adalet.az header logo
  • Bakı 11°C
30 Aprel 2016 08:37
5425
GÜNDƏM
A- A+

Çayçı

(hekayə)
Vahid Məhərrəmov

Tanışlığımızın ilk dəqiqəsindən Əbülfət dayı duzlu-məzəli söhbəti ilə diqqətimi çəkdi. O ağsaqqal yaşında cəbhə bölgəsinə yaxın olan dəmiryol stansiyasındakı çayxanada işləyirdi. Qapının üst tərəfinə əyri-üyrü xətlə "Çayxana" sözü yazıb asmışdı. Soyuq aylarda onun qazanında bişən xaşın, xəngəlin dadından doymaq olmurdu. Yaxından tanıyan bəzi dost-tanışları çox vaxt onu heç öz adı ilə deyil, eləcə, "ağsaqqal" - deyib yanlarına səsləyib çay, yemək sifariş verirdilər. Maşallah, Əbülfət dayı da yaşına uyğun olmayan qıvraqlıqla çayxanaya gələn müştərilərə qulluq edir, əlindəki sinidə yemək, çay masalara tələsirdi.
Başqaları kimi mən ona "ağsaqqal" yox, "Əbülfət dayı" deyirdim. Fikir verirdim ki, kimin onu necə çağırmağının çayçı üçün heç bir fərqi yoxdur. Əsas o idi ki, müştəri gəlsin, çay içilsin, gün ərzində beş-üç manat çörəkpulu qazana bilsin.
Çayxana elə də böyük deyildi - iki otaqdan ibarət idi. Amma yazağzı hava isinəndə, Günəş yeri, göyü yandıranda, içəridəki masaları qənşərdəki ağacların kölgəsinə qoyub çayxanasını genişləndirərdi. İsti havalarda onun müştərisi çox olurdu.
Çayçı arıq, balacaboy bir kişi idi. Saçları vaxtından tez ağarmışdı. Sifətində sıralanmış qırışlar o qədər çox və sıx idi ki, ona baxanda elə bilirdin gülümsəyir.
Sərnişini olduğum qatar stansiyaya səhərin gözü açılmamış çatırdı. Mənzil başına yetişən kimi vaqondan düşüb çox da geniş olmayan stansiyanın gözləmə zalına tələsirdim. Həm stansiyada, həm də zalda bir az gəzişib havanın açılmasını gözləyirdim. Bəzən ovqatım yaxşı olanda bekarçılıqdan uşaqlığımı xatırlayıb relslərin üstündə irəli-geri addımlayırdım. Yeriməkdən yorulanda relslərin altına döşənmiş şpalları sayır, onların möhkəmliyini "yoxlayırdım". Hava xoş olanda səhərin açılmasını seyr edə-edə quşların həzin nəğməsini dinləyirdim. Üfüqün qızarmasına, dumanın dağların ətəyindən zirvələrə doğru çəkilməsinə, günəşin necə çıxmasına baxmaqdan zövq alırdım.
Əvvəlki gəlişlərimdə stansiyadakı çayxananın qapısını bağlı görürdüm. Fikirləşirdim ki, yəqin işləmir. Bir payız səhəri çayxananı açıq gördüm. Əbülfət dayı ilə ilk tanışlığımız da həmin gün oldu. Çayxananın açıq olması məni yaman sevindirdi: səhərin işıqlanmasını isti yerdə oturub çay içə-içə gözləyəcəkdim. Aylarla bağlı gördüyüm qapıdan astaca içəri keçdim. Stollardan birinin arxasında qalın gödəkcə geyinmiş, sir-sifəti qırışmış, balacaboy bir kişi oturmuşdu. Çayxanada ondan başqa heç kim yox idi. Fikirləşdim ki, yəqin çayçı elə bu adamdır. Soyuq payız səhərində onu xoş dindirdim:
- Sabahın xeyir, ay dayı.
- Ay, belə, aqibətin xeyir, beş də artıq.
- Çayınız varmı?
- Bala, var, amma qaynamayıb.
- Eybi yox, bir az gözləyərəm, qaynayar.
Sən demə, çayçı zarafat edirmiş. Çünki oturan kimi təzəcə dəm almış çayniklərdən birini buğlana-buğlana qarşıma qoydu. Sonra baxıb gördüm ki, çayçı gələnlərin hamısına eyni sözü - çayın qaynamadığını deyir. Onda bildim ki, o müştərilərlə zarafat edir. Çay içməyə gələnlər çıxıb gedəndən sonra içəridə ikimiz qaldıq. Ordan-burdan söz salıb çayçı ilə bir az yaxından tanış oldum. Öyrəndim ki, uzun illər dəmiryolçu işləyib. Evləri də stansiyanın yaxınlığındadır. Təqaüdə çıxandan sonra da dəmir yolundan uzağa getməyib. Bu kiçik stansiyada çayçı işləyərək, Əfqanıstan müharibəsindən qayıtmayan oğlunun yolunu gözləyə-gözləyə öz həyatını yaşayır.
Ömrünün arxada qalmış səhifələrindən söz açan Əbülfət dayı deyirdi: "Həm uzun illər dəmiryol idarəsində işləmişəm, saçımı bu sahədə ağartmışam, həm də neçə illər əvvəl böyük oğlum Qorxmazı bu stansiyadan əsgərliyə yola salmışam. Oğlumun bəxti gətirmədi, gedib Əfqanıstana çıxdı. Evə göndərdiyi məktublarında döyüşlərdən yazırdı. Vaxt-vədə başa çatdı, Qorxmazın xidməti qurtardı, amma o geri dönmədi. Sonuncu məktubunda yazmışdı ki, yaxın vaxtlarda qatarla gələcəm, məni dəmiryol stansiyasında qarşılayın. Elə o vaxtdan da yolunu gözləyirəm. Gözləməkdən gözümün kökü saralıb. Aradan neçə illər keçməsinə baxmayaraq uşaq gəlib çıxmaq bilmir.
Hərbi komissarlığa nə qədər ayaq döysəm də onun öldü-qaldısından bir xəbər öyrənə bilmədim. Nə bilim vallah, deyirdilər ki, guya Qorxmaz itkin düşüb. Mən heç buna inanmıram. Çünki o itkin düşən oğul deyildi. Mən həmişə işimə bağlı adam olmuşam. Neçə vaxtdır ki, təqaüdə çıxsam da indi yenə gecələr yuxumda vaqon, elektrovoz və relslər görürəm. Axşamlar qatarın səsini eşitməsəm gözümə yuxu getmir. Həmişə qulağım səsdə, gözlərim yollardadır. Elə hey Qorxmazın gəlişini gözləyirəm. Hərdən elə olur ki, təkərlərdən qopan taqqaturuqa diksinib ayılıram. Yerimin içində bir neçə dəqiqə bu səsə qulaq verib sonra yuxuya gedirəm. Elə bilirəm ki, qatarlar stansiyadan deyil, ürəyimin içindən ötüb keçir. Ümid edirəm ki, bu qatarlar bir gün mütləq oğlumu gətirəcəklər. Ona görə də, hər dəfə qatar stansiyada dayananda tez qabağına yüyürürəm. Deyirəm bəlkə bir gün Qorxmaz gələr. Amma hələlik ondan bir xəbər yoxdur."
Sonralar Əbülfət dayı ilə görüşlərimiz çox oldu. Səhər-səhər onun "qaynamamış" çayından içir, söhbət edib dərdləşirdik. Çayçının səkkiz qızı, iki oğlu var idi. Əbülfət dayı qızlarını köçürmüş, Əfqanıstan müharibəsində itkin düşmüş böyük oğlu Qorxmazın yolunu gözləyə-gözləyə kiçik oğlu Səlimi evləndirmişdi. Dediyinə görə, otuzdan çox nəvəsi var idi. Söhbət etdikcə onların adlarını bir-birinə qarışdırırdı. Deyəsən, çayçının yaddaşı da qaynamamış çay kimiydi. Gözləri yaxşı görmür, qulağı da zəif eşidirdi. Hər addımda onun üz-gözündən heç kimin arzulamadığı qocalığın əlamətləri oxunurdu. Dediklərindən hiss olunurdu ki, çayçı düzgünlüyü sevən, haqqın-ədalətin tərəfində dayanan adamdır. Hər dəfə onunla görüşəndə orta məktəbdə valideyn komitəsinin sədri olduğundan, ədalətli işlədiyindən ətraflı söz açar, qızlarını o biri şagirdlərdən üstün tutmadığını söyləyərdi. Sonda da deyərdi ki, əgər sözlərinə inanmıramsa məktəb direktoru işləmiş Şəmşir müəllim hələ ölmüyüb, sağdır, gedib onun necə adam olduğumu soruşa bilərəm. Mən də Şəmşir müəllimi haradan tanıyırdım ki, gedib Əbülfət dayı ilə bağlı ondan da nə isə soruşam.
Hər görüşümüzdə mənə eyni hadisələri danışardı. Ağzını açan kimi bilirdim ki, ardınca hansı cümlə, hansı ifadə gələcək. Bilirdim ki, sözünü tamamlayandan sonra nə vaxtsa, haradasa məktəb direktoru olmuş Şəmşir müəllimin adını çəkəcək. Bunları bilsəm də, səbrimi basıb onun sözünü kəsmədən çay içə-içə diqqətlə söhbətinə qulaq asardım. Daha demirdim ki, ay Əbülfət dayı, bunları ötən dəfə danışmısan də. Özümü elə göstərirdim ki, guya danışdıqlarını ilk dəfədir eşidirəm. Hiss olunurdu ki, Əbülfət dayı təbiətcə həm kövrək, həm də saf adamdır. Bəlkə də ömründə heç kimə pislik etməmiş, yalan danışmamışdı. Yəqin heç bu fikrə düşməmişdi də. Həyatı boyunca yalnız yaxşılıqlar eləmişdi. Onun qırışlar sıralanmış sifətindən nur yağırdı. Deyəsən, çayçının keçdiyi həyat yolu da sifətindəki qırışlar kimi enişli-yoxuşlu, keşməkeşli olmuşdu.
Son vaxtlar özünü yaxşı hiss eləmir, ağrılardan şikayətlənirdi. Ən çox da gözlərinin zəiflədiyini deyirdi. Ağrılarına baxmayaraq, yenə də həmişəki kimi səhər ertədən - hələ heç qatarlar stansiyaya gəlməmiş çayxananın qapılarını açır, çay dəmləyir, yeməyi bişirib müştərilər üçün hazır saxlayırdı. Qatar taqqaturuqla stansiyaya girən kimi perrona çıxıb sərnişinləri gözdən keçirirdi. Qorxmazı gələnlərin arasında görməyəndə qanı qaralırdı, gözləri nəmlənirdi. Əbülfət dayı stansiyadan keçən qatarları ümidlə qarşılayıb göz yaşları ilə yola salırdı. Oğlundan bir səs-soraq çıxmırdı. Neçə illər idi ki, həyatı bu axarla davam etdig
Daxilində ağrıları olsa da, üzdə özünü çox toxtaq tuturdu. Daim onu sıxan xəstəliyə təslim olmaq istəmirdi. Həmişə deyirdi ki, stansiyaya gəlməsə, qatarları görməsə, onların səsini eşitməsə, oğlundan bir xəbər tutmasa ölər. "Qoca kişiyəm, bir gün gəlib çayxananı bağlı görsən, bil ki bu dünyadan köçüf getmişəm. Kaş ki, Qorxmaz gəlib çıxaydı, onu görüb arxayın öləydim. Biləydim ki, balam müharibədən qayıtdı. Dünyadan oğul həsrətiylə, nisgilli, qübarlı getməyəydim. Ataların əllərindən oğullarını alan müharibələrə nifrət edirəm", - söyləyirdi Əbülfət dayı.
Bir dəfə qatardan düşəndə çayxananı bağlı gördüm. Gözlərimə inanmayıb bir az da yaxına gəldim. İçəridə işıqlar yanmır, səs-səmir eşidilmirdi, qapıdan iri bir qıfıl asılmışdı. Özümdən asılı olmadan bir neçə dəfə "Əbülfət dayı, Əbülfət dayı", - deyib çağırdım. Səsim divarlara, bağlı qapı və pəncərələrə dəyib üstümə qayıtdı. Çayçının sonuncu görüşümüzdə dediyi sözlər yaddaşımda sızıldayıb, ürəyimdə qəmli bir nəğmə kimi səsləndi. Əbülfət dayının dünyadan köçdüyünü zənn etdin. Kövrəldim, özümdən asılı olmadan gözlərim yaşardı. Çayçının yoxluğu mənə çox pis təsir elədi. Asta səslə "Allah sənə rəhmət eləsin, ay Əbülfət dayı" - deyib salavat çevirdim. Fikirləşdim ki, görəsən, illərdən bəri yolunu gözlədiyi oğlu Əfqanıstandan qayıtdımı? Əbülfət dayı Qorxmazı görə bildimi? Yoxsa bu dünyadan həsrətli, nisgilli köçdü?
Yolda taksi sürücüsündən onu soruşanda dedi ki, yox, Əbülfət kişi ölməyib, hələ sağdır. Oğlu da gəlib çıxmayıb. Ağır xəstədir, yerdə yatır, vəziyyəti yaxşı deyil. Həm canı ağrıyır, həm də gözləri yaxşı görmür, müalicə olunur, yəqin inşallah, yaxın günlərdə yaxşılaşıb işə çıxar. Çayçının sağ olduğunu eşidəndə ürəyim yerinə düşdü. Bir anın içində ürəyimdəki kədər silindi, gözlərimə sevinc qondu. Deməli, Əbülfət dayı hələ yaşayırdı. Qatarların səsini eşidib ruhlanır, ürəyində yaşamaq həvəsi daha da gur alovlanırdı. Xəstəliyə güc gəlib ömür yolunu relslər kimi uzatmaq istəyirdi. Deməli, hələ qatarlar Əbülfət dayının ürəyindən keçirdi. Çayçı hələ də ona doğma və əziz olan bu səslə nəfəs alırdı. Hələ ürəyi döyünür, ömrü öz axarı ilə yoluna davam edirdi. İntizarla balasının yolunu gözləyirdi.
Bir gün vaqondan düşüb stansiyaya tərəf gedəndə çayxananı yenə bağlı gördüm. Amma gözləmə zalına girmək istəyəndə qapının ağzında Əbülfət dayı ilə üz-üzə gəldim. Çaşıb qaldım, gözlərimə inanmadım, elə bil yuxu görürdüm. Əbülfət dayının gözləri yaxşı görməsə də, oğlundan nigaran qaldığından yatağında rahat uzana bilməmiş, hər əlinə bir ağac götürüb onlara söykənə-söykənə stansiyaya - həm qatarı görməyə, həm onun səsini daha da yaxından eşitməyə, həm də Qorxmazından xəbər öyrənməyə gəlmişdi. Çayçı illərdən bəri alışdığı vərdişini tərgidə bilməmiş, çətinliklə də olsa, səhərin hələ açılmamış bu vaxtında şirin yuxusuna haram qataraq gözlərinin zəif nuru ilə qaranlığı işıqlandırıb stansiyaya üz tutmuşdu. Sanki özünü qatarlara göstərib demək istəyirdi ki, o hələ ölməyib, sağdır, nəfəsi gedib-gəlir, balasının yolunu gözləyir. Qoy oğlunu harada olsa tapıb gətirsinlər, yolda qoymasınlar.
Vaqonlar asta-asta stansiyadan tərpənəndə Əbülfət dayı gözlərini qıyıb, sifətini turşutdu. Doğrudan da, elə bil həmin an qatar onun ürəyindən keçdi. Vaqonlar relslər üzərində sürünüb uzaqlaşandan sonra onunla görüşüb hal-əhval tutdum, vəziyyətini soruşdum. Üzgün-üzgün mənə baxıb dedi:
- Hə, oğul, bu qocalıq yaman pis şey imiş. Daha ayaqlarım sözümə baxmır, gözlərim güclə görür. Yataqda uzanmaqdan yanlarım yara bağlayıb. O gün Səlim üstümə yaxşı bir həkim gətirmişdi. Allah canını sağ eləmiş maa baxannan sonra dedi ki, əmi, qorxulu heş nəyin yoxdu. Bir-iki dərman yazıf dedi ki, bunnarı atandan sonra ağrılarım keçif gedəcək. İndi həm gözümə dərman salıllar, həm də yanıma iynə vurullar. İnşallah, bir neçə günə yaxşılaşıb yataqdan qalxacam. Əvvəlki günlərə baxanda indi yaxşıyam. Heç olmasa ağaşdan yapışıf ayaq üstə fırrana bilirəm. Bala, Allaha and olsun ki, heç özümdən asılı deyil. O qədər vərdiş eləmişəm ki, qatarın gəlməyinə az qalmış yuxudan oyanıram. Bu gün də gözlərimi açanda gördüm ki, vaxtda az qalıf. Duruf bura gəldim ki, qatarı görüm, vaqonların səsini eşidim. Dedim bəlkə Qorxmaz da gəlib çıxar. Bircə oğlum qaydıb gəlsəydi, onu görsəydim, ürəyim yerinə düşərdi, yerdə qalan ömrümü rahat yaşayardım. İnşallah, çox keçməz yenə də çayxananı açaram. Bax, məni unutma ha, bala, tez-tez gəl-get.
Qatar gedəndən sonra Əbülfət dayı stansiyada çox ləngimədi. Əlində tutduğu ağacları güclə yerə dayaq verə-verə bir neçə dəfə çayxananın ətrafına dolandı. Qapıya, pəncərəyə diqqətlə baxdı. Hər şeyin yerində olduğunu görəndən sonra mənimlə sağollaşıb əlindəki ağaclara söykənə-söykənə evinə tərəf addımladı. Həmişə qıvraq gördüyüm Əbülfət dayı həmin gün ağacların köməkliyi ilə güclə yeriyirdi. Ağır xəstə olsa da, fikri müharibədən qayıtmayan oğlunun və qatarların yanında qalmışdı. Bu yaşda da çayçının ürəyindəki istəkləri tükənməmişdi. Qəribədir, insanın ömrü bitib sona çatır, amma ürəyindəki arzuları qurtarmır, ümid işıqları sönmür, hey alışıb yanır, şölələnir, həyat yollarının qaranlıqlarına işıq saçır.
Növbəti dəfə bu tərəflərə yolum düşəndə stansiyada müştəri gözləyən taksi sürücülərindən biri dedi ki, Əbülfət dayı iki həftə əvvəl dünyasını dəyişib. Çayçının ölüm xəbəri məni sarsıtdı, sanki içimdə zəlzələ qopdu. Artıq onun "qaynamamış" çayından bir daha içib Şəmşir müəllimlə bağlı söhbətlərini eşitməyəcəkdim. Göz yaşlarıma hakim ola bilmədim. Elə bil ən əziz, ən doğma bir adamımı itirmişdim. Yazıq kişi oğlundan nigaran, nisgilli getdi. Onun oğlunun Əfqanıstandan qayıtmaması məni lap yandırırdı. Barı Qorxmaz gəlib çıxsaydı, kişinin ürəyi açılardı, gözü yollardan yığılardı. Bəlkə daha çox yaşayardı, ömrü uzanardı. Oğul həsrəti onu bu qədər üzüb əyməzdi.
Yaxından tanıdığın insanların ölüm xəbərini eşitmək çox kədərlidir. Ömür karvanını bu dünyadan çəkib getmiş çayçıya Allahdan rəhmət dilədim. Əbülfət dayıya o qədər öyrəşmişdim ki, ölümünə inanmağım gəlmirdi. Elə bilirdim ki, deyilənlər yalandır, o, hələ yaşayır, sağ-salamatdır. Günlərin birində işə çıxıb yenə də qatardan düşən sərnişinlərin arasında oğlunu axtaracaq, çayxanadakı müştəriləri ilə zarafatlaşacaq, sifarişləri yerinə yetirəcək. Amma başımda dolaşan bu fikirlər təskinlikdən başqa bir şey deyildi. Çayçı özü həyatda olmasa da, yaddaşlarda xoş sözləri, şən zarafatları qalmışdı. Harada olursa-olsun, hər dəfə çay içəndə Əbülfət dayının sözləri yadıma düşürdü. Fikirləşirdim ki, görəsən, içdiyim çay qaynamışdır, yoxsa yox?
Əbülfət dayıdan sonra dəmiryol stansiyasındakı çayxanaya yiyə duran olmadı. Onun bir vaxtlar iri qıfıl vurduğu qapı elə bağlı da qalmışdı. Onsuz sanki stansiya da yaraşığını itirmişdi. Mən də adətimi tərgidə bilmirdim. Hər dəfə qatardan düşəndə ilk olaraq çayxananın qapısına baxırdım. Könlümdən çay içmək, Əbülfət dayı ilə söhbət etmək keçirdi, özümdən asılı olmadan gözlərim onu axtarırdı. Qapı bağlı olsa da, çayxananın qarşısından keçib buradan bir vaxtlar içdiyim çayın, yediyim xörəyim qoxusunu almaq istəyirdim. Çoxdan bəri açılmayan qapının rəngi də solmuş, üstünü toz basmışdı. İlgəhə keçirilmiş iri qıfıl da pas atmış, açar yerinin kiçik gözlüyü tutulmuşdu. Çayxananın pəncərəsinin yuxarı şüşəsi sınmışdı. Külək toz-torpağı buradan içəri sovururdu. "Çayxana" yazılmış lövhənin bir tərəfi yerindən qopub havada yellənirdi. Divarlar, daşlar elə bil min illərin sükutu içində dərin fikrə getmişdi.
... Çayxananın bağlı qapısı ağzında dayananda özümdən asılı olmadan bir neçə dəfə "Əbülfət dayı, heeey!" - deyib onu səslədim. Amma nə içəridən, nə də ətrafdan çağırışıma səs verən olmadı. Elə bil səsimi soyuq divarlar uddu. Fikirləşirdim ki, görəsən, Əbülfət dayı indi qatarların gəlib-getdiyini hiss edirmi? Ruhu yenə də sərnişinlərin arasında balası Qorxmazı axtarırmı? Vaqonların taqqıltı ilə bir-birinə dəyib stansiyadan tərpənməyini eşidirmi? Relslər üzərində şütüyən qatarlar yenə də onun ürəyindən keçirmi? Yoxsa indi onlar səmtini, istiqamətini dəyişib başqa ürəklərə doğru yan alıblar?
Bunları fikrimdən keçirəndən sonra illər uzunu oğul yolu gözləyən Əbülfət dayını səslədim:
- Əbülfət dayı, heeey, hardasan? Har-da-san?...
Çağırışımı özümdən savayı kimsə eşitmədi. Səhər mehi səsimi qabağına qatıb uzaqlara apardı...