BU İL KƏSİLƏN AĞACLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
59778 | 2016-05-07 10:36
Hər ötən gün ömürdən gedir. Bunu mən demirəm. Bunu hamı deyib, deyir və yəqin ki, deyəcəklər də. Amma bu deyilən sözün arxa qatını düşünəndə bir az kədərlənirəm, bir az təəssüflənirəm və bir az da içimdə inamsızlıq baş qaldırır. Çünki ömürdən gedən təkcə gün deyil axı. Həm də itirdiklərimizdi, qovuşa bilmədiklərimizdi, üstəlik əlimizdən alınanlardı. Və ən vacibi xəyalla, arzuyla, sevgiylə bələyib özümüzə doğma sanıb sonda isə bizə arxa çevirənlər, bizi atanlar və yaxud da bizim görmək istədiyimiz səviyyədə olmayanlardı. Deyəsən fikirlərim bir az qarışıq oldu. Amma yox...
Tutaq ki, içində bir niyyət tutursan və sonra o niyyəti gerçəkləşdirirsən, böyüdürsən, başına fırladırsan. Və günlərin birində bütün bu çəkdiklərin hamısı sabun köpüyünə çevrilir, əriyib gedir. Və sən ömrünü verdiyini, ömründən ayırdığını ötən gün hesab etmək istəyirsən, alınmır. Çünki o, ötən gün deyil, elə ömrün bir hissəsidi. Və bir də...
Doğrudur, dərindən düşünəndə ömür elə günlərin, ayların, illərin toplusudu. Amma lap dərindən düşünəndə həmin o günlər, aylar, illər bəzən ömrü ifadə etmir, ömür olmur. Yaşantı olur, yaşam olur. Ömür odur ki, sənin ola-ola sənin ətrafının da olur... sənin ola-ola sənin sevdiklərinin də, səni sevənlərin də olur. Bax, bu harmoniyanın içində cəm olan günə, aya, ilə mən ömür deyirəm, bunu mən ömür sayıram. Nə bilim, nə qədər doğruyam, nə qədər haqlıyam, bunu müzakirəyə çıxarmıram. Amma qənaətimi yazıram, qənaətimi deyirəm və əminəm ki, mənimlə razılaşmayanlar kifayət qədər olacaq. Olsun. Hər kəsin öz baxışı, hər kəsin öz ölçüsü var. Və hər kəs də özünə görə haqlıdı...
Bəli, ömür söhbətini gün söhbətinə calamaqda bir məqsədi qabardıram. O da son aylarda yaşadıqlarımızdı. Sənli, mənli, bizli içərisində olduğumuz 2016-nın müəyyən zaman kəsiyini yaşadıq, ömrümüzə çevrildi. Və biz bu yaşananların içərisində acıyla şirinin, sevinclə kədərin, məğlubiyyətlə qələbənin necə paralelləşdiyini, necə yanaşı addımladığını da gördük. Xüsusilə, cəbhədə, səngərdə... Atılan güllə səsləri, partlayan mərmilər həm göz yaşıydı, həm də sevinc. Çünki biz gücümüzü göstərirdik. Bu, sevinc idi... Çünki biz ağlayırdıq... çünki ciyərparələrimiz şəhid olurdu. Deməli, bir anda yaşanan bu hiss mənə az qala bir ömrü xatırlatdı, bir çinar ömrünü.
Baxıb gördüm ki, bu çinarın əzəməti də, vüqarı da, çevrəsi də, hətta yarpaqları da tamam fərqlidi. Onun qarşısında ancaq susub durmaq, onun pıçıltısını dinləmək lazımdı. Yarpaq dili ilə söylədiklərini eşitmək və həmin eşitdiklərinin içində qəhrəmanlığa, vüqara, ümidə, işığa çevrilmək... Bax, bu artıq ömürdü. Özü də yenə deyirəm, yaşanan ömür. Bunun üçün "ötən gün" ifadəsi heç uyğun gəlmir...
Hə, mən bax, bütün bu fikir topasının içərisində ildırım kimi çaxan bir sözün əsiriyəm, bir məqamın girovuyam. O da gözümün önündə baltalanan bir ağacın mənə etdiyi təsirdi, mənə vurduğu zərbədi, məni köklədiyi havadı. İnanın ki, o baltanın səsi də, onun tiyəsinin parıltısı da gözümün önündən, qulaqlarımdan getmir. Elə bil ki, o baltanı vuran qolunun gücünü göstərmək istəyirdi, özünün hikkəsini nümayiş etdirirdi. Və yaxud da ömürdən gün doğrayırdı.
Mən bunları duyğularımın gücünə deyirəm. Bəlkə də heç belə deyil. Amma həmin o duyğular, o müşahidə etdiklərim içimdən misralara çevriləndə ömür üçün, ömürlər üçün, elə özüm üçün də daxilən üzüldüm. Niyə biz ömrümüzü belə notlara kökləyirik və sonra da onu misralara köçürürük?

Çiçəkləri
tumurcuq görmədi
yarpaqları
puçurlamadı,
meyvələri
dərilmədi,
budaqları
bir kəlmə də
pıçıldamadı-
bu il kəsilən ağacların...

kölgəsi
dibinə düşmədi
qanadları
quşların səsini eşitmədi
yuvalar asılmadı
qoynundan
sinəsini
ağacdənlər deşmədi-
bu il kəsilən ağacların...

yeri görünür, görünmür
var idi, yoxsa yuxudu?
hopubdu göyün üzünə-
tüstüsü, bəlkə də ruhudu
bu il kəsilən ağacların!..

Bəli, belə baltalanır ömürlər. Və sonra da deyirik ki, hər ötən gün ömürdən gedir. Görəsən gedirmi?..

TƏQVİM / ARXİV