adalet.az header logo
  • Bakı 6°C
13 May 2016 18:45
60810
MƏDƏNİYYƏT
A- A+

İki gecə bəs edərmi?

Etibar CƏBRAYILOĞLU

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının Bakı qastroluna söz ardı 

 Rayonlarda fəaliyyət göstərən teatrlarımız Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə vaxtaşırı Bakıya qastrola gələrək yaradıcılıq hesabatı verirlər. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı belə bir imkandan yararlanaraq yolunu paytaxtdan saldı. Son illər müxtəlif beynəlxalq festivallarda uğurla çıxış edən bu istedadlı kollektiv qonaqlarını Dövlət Gənc Tamaşaçılar Teatrında qarşıladı.

 

Birinci gecə- "Ruhlar"

 

Qastrolun birinci günü Lənkəran Dövlət Dram Teatrı İtaliya neorealizminin banisi, dramaturq Eduardo de Filipponun "Ruhlar" komediyasını təqdim etdi. Tamaşaya teatrın baş rejissoru Tural Mustafayev quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

"Ruhlar" insanın həyatda yerini tapmaq uğrundakı mübarizəni əks etdirir. Əsərin çox sadə süjet xətti var - böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şayiələr ucbatından bu imarəti icarəyə verməkdə çətinlik çəkir. Nəhayət o, bütün bu gəzən söz-söhbətə son qoymaq üçün malikanəni yeni evlənmiş cütlüyə təmənnasız kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya (Aynur Əhmədov) ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuala (Əbülfəz Axundov) şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur.

Paskuala Alfredo (Tərlan Abdullayev) ilə bağladığı "saziş" barədə arvadına heç nə demir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu (Əməkdar artist Adil Zeynalov) ruhlara  bənzətməklə gülünc vəziyyətə düşür. Hadisələr bir-birini əvəz etdikcə tamaşaçı Paskualanın pula, sərvətə görə necə alçaldığının şahidi olur.

Aktyor Əbülfəz Axundov zavallı, miskin Paskualanın pula hərisliyini, simasızlığını və mənəviyyatsızlığını bacarıqla göstərməklə mürəkkəb obrazın öhdəsindən gəlməyə çalışır.

Lənkəran Dövlət Dram Teatrının nəzdindəki studiyanın yetirmələri Tərlan Abdullayev və Gülər Kərimova öz ifaları ilə Əməkdar artist Adil Zeynalov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov kimi təcrübəli, müxtəlif xarakterli obrazlar oynamış aktyorlardan ibarət ümumi ansambldan geri qalmadıqlarını göstərmək istəyirlər. Gənclər bu istəyinə nail olurlar.  

Tamaşanın yaradıcı heyəti seyrçilərin diqqətini günümüzlə səsləşən məsələyə yönəldir. Cəmiyyətdəki sosial problemlərə, maddi sıxıntılara baxmayaraq insan hər zaman müqəddəs dəyərləri, mənəviyyatını qorumağı bacarmalıdır. Əks halda ətrafdakıların gülüş hədəfinə çevrilərək məhv ola bilər...

Yeri gəlmişkən, Lənkəran səhnəsində hazırlanan "Ruhlar" tamaşası I Şəki Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub və təşkilat komitəsinin diplomu ilə mükafatlandırılıb.

Bakı qastrolunun birinci günü  oynanılan tamaşanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, parlamentin komitə sədri Hadı Rəcəbli, teatr ictimaiyyətinin nümayəndələri, əslən cənub bölgəsindən olan ziyalılar maraqla izlədilər.

 

İkinci gecə- "İlan Sultan"

 

Qastrolun növbəti günü Lənkəran Dövlət Dram Teatrının aktyorları daha bir maraqlı səhnə əsəri ilə paytaxt tamaşaçılarının qarşısına çıxdılar. İranlı yazıçı Bəhram Beyzayinin eyni adlı əsəri əsasında hazırlanan "İlan Sultan"  tamaşası iki gəncin saf məhəbbətindən, mürəkkəb və gözlənilməz hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edir. "İlan Sultan"a müəllifin vətənindən dəvət edilən gənc rejissor Xeyrullah Təqyanipur quruluş verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi (İran),  quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı isə İlqar Əliyevdir.

Tamaşada  əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev (Salnaməçi), aktyorlardan Sayad Əliyev (İran Sultan), Aynur Əhmədova (Nigar xanım), Qızılgül Quliyeva (Dayə), Miraslan Ağayev (Vəzir), Əlibala Əsgərov (Şah), Emin Fərzullayev, Emil Rzayev (Divlər), Tərlan Abdullayev (Darğa), Nizami Qurbanov (Təlxək), Gülər Kərimova, Şəbnəm Hüseynova (səfirlər) ifa edirlər. Maraqlı səhnə əsəri gənclərdə vətənpərvərlik hissi aşlayır, dövlətin, torpağın müqəddəs bir nemət olduğunu diqqətə çatdırır.

Aktyorlardan əvvəl səhnəyə dəvət edilən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi həmvətəni Bəhram Beyzayinin qələmə aldığı əsərin Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulmasını mühüm mədəni hadisələrdən biri kimi xarakterizə etdi. Ağayi İbrahimi bu istedadlı kollektivlə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirdi və birgə layihələr həyata keçirmək istəyində olduqlarını dedi.  

Qeyd edək ki, "İlan Sultan" tamaşası bu ilin yanvarında İran İslam Respublikasının paytaxtı Tehranda  ənənəvi keçirilən Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla oynanılıb. Quruluşçu rejissor Xeyrullah Təqyanpur festivalda "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi olub. 

Teatrın direktoru Tofiq Heydərov bizimlə söhbətdə iki günlük Bakı qastrolunun yekunlarını müsbət qiymətləndirdi: "Tələbkar Bakı tamaşaçıları, hörmətli sənət müəllimlərimiz, teatr tənqidçiləri qarşısında çıxış etmək bizim üçün böyük məsuliyyətdir. Çox şadıq ki, iki gün ərzində tamaşaçılar kollektivin ərsəyə gətirdiyi səhnə əsərlərini maraqla qarşıladılar. Bu şəraiti bizə yaratdığı üçün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Gündəlik işimizdə nazirliyin diqqət və qayğısını daim hiss edirik. Qastrolun ilk günü hörmətli nazirimiz Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev tamaşamıza gələrək bizə mənəvi dayaq oldular.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da kollektivdən diqqət və qayğısını əsirgəmir. Biz də yaradılan şəraitdən ruhlanaraq ölkəmizin mədəni həyatına, teatr sənətinin inkişafına öz töhfələrimizi verməyə çalışırıq. Tez-tez Azərbaycanı və rayonumuzu beynəlxalq festivallarda uğurla təmsil edirik. Qonşu İran İslam Respublikasında və Türkiyədə keçirilən teatr festivallarından yeni dəvətlər almışıq. İstəyirik ki, həmin festivallarda da seçilən teatrlardan biri olaq".

Son illər maraqlı səhnə əsərləri ilə yenidən diqqət mərkəzinə düşən Lənkəran Dövlət Dram Teatrının iki günlük Bakı qastrolu uğurla başa çatdı. Bu istedadlı kollektivin yaradıcılıq yeniliklərinə baxmaq üçün iki gecə bəs edərmi?

Deməli, növbəti görüşləri gözləmək lazımdı...