adalet.az header logo
  • Bakı 20°C
05 May 2016 15:21
68324
MÜSAHİBƏ
A- A+

“Azərbaycana qarşı hər hansı təxribat aparan insanın adını belə bilmək istəmirəm” - MÜSAHİBƏ

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi. 125 nəfər yeni mandat qazandı.

Beləliklə, Adalet.az saytının "Yeni Mandat” rubrikasının bugünkü qonağı 75 saylı Lənkəran-Masallı seçki dairəsindən millət vəkili seçilən Cavanşir Paşazadədir.


- Cavanşir müəllim, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Bu Forumun ölkəmiz üçün əhəmiyyəti barəsində nə deyə bilərsiniz?

- Bu forum ölkəmiz üçün böyük önəm kəsb edir. Çünki 140 dövlətdən nümayəndə gəlmişdi. O nümayəndələrin hər biri Azərbaycanla əyani tanış oldular. Ölkəmizdə gedən sürətli inkişafı gördülər. 
Onlar prezident cənab İlham Əliyevin xarici siyasətini görsələr də, daxildə aparılan işlərdən bixəbər idilər. Forum iştirakçılarının mətbuata verdiyi açıqlamalardan da görünür ki, onlar ölkəmizdə gedən sürətli inkişafı yüksək dəyərləndirirlər. Bir çoxları Azərbaycanın istər hüquqi, istərsə də iqtisadi cəhətdən inkişaf etdiyini qeyd ediblər. Mən bir məsələyə diqqət yetirmək istəyirəm. Bu gün dünyanın bir çox ölkələrində müharibələr gedir. Qan tökülür, terror hadisələr yaşanır. Müxtəlif dini ayrı-seçkilik mövcuddur. Ancaq Azərbaycanda bu baxımdan heç bir problem yoxdur. Azərbaycan beynəlxalq dəyərlərə üstünlük verir. Burada multikultural dəyərlər yüksək səviyyədə inkişaf edib. Elə bunun bariz nümunəsidir ki, 2016-cı il " "Multikulturalizm ili” elan olunub. 
Bütün bunların fonunda onu deyə bilərəm ki, bu forum Azərbaycanın nüfuzuna təkan verdi.

- Forumun keçirildiyi günlər ərzində ermənilər tərəfindən atəşkəs rejimi dəfələrlə pozuldu. Cəbhəyanı ərazilərdə sadə vətəndaşlar hədəf alındı...

- Bu elə belə də olmalı idi. Biz ermənilərdən yaxşı nəsə gözləyə bilmərik. Ümumiyyətlə, ötən ayın əvvəlindəki dörd günlük müharibə Azərbaycanın gücünü bütün dünya ictimaiyyətinə göstərdi. Hər kəs gördü ki, Azərbaycanın güclü dövləti, təşkilatlanmış ordusu, iradəli xalqı var. Bununla yanaşı dörd günlük müharibə dünya ictimaiyyətinin gözünü açdı. Uzun müddətdir ki, dünya ictimaiyyəti ermənilərin yalan, saxta məlumatları ilə məlumatlanıb. Hətta bəzi ölkələr Ermənistana sərmayə qoyurdular. Artıq onlar gördülər ki, ora, Ermənistan adına hər hansı investisiya qoymaq olmaz. Azərbaycan hər an öz torpaqlarına yiyələnə bilər. Ermənilər də əmin oldular ki, Azərbaycan 3-4 gün ərzində işğal altında olan əraziləri düşmən tapdağından təmizləyə bildisə, uzağı bir həftəyə İrəvanı da tuta bilər.

-Yeri gəlmişkən, Azərbaycan prezidenti cənab İlham Əliyev cəbhə bölgəsində səfərdə oldu. Belə çətin anlarda sərhədboyu ərazilərə səfər edən dövlət başçısı sadə vətəndaşlarla görüşdü. Bu səfərlə bağlı sizin fikirləri öyrənmək istərdik.

- Ermənilər dinc əhalini, onların təsərrüfatını hədəf alıblar. Rəsmi məlumatlara görə, atılan mərmilər sadə vətəndaşların yaşadıqları evə düşüb. Evləri yararsız hala salıb. Eyni zamanda heyvanlar və təsərrüfatlara da ciddi ziyan dəyib. Onların bu yola əl atmasının sadəcə bir adı var - qorxaqlıq. Ermənistan Azərbaycandan qorxur. Bəli, cəbhədə vəziyyətin gərgin olduğu bir vaxtda dövlət başçısı cənab İlham Əliyev cəbhəyanı ərazilərə səfər etdi. Bu səfər insanlar arasında böyük rəğbətlə qarşılandı. İnsanlar gördülər ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının yanındadır. Dövlət başçısının öz xanımı ilə birlikdə hər hansı qoruma olmadan cəbhəyə getməsi böyük bir jest idi. Mən deyə bilərəm ki, dünyanın özündən deyən demokratik ölkələrinin dövlət başçıları bunu etməzdi. Belə bir jest xalqımızın ruh yüksəkliyini ikiqat artırdı.

- Rusiya da daxil, dünya politoloqları müharibə proqnozu verirlər. Sizcə, hadisələrin gedişatı müharibəyə gətirib çıxara bilərmi?

- Sizin bəhs etdiyiniz politoloqların əksəriyyəti ermənipərəst mövqe tuturlar. Yəni, bu, rus dövlətinin, rus hökumətinin fikri deyil, erməni təsiri altında olan politoloqların fikridi. Hər hansı dövlətin diktəsi ilə müharibə olmayacaq. Bu, Azərbaycan prezidentinin sərəncamında olan məsələdir.

- Bir çox siyasətçilər ATƏT-in Minsk qrupu ilə bağlı illərdir tənqidi münasibət sərgiləyir. İndiki məqamda onlardan nəsə gözləmək olarmı?

- Biz onların 25 illik fəaliyyətində Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyiş görmədik. Açığı, şəxsən özüm onlardan heç nə gözləmirəm. Biz nə etsək, özümüz etməliyik. Edəcəyik də.

- Özünü talışların lideri kimi təqdim edənlər Rusiya və Ermənistanda bir sıra xüsusi statuslar qazanıblar. Hətta onlara efir vaxtı da verilib. O bölgənin ictimai-siyasi xadimi kimi bu təxribatçıların qarşısını almaq üçün hansı addımlar atırsınız?

- O rəsmi bir qurum deyil. Bir ara dedilər ki, Əlikram Hümbətov oğlu ilə ermənilərlə qarşılıqlı danışıqlar aparıblar. Əgər bir kimsə Azərbaycana qarşı hər hansı təxribat əməlləri aparırsa, mən həmin insanın adını belə bilmək istəmirəm.

- Yenidən mandat qazandınız. Hansı işlərin görülməsini qarşıya məqsəd qoymusuz?

- Bizim işimiz qanun qəbul etməkdir. O qanunlarla xalqın rifahının yüksəldilməsinə çalışırıq. Mütəmadi olaraq seçicilərlə görüşlər keçiririk. Bildiyiniz kimi, cənub zonası dörd günlük müharibə zamanı xeyli şəhid verdi. Hər birinin hüzr mərasimində iştirak etdik. Mən hiss edirdim kİ, onların yaxınlarının bir gözü ağlasa da, digəri sevincdən parlayırdı. Eyni zamanda həmkarım, yazıçı-publisist Aqil Abbasın bir yazısı vardı. Orda 18 yaşlı lənkəranlı gəncin səngərdə göstərdiyi qəhrəmanlıq, o şəhid olandan sonra atasının oğlunun yerinə səngərə girməsi ilə bağlı yazdıqları bir daha onu deməyə əsas verir ki, cənub zonasından olan insanlar bu müharibədə olduqca aktiv, eyni zamanda şücaətlə döyüşüblər.

Sahib Əsədbəyli