ƏN DƏRİN BİR ÇAY VAR...

İRADƏ TUNCAY
105458 | 2016-05-04 15:22
O vaxtlar ki, bu məmləkətdə hər kəs oxumağa aludə idi, ürəyindən keçəni yazmağa qoymurdular. İndi yaza bildiyimiz bu sərsəm dövrdə də heç kim oxumur. Ancaq mən hər halda yazıram, bəlkə nə vaxtsa, kiməsə lazım olacaq. Bütün ağrı-acımla bərabər düşünürəm ki, bəxtimə elə bir mühitdə böyüyüb dərs almaq nəsib olub ki, ağlı kəsən adam qibtə edə bilər. İndi klassik dediyimiz şəxslər ki var onları canlı-canlı görüb, hətta əl verib görüşmüşəm də. Düzdür, mənim üçün səadət duyğusu olan bu xatirələr bir başqasına gülməli görünə bilər. Yadımdadır, indi İnşaatçılar prospektində gördüyünüz büst ki var - Müşfiqin büstü - onun açılışında atam əlimdən tutub məni Rəsul Rzanın yanına apardı, o da başımı sığalladı. 7-8 yaşım vardı, amma indiyə qədər xatırlayıram. Və onu da xatırlayıram ki, bir xeyli vaxt məktəbdə çox böyük fəxrlə yoldaşlarıma da danışırdım. İndi görəsən elə bir uşaq varmı ki, şairlə canlı görüşdən başı gicəllənsin?
 
***
 
O, həmişə yaşından qat-qat cavan görünüb. Qadınların diqqəti həmişə üzərində olub. Yaraşıqlı, boy-buxunlu, qədd-qamətli idi. Şirin, duzlu söhbətləri vardı. Adi bir hadisəni elə bəzəyib-düzəyib danışardı ki, uğunub gedərdin. Özünə məxsus ifadələri var ki, indi də yadıma salanda çözə bilmirəm. Kiminsə kobudluğunu, qabalığını ifadə etmək üçün ona "malbasan" deyirdi. Nə deməkdi, sözün kökü hardan gəlir, bilməm ki.
 
... İndi ağır-ağır mənə tərəf gələn, gəncliyinin əks-sədası gözlərində, saçında və təbəssümündə qalmış Söhrab Tahirə baxıb fikirləşirəm ki, deyəsən yaş öz işini görür.
 
- Bala, nədi, yenə ağlamısan?
 
- Yox...
 
- Ağla, səni bu göz yaşları belə cavan saxlayır...
 
Məntiq var, deyə düşünürəm. İçindəki ağrını göz yaşıyla çıxarırsan, sənə yük olmur. Bəlkə onun da hər zaman cavan görünməyinə səbəb göz yaşları olub. Amma əvvəllər onu ağlayan gördüyümü xatırlaya bilmirəm. Çox şən olurdu, ən faciəli hadisələri də yumorla danışardı. Görüntülərlə yaşamağı adət etmişik. Kimin içində nə var, anlamırıq ki.
 
... Yığıncaq başa çatır. Şer deyən şerini dedi, mahnı oxuyan mahnısını oxudu, xatirə danışan xatirəsini. Dağılışırıq...
 
- Əmi, gedək, səni də evində düşürək (gələndə maşın göndərməyi təklif eləmişdim. "Yaxındı, özüm gələrəm", demişdi).
 
- Hə, yaxşı olar, çox üşüdüm.
 
Əyləşirik oğlumun maşınına. Anam, mən və şair. Yolboyu söhbətləşirik.
 
- Elə burdan gedək bizə. Təzə evimi görməmisiniz. On altıncı mərtəbədən şəhərə baxaq.
 
- Yox, əmi, qalsın ayrı vaxta. Tək qalırsan? Yeməyini kim bişirir?
 
- Mən onsuz da hər şey yeyə bilmirəm ki. Şəkərim var. Günortalar işdə yeyirəm, səhər-axşam da belə... Gedək bizə?!
 
- Gələrik, əmi, hərəmiz bir qazan yemək bişirib gələrik.
 
- Paho, dəstgah olar ki. Onda Nəsibə gələndə gözləyəcəm sizi. Hə, oğul, burda saxla, düşüm çörək alım.
 
- Darıxma, Söhrab əmi, mən alaram.
 
- Qara çörək al.
 
Oğlum maşından enib çörək dalınca gedir. Bir az ləngiyir. Qayıdanda məlum olur ki, yaxınlıqda çörək yoxuymuş, bir az o tərəfə gedib. Maşını həyətə sürür.
 
-A bala, elə burda saxla, sonra çıxmaq çətin olar.
 
-Yox, əmi, gəl liftə qədər ötürüm səni.
 
- Zəhmət çəkmə, özüm gedərəm.
 
Oğlum binanın alaqapısından yeddi-səkkiz pilləkəni çıxmağa kömək edir, dönür, maşını çevirib həyətdən çıxanda məhəccərə söykənib qəribə, dalğın baxışlarla dalımızca baxdığını görürəm. Liftə girməyib bizi baxışlarıyla yola salır. Onsuz da dolmuşam, qəhərdən boğuluram. Baxışları elə yandırır ki, gözümdən axanlar da bu yanğını söndürə bilməz. Oğlum çevrilib mənə baxır:
 
- Niyə ağlayırsan?
 
- Heç, elə-belə, - deyirəm.
 
23 yaşlı bir uşaq nə qədər anlaya bilərsə, o qədər anlasın. Hər zaman yaşımdan artıq dərdlərlə yüklənib xəstəliklərdən başqa bir qazancım olmadı. Ancaq hər bir halda özümü şanslı sayıram. Mən klassiklərin canlı söhbətlərini dinləyə-dinləyə böyüdüm, artdım. Əvvəllər tez-tez keçirilən şer gecələrində Cabir Novruzun, Tofiq Bayramın, Xəlil Rzanın, Nəriman Həsənzadənin, Fikrət Qocanın gur səslərini xatırlayıram. Salonları titrədən alqışları xatırlayıram, onların qaynar çağlarını xatırlayıram. Bir-bir aramızdan gedirlər, fərqinə varmırıq. Onlardan nə isə saxlamağa cəhd də eləmirik. Həyat adlandırdığımız bu böyük dramın parlaq qəhrəmanları gedir, yerində ancaq kütləvi səhnələrdə yer alacaq adamlar qalır. İndi arxamızca baxan bu tək-tənha adamın məhzun görkəmi məni o qədər göynədir ki...
 
 
 
***
 
Xanımının ölümündən az sonra zəng elədim. Hal-əhval tutdum:
 
- Necəsən, əmi? Tək qala bilirsənmi?
 
... Azacıq pauza və sonra:
 
- Mən altmış ildi təkəm.
 
Söz məni tutur. Altmış il... Amma mən elə bilirdim ki, həmişə adamların içində olan, ünsiyyətə meylli olan, səs-küylü, şən Söhrab Tahir bu dünyayla barışıq yaşayır. Səksən ilin altmışı tənhalıqla qonşu. 46-cı ildən bu tərəfə. "21 Azər"in məğlubiyyətindən sonra keçən bu uzun illər. 60 ilin 45 ilini dumanlı olsa da xatırlayıram.
 
 
 
***
 
... Səməd Vurğun küçəsinin bir ucunda, Tibb İnstitutu ilə üzbəüz binanın 3-cü mərtəbəsində birotaqlı mənzil. Qəribə istehzadı, Stalinin dərbədər saldığı şair onun tikdiyi evdə və şair adı daşıyan küçədə yaşayır. Bütün "stalinka" evlərdə olduğu kimi tavan çox hündürdü. 4-5 yaşlı qızcığazı az qala tavana çatacaq qədər yuxarı atıb-tuturlar. Hündürə qalxdıqca nəfəsi kəsilir. Aşağı enəndə şən-şən gülür. "Bir də, bir də" deyə qışqırır. "Yoruldum, balası, yoruldum"... Neçə yaşı olardı o vaxt? 38-39. Əminin xanımı Lida xala çox səliqəli, təmizkar qadın idi. Yadımdadır ki, mən gələndə evin altını üstünə çevirirdim. Birotaqlı evin bütün düzənini pozurdum. Lida xala da deyinə-deyinə dalımca yığışdırırdı. Çöldə nə qədər deyib-gülən adam olsa da ailə içində Söhrab əminin çox ağır xasiyyəti vardı. İndi fikirləşirəm ki, böyük hövsələ və səbr sahibiymiş o qadın. Maraqlı cütlük idi - Təbrizli müsəlman müstəbid Söhrab əmi və bakılı rus qızı Lida xala. Çox ağır günlərin yoldaşı idilər. Aclıq, məhrumiyyət illərində Lida ona arxa olmuşdu, sonra da həmin illərin naminə Söhrab əmi çox şeylərdən keçdi. Lap son günlərinə kimi. Lida xalanın da Bakıda bir kimsənəsi yox idi. Özü də qəribədi ki,ailədə sırf müsəlman qaydaları hökm sürürdü. Və evdə bizim dildə danışılırdı. Söhrab əmi Lida xalaya "Məşəxanım" (yəni Məşədi xanım) deyirdi. (Bəzi "niyə"ləri qabaqlayaraq deyim ki, o vaxt İrandan mühacirət etmiş cavanlara bizimkilər qız vermirdilər. 30-cu illərdə iranlıların ölkədən çıxarılması hələ yaddaşlarda idi. Kimsə də arxayın olub qızını xarici vətəndaşla evləndirmək istəməzdi. Ona görə də bəzilərinin "həmşəri", bəzilərinin də "demokrat" dediyi bu gənclərin çoxu başqa millətlərlə ailə qurmağa məcbur oldular. Sevdiyi bir qız olmuşdu, verməmişdilər. Şəklini saxlayırdı, Lida xala da dəyib-eləmirdi). Təbii, o vaxt mən bütün bunların fərqinə varmayan, ayın bir həftəsini öz evində, bir həftəsini də Söhrab əminin evində keçirən, iki ailəyə aid yeganə övlad idim. Yanımda söhbətlər olurdu, anlamırdım. Tez-tez işlətdiyi "mən qərib adamam" sözünün də mahiyyətinə varmırdım. Nə qəribə sözdü - "qərib adam". Öz vətənində qərib adam... Bəlkə indi dillər əzbəri olan bu məşhur şerin də ilk dinləyicisi elə mən olmuşam.
 
 
 
Dərdi dərd olmuşdur elin də mənə,
 
Ağladım bir naşı güləndə mənə.
 
HEÇ KƏS AĞLAMASIN ÖLƏNDƏ MƏNƏ,
 
Mən heç vaxt, heç zaman ölmərəm daha.
 
Azad qardaşım var, onunla xoşam,
 
Mən gərək sahili sahilə qoşam.
 
İKİ BÖLÜNMƏKDƏN ELƏ QORXMUŞAM,
 
Çöpü də yarıya bölmərəm daha.
 
Dənizlər, dəryalar mənə dayazdı,
 
ƏN DƏRİN BİR ÇAY VAR, O DA ARAZDI.
 
Mənə görüş verin, azadlıq azdı,
 
Görüşsəm, ayrılmaq bilmərəm daha.
 
Mənim səadətim hardasa itdi,
 
O asan gəlmişdi, asan da getdi.
 
MƏNƏ NƏ ETDİSƏ SƏADƏT ETDİ,
 
Bədbəxt səadətə gülmərəm daha.
 
 
 
***
 
"Bizi Bakıya göndərəndə Firudin İbrahimi ( "21 Azər" hökumətinin baş prokuroru- müəllif.) çağırdı dedi ki, sizi göndəririk "Qızıl Bakı"ya. Oxuyub başınızı qızıl eləyəcəksiniz, qayıdıb Qızılbaş ordusunda xidmət edəcəksiniz. Bu üç "qızıl" mənim yadımdan çıxmır". 2003-cü ilin aprelidi. Söhrab Tahirdən "21 Azər" filmi üçün müsahibə alıram. Heç vaxt demədiklərini deyir. Arada qəhərlənir, bunu da ilk dəfə görürəm. "...Qərib olmaq nə deməkdi? Yanında yaxın adamların olmur, səni təvəllüd günlərinə, toya çağırmırlar, yasa indi özün gedirsən də, sənə "can oğul" deyən olmur"... 20 yaşında taleyin cilvəsiylə (daha çox böyük dövlətlərin hikkəsiylə) bu taya keçən və sonrakı ömrünün bütün hissəsini burda, bu gerçəklikdə, KQB nəzarətində keçirən, acıların şair elədiyi Söhrab Tahir deyir bunları. Film üçün deyir. İndi fikirləşirəm ki, nə yaxşı o vaxt bu film çəkildi. O zaman bizim işlədiyimiz TV kanalı düşük müğənnilərin ad günlərinə yox, Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına xidmət edirdi. (Allah Etibar Babayevi var eləsin) Bu film çəkildi, efirə getdi, üzü köçürülüb bütün dünyaya yayıldı. XX əsrin ən böyük faciəsi olan "21 Azər" hərəkatı və onun nəticələri haqqında bəzi həqiqətləri deməyə çalışdıq. Bəzi həqiqətləri...
 
... Amma nə qədər demədikləri də var. Görəsən yazırmı? Ərəb əlifbası ilə yazdıqlarını oxuya biləcəklərmi? Bir vaxt mənə də öyrədirdi. Hövsələm olmadı başa çıxam. Bu əlifba sıralaması da onun taleyinə oxşayır. Ərəb, kiril, latın... Bəlkə nə zamansa Çin əlifbasını da öyrənəsi olduq. Siyasi oyunlardan kim baş çıxara bilər?
 
 
 
***
 
On beş il əvvəlin söhbətidi. Yenə onun qonağıyam. Oğlanlarım və onun nəvəsi bir kənarda oynayırlar. Qara qıvırcıq tüklü itim başını onun dizi üstə qoyub ağıllı gözləriylə tüklərini sığallayan bu nəvazişkar kişiyə baxır. "Mənim də belə bir itim vardı, bu cinsdən, amma mənimki ağ idi. Bizi sürgün eləyəndə atam icazə vermədi özümlə götürməyə. Heç yadımdan çıxmır". Sonra dalğın-dalğın bir az o tərəfdə oynayan uşaqlara baxır - "Atamın çox ağır xasiyyəti vardı... Oğlan uşaqlarıyla çox ehtiyatla davranın. Mən o vaxt atamdan küsüb evdən qaçdım. Sonrası da belə"... "Belə", yəni özünün inqilaba qoşulmağı, dərbədər düşməyi, bura gəlişi. 20 yaşlı uşaq siyasətdən nə anlar? İnqilabın romantikası, uniforma geymiş zabitlər, eyforiyaya uymuş insanların sevinci - budu gəncləri cəzb edən. Arxasından gələcək bəlaları onlar dərk edə bilməzdilər axı. Azadlığın nə olduğunu sona qədər bilən varmı? Bu sərməstliyin nə qədər qorxulu olduğunu bilirdilərmi? Bu taya keçib həyat həqiqətləri ilə üz-üzə qalanda, aclıq çəkəndə, Sibir qorxusu yaşayanda, o tərəfdə sürgün olunan, həbs olunan qohumlara görə xəcalət çəkəndə peşman oldularmı? Bu gün az sayda salamat qalmış, dilimizə ilk dəfə "demokrat" (amma mühacir anlamında) sözünü gətirmiş o insanların etiraflarını eşitmək istəyirəm. Dəyərdimi?
 
 
 
***
 
Qarmaqarışıq xatirələrimin içində dolaşdım, durdum. Anasının Bakıya gəlişi kino lenti kimi gözümün qabağından keçdi. "Bakı-Pəhləvi" reysi ilə gələn "Quryev" gəmisi, limanda gözləyən bir dəstə adam, illüminatoru cırmaqlayan yaşlı bir qadın... Gücüm çatmır, yaza bilmirəm. Bu yazını da məhəccərə söykənib bizi baxışlarıyla yola salan şairin gözləri yazdırdı mənə. Əvvəl istədim yazını "Qərib adam" adlandıram. Sonra fikirləşdim ki, yox, düz olmayacaq, bu məmləkətdə azacıq düşünə bilən insanların elə hamısı tənhadı, qəribdi, qürbətdə yaşayır. Və bizlərin önündə ƏN DƏRİN BİR ÇAY VAR...

TƏQVİM / ARXİV