adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2016 09:25
5555
GÜNDƏM
A- A+

ALIN YAZISI


ANA, MƏNƏ AĞLAMA

Dərdi çoxdu ağlamalı,
ana, mənə ağlama.
Bir sirrim var saxlamalı,
ana, mənə ağlama.

Mək kim idim, kim oldum?
torpaq beşiyim oldu.
bəlkə bir də doğuldum,
ana, mənə ağlama.

Təpəmdən tüstüm çıxır,
düşmənim dostum çıxır.
dərd dərddən üstün çıxır,
ana, mənə ağlama.

İllər tələsdi keçdi,
çox yellər əsdi keçdi,
ömür bir səsdi - keçdi,
ana, mənə ağlama.

Ruhum ağ bulud üstə,
könül bir dar qəfəsdə,
ah çəksəm son nəfəsdə
ana, mənə ağlama.


YENƏ DAĞLAR YADA DÜŞDÜ

Ana yurdum uca dağlar,
uca dağlar, haça dağlar.
Oğulların iki qolu - iki qılınc,
anaların iki gözü - iki çeşmə.

İki qolum - iki qılıncdı mənim,
iki gözün iki çeşmədi, ana.
Ümid dediyim gün işığı tək
işləyir ürəyə, iliyə, qana...

Yenə dağlar yada düşdü,
Yenə könül oda düşdü.
Həkərinin sularına
Qarışaydı qızıl qanım.

Torpağımız tutiyadı,
dağlarımız allı-güllü,
üzümüzdən-gözümüzdən
dünyadan doymadığımız bəlli...


ŞƏHLAYA

Qar yağır, əsir külək,
yapyalnızam dünyada.
Öldür məni, zalım fələk,
gümüş qanad ver, ya da...

Bir cüt körpə balamın
Ay işıqlı bənizi...
Bir gün məni görərsiz-
gicgahım da qan izi...

Qar yağır, külək əsir,
sevdaların dadı yox...
Sənsiz fani dünyada
bir quşam, qanadı yox...


SORUŞ

Bu ağac nədən öləcək, -
yaşıl yarpaqdan soruş.
Əvvəl nədir, axır nə, -
qara torpaqdan soruş.

Qış nədi, bahar nədi,
yağmır nədi, qar nədi,
ana nədi, yar nədi -
çəkdiyin ahdan soruş.

Qanad nədi, lələk nədi,
tale nədi, fələk nədi,
şeytan nədi, mələk nədi -
göydə Allahdan soruş...

AMAN DAĞLAR,
ANAM DAĞLAR

Qırx iki bahar saydım -
Qan təzyiqim 160-95.
Qafamda küt ağrılar -
doğulduğum yer - dağlar.

Əsirlikdə qalan yurdum,
dağlar, dağlar, aman dağlar.
Anam dağlar, aman dağlar,
sizi necə unudum!

Dünya namərd körpüsüdü,
könül, bu körpüdən keçmə -
iki gözüm - iki çeşmə.
Dağlar, dağlar, oy dağlar,
sizi necə ovudum.

Oğlum 14, qızım 13 yaşında.
15 il öncə necə vardınsa
sən eləcə qalmısan
huşumda, yaddaşımda.


ÖMRÜN KÖÇHAKÖÇÜNDƏ

Burdan o yana qürbətdi,
bu yolun sonu bəlli.
Kimə gərək göz yaşım,
nəyə gərək təsəlli?..

Uçub getdi son durna,
ötdü sonuncu qatar.
Qapımı həsrət döyür,
hay verir acı rüzgar.

Ayın haləsi solğun,
qəlbim kədər içində.
Tanrım, səndən nə umum
ömrün köçhaköçündə...

QƏFİL YAĞIŞ YAĞDI
BU GÜN

Nazim Hikmətin xatirəsinə

Qəfil yağış yağdı bu gün,
bu yağış yay yağışı...
İki eyni taleli
iki yarpaq naxışı.

İfritə fələklərin
qarğışı tutub bizi,
ayrılıq girib araya
dostlar unudub bizim...

Qızartsın dan yerini
şəhidlərin qanları.
Boğazından asacağıq
vətəni satanları.

Əlini öpürəm ustad,
Xeyir-dua ver mənə.
"Ən dadlı meyvə işıqdır
bizim dünyamızda yenə..."


AVTOPORTRET

Yarısında yalqızlığım,
yarısında umudlar, -
Ürəyimin yarısında gün çıxıb,
yarısında buludlar.

Yarısında yaşıl bahar,
yarısında bəyaz qış,
Yarısında gün doğub ürəyimin
yarısında soyuq yağış.

Yarısı o tayda, yarısı burda,
dostlar, gözümə baxın -
Ürəyimin yarısı göy üzünün,
Yarısı qara torpağın...


SƏNİ DÜŞÜNMƏK

Səni düşünmək -
görmədiyim dağları
düşünmək tək gözəldi.
Görmədiyim dağları düşündüm -
Ay işıqlı üzün xatirimə gəldi.

Xatirimə gəldi qara tellərin,
xatirimə gəldi titrək əllərin,
səsin xatirimə gəldi.
Səni düşünmək görmədiyim dənizləri
düşünmək tək gözəldi.

Xatirimə gəldi olub-keçənlər,
harda, harda ağlasan
bilməzsən, göz yaşın qəlbimə axır.
Səni düşünmək -
tərk etdiyim ana yurdu
düşünmək kimi ağır...
ÜRƏYİM

Yenə buludlar axır,
yenə göy üzü çiçək qoxuyur.
Yenə telli durnalar
ağlayırmış tək oxuyur.

Bəxtə açılan yolu,
fələk bağlayır bəlkə.
Durnalar oxumur
ağlayır bəlkə.

Sevgisiylə, umuduyla, yağışlarıyla,
alqışlarıyla, qarğışlarıyla,
ağrıdan oxuyur, dərddən oxuyur
sinəmin altında qərib ürəyim.

Sinəmin altında qərib ürəyim
ağrıdan oxuyanda göz yaşım içimə axar.
Göz yaşım içimə axar
ağlayırmış tək oxuyanda durnalar...


ALIN YAZISI

Ruzigarlara qoşulub uçur, uçur
axar suların aydınlığına
ömrün qızıl çağlarında
bəyaz sularda yarpaqlar
Yelkənsiz qayıqlar kimi
Üzür, üzür qərq olur.
Axar bəyaz suların aydınlığı
qara ruzigarlarla dolur...

Yelkənsiz bir yarpaq qayıqda
mənim taleyim üzür bu gün.
Göz yaşını göstərmədən
axıb gedir bəyaz sular...


ŞAİR DOSTLARIMA

Ürəklərini sarı bülbül tək
qızıl qəfəslərdə
saxlaya bilsəydilər,
dərd boğaza gələndə
ağlaya bilsəydilər
şairlər də yüz il yaşayardılar,
şairlər yüz il yaşamır ancaq.

Bu dünyada çox şeynən
barışa bilərdilər,
Bu dünyada çox şeyə
alışa bilərdilər.
Şairlər də yüz il yaşayardılar,
şairlər yüz il yaşamır ancaq.

Şairləri qara qarğış tez tutur,
şairləri qara torpaq tez udur,
bir sənsən ana torpaq
min dərdin bir əlacı.

Arazlar axmasaydı bəlkə aralarından
Şairlər yıxılmazdı qurşun yaralarından...