqqiyə can atan insanın fikir azadlığı olmadan buna nail ola bilməz. Asılılıq, əsarət, köləlik azadlığın düşmənidir. Təfəkkür azadlığı təkcə dahi şəxslər üçün zəruri deyil, o, qadir olduqları ən yüksək əqli inkişaf səviyyəsinə çata bilmələri üçün adi insanlara daha çox lazımdır. Mənəvi və əqli köləlik mühitində belə fövqəladə zəkalar olub və yenə də yarana bilər.
Hər bir insan onun malik olduğu irqdən, cinsindən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüqüna malikdir! Yəni, heç kəs siyasi, elmi, dini baxışlarına görə sıxışdırılmamalıdır.
İnsan öz tarixinin başlanğıcında təbiətin sirlərini anlamayanda dərk edilməyən hadisələrin qulu olurdu, yəni, azad deyildi.Obyektiv qanunları nə qədər dərindən öyrənirsə, insan öz fəaliyyətində o qədər şüurlu və azad olur. Marksist fəlsəfəyə görə, dərk edilməyən qanunlar "kor"zərurət kimi təzahür edirlər. Niderland filosofu B.Spinozanın tərifi ilə":Azadlıq dərk edilmiş zərurətdir". T.Hobs hesab edirdi ki, azadlıq müqavimətin olmamasıdır.Onun fikrincə insanın azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin müqavimətə rast gəlməməsidir. Russo deyirdi: "Azadlıq-bərabərlik olmadan yaşaya bilməz". Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan üçün ən əzablı qayğıdır; insan və insan cəmiyyəti üçün heç nə, heç vaxt azadlıq qədər ağır yük olmamışdır. İnsan azad olandan sonra tələsik axtarır ki, kimin qarşısında diz çöksün və azadlıqdan xilas olsun. Kant göstərir ki, azadlıq hərfən və mahiyyətcə ideyadır. Bütün cəmiyyəti azad etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı ağlasığan bir şey deyil. Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi. Onun fikrincə azdlıq odur ki, insan yalnız özündən asılı olsun. Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki, azadlıq - şəxsiyyətin özünü idarə etməsidir, onun mənəvi, emosional qabiliyyətinin ifadəsidir. M.Haydegger göstərirdi ki, insana Taleyi özünə tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış, odur ki, onun azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir. O, azadlığı idrak ilə əlaqələndirirdi.O, yazmışdı "Hər cür əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil, hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir". Onun sözlərinə görə özbaşınalıq "azadlığın gecə tərəfidir".
Çoxları isə hesab edir ki, azadlıq müəyyən fikir müstəqilliyi, fəaliyyət sərbəstliyidir, insanın öz yaradıcılıq qabiliyyətini sərbəst ifadə etmək imkanıdır. Fəlsəfə tarixində bir sıra böyük filosoflar (Aristotel, Hegel, Marks və b.) azadlıq, o cümlədən siyasi azadlıq haqqında fikir söyləmişlər.
Hüquqi dövlətdə fərdlər hər hansı ideoloji nəzarətdən azaddırlar. Fikir azadlığına aşağıdakılar daxildir: 1.Buraya hər hansı rəyi, o cümlədən, ateist əqidəni də özündə əks etdirən azadlıq. 2.İnsanın ruhi-mənəvi və intellektual həyatının bütün aspektlərini əhatə edən azadlıq daxildir.
Yuxarıda deyilənlərə əsaslanıb demək olar ki, azad yaşamaq üçün imkanlara sahib olmalısan. Daha çox azad olmaq üçün imkanlarını artırmalısan. Ən bəsit halda izah etdikdə, daha çox pul, fərqli əlaqələr, yaşayış yeri v.s. qazanmalısan və sağlam olmalısan, daha çox öyrənməlisən, hərəkətlərə özünün məntiqli hesab etdiyin mənaları verməlisən. Bu yerə qədər hər şey bəsit görünə bilər. Məsələni qəlizləşdirən insanın özünün özündən azadlığıdır. Bu çox zaman digərlərindən azad olmağını məhdudlaşdıra bilər. Bu dörd sahənin dördündə də azadlığını artırmağa çalışmaq bu dünyanın ən çətin məsələsidir. İmkanlarını hər hansı birində azadlığının artırılmasına daha çox sərf etsən, məcburən digərlərində bu sərfiyyat azalacaq. Amma onu da qeyd etmək lazımdır ki, birində azadlığının artması da, digərində artırmaq üçün fərqli imkanlar yarada bilər.
İnsanların bu "dörd"dən (ətraf mühitin qoyduqları məhduddiyyətlərdən azadlıq; bilməməkdən - cahillikdən azadlıq; mənalar dünyasından azadlıq; İnsanın özü özündən azadlığı) müxtəlif dərədəcə azaddırlar. Azadlığın fərqinə vararaq və ya varmayaraq, istəyərək və ya istəməyərək.
Hər kəs hansısa dərəcədə azaddır. Azadlıq dəyişdirmək və ya yaratmaq üçün istifadə edilmirsə, mənasızdır və onun olması onun var olduğunu bilməyin verdiyi həzzdən başqa çox az şey verə bilər. Bu isə başqalarının sənin dəyişdirmək və ya yarada bilmək imkanına sahib olduğunu bildikləri və bunu istifadə edəcəyinə ehtimal verdikləri üçün sənə verdikləri ola bilər. İnsanlar fərqli imkanlarla doğulur. İmkanları artırmaq üçün çalışmaq lazımdır.
Bəs biz nə dərəcədə azadıq? Ümumiyyətlə, azadıqmı? Nədir azadlıq bizim üçün? Bir parça çörək qazanmaq üçün işə gecikdiyində səhər yuxudan sıçrayıb ayılan, işdən qovulmasın deyə, bəlkə də mənəvi səviyyəsi səninkindən qat-qat aşağı olan birisinin sözlərini həzm edən, işini yoluna qoysun deyə idarədə, təşkilatda, hüquq şöbələrində, səhiyyədə, ticarətdə, təhsildə... bütün sahələrdə rüşvət verərək iki addım qabağa düşən, boğazından, əynindən, "arzularından" kəsib balaları üçün bir şeylər etməyə çalışan, bir məqsədə çatmaq üçün başqasını əzib keçən, xoşbəxt olmaq üçün başqasını bədbəxt edən, ömür dəftərindən vicdan anlayışının yerini əclaflıqla dəyişən insan, azadsanmı?.. Çünki bütün azadlıqların başında maddi asılılığın dayandığını söyləyən insan özünü azad hesab etmək üçün bunlardan keçməlidir.
Bütün bunları düşünərək gəldiyim nəticə isə o oldu ki, azadlığın indiki anda yalnız bir insana - tanıdığım "BOMJ"a (Bomj - Bez opredelёnnoqo mestajitelğstva) mənsub olduğunu anladım. O istedadlı (Çox gözəl piano ifaçısıdır. Küçədə rast gəldiyi pianoda ifa etdiyi klassik musiqi insanları valeh etdi), təhsilli, qabiliyyətli olsa da, evsiz-eşiksiz, tapdığı bir tikə çörəklə gününü keçirən, harda istəsə yatıb yuxusunu alan, geyinməkdə məqsədi yalnız ayıb yerlərini örtmək və istidən-soyuqdan qorunmaq üçün olan, yalnız zərurət olanda danışan, günahsız, babalsız - kimsəyə dəyib-toxunmayan, kimsənin haqqını tapdamayan, kimsənin qeybətini etməyən, böhtan danışmayan (BOMJ-lar həyatlarının çox hissəsini susurlar - F.R), kimsəyə yarınmayan, ev yıxmayan, dünyadan daha çox xeyir götürməyə çalışmayan... ən xoşbəxt, ən azad, ən huzurlu və bu gün cəmiyyətimizdə özünü hacı, kərbəlayı, məşədi adlandıran çoxlarından təmiz vicdanlı, saf qəlbli, içlərində ilahi bir sevgi olan "BOMJ"a...
Kütləvi BOMJ olun demirəm, özünüz olun. Azad görünməyə çalışmayın, azad olmağa çalışın!

TƏQVİM / ARXİV