adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BİR DOSTUN DÜŞÜNDÜRDÜKLƏRİ

SEYFƏDDİN ALTAYLI
69370 | 2016-05-07 09:42
Üç may "Türkçülər Günü" münasibəti ilə dostlarıma internet vasitəsi ilə bu mesajı yollamışdım.
"Bu gün həm Türkçülər günü, həm də Miraç Kandili. Tanrım bəni Türk və Müslüman yarattığı için ona sonsuz şükranlarımı sunuyorum. Hərkəsin Türkçülər günü və Miraç Kandili kutlu olsun. Tanrım, kəndi ordusuna güç və kudrət versin, gözünə pərdə inmiş kardeşlərimizin gözündəki pərdəyi də kaldırsın inşallah".
İğdırda orta məktəbdə dörd il eyni sinifdə oxuduğum və İğdırın Duzluca qəsəbəsindən olan Ali Muqan adlı dostum mənim məsajıma aşağıdakı cavabı yazıb.
"Ali Mugan
Sevgili kardeşim Altaylı, bu müslüman, islam aləminin hıristiyan toplumları gibi bir Rönəsans yaşamaları gərəkiyor ki çağdaş və uygar toplumlar safında yerlərini alsınlar. Allah aşkına, 21 asırda bilgi sayar və internet çağında kəndisini din adına, məzhəp adına, Müslümanlık adına canlı bomba olarak patlatan, binlərcə masum insanları öldürən bir din olabiliri mi? YAŞADIĞIMIZ DÜNYADA 58 müslüman ülkə var hangisi uyqar, hangisi çağdaş, hangisi insan hak və özgürlüğünə sayqı duyuyor və kadınlarımızı insan olarak tanımlıyor. Böylə bir din, böylə bir insanlık anlayışı və yaşam tarzı olmaz. Bu müslüman aləminin insan olarak yaşaması bizim büyük ÖNDƏRİMİZ, TARİH DƏĞİŞTİRƏN, TARİH YAZAN ATATÜRK DƏVRİMLƏRİ VƏ ONDA VÜCUT BULAN LAİK RƏJİMLƏ MÜMKÜN OLUR SAYGILARIMLA".
Türkçülük və İslamçılıq məsələsinə bir daha qayıtmağıma Ali Muqanın üstdəki cavab mesajı səbəb oldu. Bu haqdakı düşüncələrimi dostlarımla təkrar bölüşmək istədim.
Türkiyə Türkcəsində belə bir ifadə var "sapla samanı karıştırmak", yəni yaxşı ilə pisi bir-birindən ayıra bilməmək. Ali Muqan adlı dostumun və onun kimi düşünənlərin, hətta mənim fikrimə zidd olanların da düşüncəsinə hörmətlə yanaşıram. Tanrı hər bir insanı şərəfli yaratdığına görə onun boynuna insanlıq məsuliyyəti yükləyib. Hər bir insan da bu məsuliyyətin yerinə yetirilməsi yolunda ağlı kəsəndən dünyasını dəyişənə kimi imtahan olunur. Bu imtahandan ancaq üzüağ çıxanlar Tanrının sevgili qulları olurlar.
Mənə görə müsəlmanlıq nədir?
Müsəlmanlıq elmə yönəlmək və bu yolda ən üstün olmaqdır, çünki Tanrı müsəlmanlara öncəliklə bu yolu tutmalarını əmr edib. Tanrı tərəfindən yaradılan hər bir varlığı, xüsusi ilə də insanı sevmək, düz yolda olmaq, yalan danışmamaq, riyakarlıq etməmək, məzlumu əzməyərək onu qorumaq, zalımın qarşısında əyilib-büzülərək ona yaltaqlanmamaq, yetim malına əl uzatmamaq, özgələrinə göstəriş olsun deyə İslam dininin əsaslarını göstərə-göstərə həyata keçirməmək, özgəsini qısqanmamaq, təbiəti korlamamaq, özgənin malına və namusuna yan gözlə baxmamaq, böyüyə hörmət kiçiyə sevgi göstərmək kimi prinsiplərə əməl etmək hər bir mömin müsəlmanın öhdəliyidir.
Müqəddəs kitabımız Qurani-Kərimin "Şuara" surəsinin 84-cü ayətində; "Sonra gələcəklər arasında məni doğrulukla anılanlardan elə"; "Maun" surəsinin 6-cı ayətində; Onlar (namazlarıyla) göstəriş eliyərlər" buyrulub. Quran, doğruluq və göstəriş məqsədi ilə namaz qılanlar üçün Tanrının iki hökmünü insanlığa örnək verdiyim iki ayədə çatdırıb.
Quranın ilk nazil olan ayəti insana, "oxu" deyə əmr edir, yəni elmə yönəlin deyir. Elm yolunda yeriməyi peyğəmbər də, hz. Əli də xüsusi ilə dilə gətirib. Düzlük isə mömin müsəlman olanların əsla əldən buraxmayacağı yoldur. İbadəti özgələrinə göstəriş olsun deyə edənlər isə əslində İslam dininə ən böyük zərbəni vuran və ən böyük cinayəti işləyən insanlardır.
Mövhum olan islam dünyasının bu gün darmadağın, müsəlmanların zəlil və zəbun olmasının birinci səbəbi elmdən və düzlükdən ayrılmalarından, islami qaydaları özgələrinə göstəriş olsun deyə yerinə yetirənlərin toplumlarda əksəriyyəti təşkil etməsindən, dövlətin cilovunu onların əllərinə keçirməsindəndir. Dünyanın əksəriyyətinin demokratiya ilə idarə olunduğu bu çağda, riyakar və saxtakar insanların xirtdəyə çıxdığı bu cür toplumlarda əksəriyyəti təşkil edənlər, dünyaya özlərinin gözüylə baxan, özlərinin xarakterinə uyğun olanları seçib hakimiyyətə gətirirlər. Çağımızda bu cür toplumların geri qalmasının səbəblərindən biri də elə bu anlayışdır. Buna görə qurunun oduna yaşlar da yanır. Müsəlmanların tifağı dağılır, şəxsiyyətləri, şərəfləri, ləyaqətləri gavurların ayağının altında çığnanır.
Siz bir müsəlman ölkə düşünün ki, onun rəhbərinin gündə beş dəfə alnının səcdədən qalxmadığının şahidi olun, hər cümə günü namaza getsin və bütün tv kanalları qorxularından və ya onun yançısı olduqlarından xəbərlərdə ən öncə onu göstərsin, bu şəxs yalan danışsın, siyasət xətrinə insanları aldatsın, ərəb əlifbasının orta məktəblərdə tədris edilməsini elm kimi qələmə vərsin, şəhidə "kəllə" desin, dünən tüpürdüyünü bu gün yalasın, ondan sonra da özünü mömin-müsəlman (?) kimi qələmə versin... Hamının, "sən yanlış yoldasan terrorçulara bu cür geniş meydan buraxma, onlarla stol arxasında oturub görüş keçirmə, dövlətin etibarını yerlə-yeksan etmə" desin, o isə özünə bu cür xəbərdarlıq edənləri axmaqlıqla, savadsızlıqla ittiham etsin, terrorçular ölkəni dağıdanda isə "mən səhv elədim!" desin və kor toplum da yenə onun quyruğundan yapışsın!.. Siz belə bir müsəlman rəhbərdən və müsəlman toplumdan nə gözləyərsiniz? Atalar deyib, kor atın kor da nalbəndi olar.
Müsəlman dünyasının çağdaş elmə və texnolojiyə ehtiyacı varkən, misal üçün Türkiyədə 66 min məktəb olduğu halda 110 mindən artıq məscidin olmasını, üstəlik xalqın nəyin həsabınasa bilmirəm son on neçə ildə məscid tikmə yarışına girişməsini nə ilə izah etmək olar?!
Məscid bizim dinimizin müqəddəs məkanıdır və minarələri hər gün beş vaxtda insanları düzlüyə, yaxşılığa, mərhəmətli olmağa, böyük-kiçik sayğısını və sevgisini gözləməyə, vətəni sevməyə dəvət edir. Ancaq mənə görə toplumun və dövlətin inkişafında məktəb, məsciddən daha irəlidir. Bir müsəlman ölkəsinin rəhbəri, rəhbər işçiləri elm ocaqlarına üstünlük verəcəyinə, təriqətə, məscidə önəm verirsə və İslam dininin ən öncə buyurduğu elmə üstünlük vermirsə, o toplum da bunu alqışlayırsa, həmin toplumdan heç nə gözləmək olmaz. Allah da onlara kömək olmaz, çünki kor kora necə baxsa, Allah da ikisinə elə baxar.
Noqay xan 13-cü əsrin axırlarında rus knyazlarını da özüylə birlikdə Ləhistan, Macarıstan, Bolqarıstan, Serbiya üzərinə yürüşlərdə iştiraka məcbur edirdi. Qüzeydəki rus knyazlarına da, Litva dukalığına yürüşlər təşkil edərkən ona öz ərazilərində lazımi şəraiti yaratmaları üçün göstəriş verir, knyazlar da onun göstərişindən kənara çıxa bilmirdi. Bu gün isə Rus əsarəti altında yaşayan qardaşlarımız asimilyasiya ilə üz-üzədir, öz dillərini belə danışa bilmirlər, biz də buna mane ola bilmirik. Əzəli və əbədi Türk torpağı olan Qərbi Azərbaycana na köçürdüyü haylar üçün dünən qondarma "erməni" dövlətini yaradan rus, indi də əl altından işğal altındakı Dağlıq Qarabağ haylarının müstəqilliyinin tanıması üçün əlindən gələn hər bir şeyi edir. Biz isə Moskva knyazına barmaq da silkələyə bilmirik, nəinki göstəriş vermək.
Bu gün üç yüz milyona çatan Türk millətinin əhali sayı siyasi və coğrafi olaraq darmadağındır. Bu darmadağınıqlığı nəinki bir araya gətirə bilmək, onların bir-birinə dəstək olmasına da nail ola bilmirik. Bunun səbəbi mənə görə, bizim İslam dinini yanlış dəyərləndirməmizdən, tarix boyu özümüzə özümüzün qənim kəsilməmizdəndir.
Türkçülük məsələsinə gəldikdə, mən Türk millətindənəm, əlbəttə öz millətimi sevəcəyəm. Özünü sevməyəni Tanrı da sevməz. Kaşqarlı Mahmudun "Divanı Lüğəti Türk" adlı əsərində yer tutan bir müqəddəs hədisdə Allah belə buyurub: "Mənim Türk adını verdiyim və doğuda yerləşdirdiyim bir ordum vardır. Hansı millətə qarşı qəzəbim tutsa, Türk adlı ordumu o millətin üstünə yolluyarım" (Yoxsa Tanrı bizə dünənki nökərlərimizin əliylə şillə çəkərək oyatmaq istəyir!?).
Ulu Tanrı mənim millətim üçün bunları deyibsə əlbəttə bu millətin bir fərdi olduğuma görə qürur hissi keçirəcəyəm, buna haqqım vardır. Ancaq bu şanlı və əzizdən də əziz milləti xurafatın bataqlığına qərq edərək onun gözünə qapqara bir pərdə çəkən, adı müsəlman, xilqəti isə riyakar olan toplum və dövlət rəhbərlərinə nifrət etməyə də haqqım vardır. Əziz və şanlı millətimin yeni nəsillərini oyatmaq mənim birinci və ən ümdə vəzifəmdir.
Çağdaş elmi rəhbər etməyən bir toplumun daimi olaraq özgələrinin qarşısında zəlil və zəbun olacağını idrak etmiş bir insanam. Millətimin hər hansı bir şəxsinin dırnağına daş dəysə mənim gözüm sancar. Bu gün Azərbaycan və Türkiyə coğrafiyası üstündə yüz illərdən bəridir kimlərin hansı oyunlar oynadığını yaxşı bilirəm. Üzləşdiyimiz bu çətinliklərdən xilas olmağın yolunun da, İslam dinini onun peyğəmbərinin və xəlifəsinin buyurduğu elm yolunda bütün çətinliklərə dözərək yeriməkdən və əl-ələ, çiyin-çiyinə verməkdən keçdiyini bilən bir insanam. Mənə görə bu iki prinsipə uymaqdan və bu prinsiplər əsasında işləməkdən savayı çıxış yolumuz da yoxdur.

TƏQVİM / ARXİV