adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2016 09:16
5370
GÜNDƏM
A- A+

ÖLÜMSÜZ ÖMÜR


(Ölməz Səməd Vurğunun əziz xatirəsinə)
Qədir Tərtərli,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Günlərin də hamısı bir-birinə bənzəmir. Günəşlisi var, küləklisi var, yağışlısı, qarlı-çovğunlusu var günlərin. Vaxt da, zaman da belədi. Sevincli çağları, qəmli-qüssəli anları da olur vaxtın.
Mənim də belə anları yaşadığım günlər az olmayıb. Bəzilərində sevinmiş, bəzilərində kədərlənib qəm-qüssəyə batmışam. Dostlarımın şad günləri, öz həyatımda baş verən sevincli, fərəhli anlar şadlandırıb məni.
Bunların əksi də olub. Qiymət yazılmamış zaçot kitabçam üstümə qaytarılanda, bəzi hallarda "kafi" qiymət alıb tələbə təqaüdündən məhrum olanda, evdən adıma göndərilən xərcliklərim gecikdiriləndə məyus olmuşam, günlərlə eynim açılmayıb.
Amma çox davam etməyib. Keçici olub belə hallar. Sonralar unudulub, büs-bütün yaddan çıxıb. Nə vaxtlarsa yada düşəndə onların özü də şirin bir xatirəyə çevrilib.
1956-cı ildə - universitetin üçüncü kursunda təhsil aldığım zaman isə olmuş bir hadisə heç vaxt yadımdan çıxmayıb. Sonralar hər dəfə yadıma düşəndə də ürəyimi ağrıdıb, əzab verib mənə. Lap elə indicə olubmuş kimi xatırlayıram o hadisəni...
O vaxtkı Kommunist küçəsindən Fəxri Xiyabana doğru axışan insan axınının ardı-arası kəsilmirdi. İzdiham get-gedə böyüyür, nəhəng dalğalı dənizi xatırladırdı. Kimlər yox idi bu insan selinin içində? Uşaq da, cavan da, qoca da, qarı da...
Danışırdılar ki, belə izdihamı, bu boyda insan axınını Bakı iki dəfə görübmüş. Birinci dəfə Cəfər Cabbarlının, ikinci dəfə Üzeyir Hacıbəyovun dəfn mərasimi zamanı. Üçüncüsü indiki idi - Fəxri Xiyabana doğru yön alan tabutun ardınca şütüyən izdiham!..

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam - doğma Vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Diktorun radioda son dərəcə kədərli səslə oxuduğu bu sətirlərin müəllifi idi tabutdakı. Azərbaycanın bədii xəritəsi hesab olunan "Azərbaycan" şeirinin indiki oxunuşu əvvəlkilərə bənzəmirdi. Başdan-başa qəmlə, hüzn və kədərlə yoğurulmuş misraların hər biri ürəklərə od salır, onsuz da dərdli qəlblərin sızıltısını daha da artırırdı...
Ağır xəstəliyinə bəlkə də əncam tapılar deyə xaricə aparmışdılar şairi. Müalicənin, dava-dərmanın heç bir xeyri olmamışdı. Hər şeyin mənasız olduğunu bilib çox qalmaq istəməmişdi yad ölkədə. Tezliklə dünyasını dəyişəcəyi ürəyinə damdığı üçün dərhal doğma Vətənə qayıtmaq niyyətində idi. Qürbət eldə ölümə can verə bilməzdi. Canından artıq sevdiyi Azərbaycan torpağı yolunu gözləyirdi onun. Titrək əllərini qələmə uzadaraq elə beləcə də yazmışdı: "Zalım əcəl, məndən uzaq dayan, dur, qürbət eldə can vermərəm ölümə!.."
Nə az, nə çox! Vur-tut 50-cə yaşın içində, hələ ad gününün təntənəli tədbirləri bütünlüklə sona çatmamış dünyasını dəyişən şairin arzusu ürəyində qalmırdı. Vətən torpağı - mehriban nəvazişli ana torpaq qucağını açıb sinəsinə basmaq istəyirdi əziz oğlunu.
Bakı qəm dəryasına batmışdı. Azərbaycan ağlayırdı. Oğul itirən hansı ana ağlamayıb ki? O ki, qalmış Səməd Vurğun kimi Azərbaycan ədəbiyyatının, Azərbaycan şeirinin bayraqdarı sayılan bir oğul ola!..
Budur, izdiham Fəxri Xiyabana çatır. Gül-çiçək yağışına bürünmüş tabut ehmallıca çiyinlərdən endirilərək yerə qoyulur. Respublika Ali Soveti Rəyasət Heyətinin sədri, şairin qələm dostu Mirzə İbrahimov matəm mitinqini açaraq onun Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan ədəbiyyatının korifeyləri sırasında özünə layiqli yer tutduğundan geniş söhbət açır. Bir-birinin ardınca tribunaya qalxan natiqlər - görkəmli ədəbiyyat və incəsənət xadimləri şairin geniş vüsətli ədəbi-bədii yaradıcılığından, ölkəmizin hüdudlarından xeyli kənara çıxıb ona böyük şöhrət qazandıran əsərlərindən danışırlar.
Danışmaqla qurtarasıydımı ki, onun gördüyü işlər? Nələr etməyib ki? Hansı xeyirxah işlərə əl uzadıb imza atmayıb ki? Dayaq durub havadarlıq etdiyi, ət tutub təmənnasız səxavət göstərdiyi, çətin problemlərini, müşkül işlərini bircə telefon zəngi ilə həll edib qaydasına saldıqları beşdimi, ondumu, yüzdümü, mindimi? Özü də bilməzdi bunu, hesabını aparmırdı ki! Olsa-olsa bir Allah bilərdi bunu, bir də xeyirxahlıq göstərib qayğısına qaldığı, əlindən tutduğu adamlar.
Allah yaradanda belə yaratmışdı onu. Ətinə, qanına hopmuşdu bütün insani keyfiyyətləri - yaxşılığı, səxavəti, əliaçıqlığı, imkansızlara dayaq durmağı!
Başı az bəlalar da çəkməmişdi. Şöhrətinə qısqananları, bədxahları, bir-birinin ardınca qazanılan uğurlarını istəməyənləri yeri gələndə, imkan tapdıqca kölgəsini qılınclamaqdan çəkinməmişdilər. Haqq, ədalət unudulanda, vicdan susanda belə hərəkətlərdən çəkinməyənləri necə qınayasan? Yalanın, böhtanın ayaq tutub yeridiyini bilən şair ünvanına deyilənlərdən sarsılmamışdı, dəryada dayanan qocaman dağ kimi dayanmışdı haqqında uydurulan belə əsassız sözlərin qarşısında.
Kim bilir, bəlkə elə indinin özündə də qəlbini qurd kimi didib parçalayan, paxıllığından sevinənlər olmamış olmazdı bu boyda izdihamın içində. Amma olsa belə, elələri tək-tək olardı, dəryadan götürülən damla kimi!..
Cənazə məzara endiriləndə qardaşı Mehdixanın əlləri ilə saçlarını yolub havaya sovurduğu, var gücü ilə ucadan hönkürə-hönkürə: "Ora girmə Səməd, bu yaşında qəbirdə yatmaq yaraşmaz sənə" - dediyi sözlər indi də yadıma düşəndə bədənimdən ağrılı bir gizilti keçir...
Mehdixan müəllimimiz idi. Universitetdə Partiya Tarixindən dərs deyirdi bizə.
Yaxşı yadımdadı ki, Səməd Vurğunun xəstəxanada yatdığı günlərdə hamı kimi biz tələbələr də şairin səhhəti ili maraqlanır, onun tezliklə şəfa tapıb sağalmasını arzulayırdıq.
Əvvəllər, hələ qardaşının sağlığında mühazirə oxumaq üçün auditoriyaya gülə-gülə girib tələbələrlə zarafatlaşan, öz duzlu, məzəli söhbətləri ilə hamıda xoş ovqat yaradan Mehdixan müəllim birdən-birə sınıxıb əldən düşmüş, son dərəcə bədbinləşib tanınmaz görkəm almışdı. Oxuduğu mühazirələri də eyni açılmadan, könülsüz oxuyurdu.
Mehdixan müəllim hər dəfə auditoriyaya daxil olanda sinifkomumuz Famil Mehdi qrup yoldaşlarımızın adından böyük şairin səhhəti haqqında məlumat verməsini ondan xahiş edirdi.
Vəfatından üç gün əvvəl Mehdixan müəllim Səməd Vurğundan danışarkən ağlaya-ağlaya demişdi: "Səməd gedir, təbabət aciz qalıb onun xəstəliyinin qarşısında".
Bir qədər susduqdan sonra Mehdixan müəllim yenidən söhbətinə davam etmişdi: "Dünən böyründə oturub əlimi alnına qoymuşdum. Diqqətlə üzümə baxıb: - Mehdixan, niyə belə sınıxmısan, - dedi. İşlərimin çox olduğunu, dərs yükümün ağırlığını bəhanə gətirdim. Səmədi inandırmaq olardımı belə şeyə? Gülümsünə-gülümsünə: - Niyə düzünü demirsən a qıvlasız, - dedi. Niyə demirsən ki, Səməd kimi qardaşı itirdiyimə görə beləyəm.
Bu sözləri bu dəfə daha yüksəkdən hönkürə-hönkürə demişdi. Onun sözləri hamımızı kövrəltmiş, hətta qızlarımızdan bəzilərinin gözlərinin yaşardığını da görmüşdük.
... Mənim Səməd Vurğuna olan məhəbbətim onun "İstiqbal təranəsi" kitabı ilə tanışlıqdan başlamışdı. Oxuduqca sehrinə düşmüşdüm yazdıqlarının, uzun müddət çıxa bilməmişdim cazibəsindən onların. Əzbərləmək fikrində olmasam belə, şeirləri özləri özlərini əzbərlətmişdi. Sadəliyin, səmimiliyin, xalq ruhuna yaxınlığın nəticəsi idi bu.
Ədəbiyyata, xüsusən də şeirə olan marağım çox kitablar oxutmuşdu mənə. Onların əksəriyyəti də şeir kitabları idi. Elə şairlərin şeirlərinə rast gəlmişdim ki, yazdıqlarından baş çıxara bilməmişdim. Bəlkə soruşsan heç özləri də nə demək istədiklərini izah edə bilməzdilər. Görəsən, heç elələrinə bir deyən olmuşdumu ki, ay şair, sən bunu xalq üçün yazırsansa, elə yaz ki, hamı başa düşsün. Yaza bilirsənsə, Səməd Vurğun kimi aydın yaz, yaza bilmirsənsə, tulla qələmini bir kənara. Bir yaxşı-yaxşı oxu Səməd Vurğunun yazdıqlarını. Mənasına, söz aydınlığına, fikir dərinliyinə diqqət elə. Təkcə elə "Dünya" rədifli qoşmasının bu bəndini yadına sal:

Yerlərə baxıram, bağçalı, bağlı,
Göylərə baxıram, qapısı bağlı.
Təbiət ixtiyar, sirli, soraqlı,
Sirrini verməyir sirdaşa dünya!

Fəlsəfə deyilmi bu? Amma bu sözlərdəki fəlsəfi dərinlik hamıya eyni dərəcədə çatır - çobana da, alimə də, fəhləyə də, kolxozçuya da! Səməd də elə buna görə Səməddi!
"Səməd Vurğun xalqımızın fəxridir. Yaxşı-yaxşı oxu onun yazdıqlarını!". Bu sözləri mənə ədəbiyyat müəllimimiz Sabir müəllim demişdi. Altıncı sinifdə oxuyurdum onda. "İstiqbal təranəsi" kitabını ilk dəfə kitabxanadan alıb oxumaq istədiyimi biləndə demişdi. Oxudum, dönə-dönə oxudum, sözlərinin nə qədər haqlı olduğunu gördüm. Elə o vaxtlardan da sevdim Səməd Vurğunu.
Mən Səməd Vurğunu təkcə şair kimi sevmirdim. O vaxtlar mənə elə gəlirdi ki, o, şair olmazdan daha çox möcüzədi, Allah möcüzəsi! Ulu yaradanın xalqımıza bəxş etdiyi ideal varlıqdı. Bu varlıq xalqın şeir dilidi, şeir xəzinəsidi, şeir dünyasıdı. Dünyanın gözəlliklərini, onun sirli-soraqlı aləmlərini xalqa göstərmək, sevdirmək, çoxlarının demək istəyib deyə bilmədiklərini demək üçün yaranıb.
Nizamini, Füzulini yetirən bu torpaq, Səmədsiz qoya bilməzdi bu xalqı!..
Hələ orta məktəbdə oxuduğum vaxtlardan çox-çox əvvəllər də Səməd Vurğunu yaxından görmək, onun yazdıqlarını öz dilindən eşitmək arzusunda idim. Universitetə daxil olandan sonra bu arzuya qovuşmaq həvəsim gündən-günə artırdı.
Universitetdə şair və yazıçılarla görüşlər tez-tez keçirilirdi. Belə görüşlər zamanı gözüm ancaq Səməd Vurğunu axtarırdı. Nəhayət ki, aradan çox keçməmiş taleyim bu arzumu da ürəyimdə qoymadı.
Universitetin giriş qapısında Səməd Vurğunla görüş keçiriləcəyi barədəki elanı oxuyanda necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Görüş axşam saat 5-də, universitetin akt salonunda keçiriləcəkdi. Həmin vaxtı səbirsizliklə gözləyən təkcə mən deyildim. Dərnəyimizin rəhbəri, şair Bəxtiyar Vahabzadə bu görüşün keçiriləcəyi barədə əvvəlcədən bizi məlumatlandırmışdı. Ona görə də ədəbiyyat dərnəyinin üzvləri hamıdan əvvəl, vaxtından yarım saat qabaq gəlib zalda öz yerlərini tutmuşdular.
Səməd Vurğun deyilən vaxt zala daxil olanda gurultulu alqışların ardı-arası kəsilmək bilmirdi. Görüşə tək gəlməmişdi şair. Osman Sarıvəlli, Hüseyn Arif, Qasım Qasımzadə də onunla birlikdə idilər.
Universitetin rektoru, professor Cəfər Xəndan görüş yığıncağını açaraq müəllim və tələbələr adından qonaqları salamladıqdan sonra Səməd Vurğunun yaradıcılığı və geniş ictimai-siyasi fəaliyyəti barədə məruzə ilə çıxış etdi. Məruzədən sonra Osman Sarıvəlli, Hüseyn Arif, Qasım Qasımzadə öz yeni şeirlərindən parçalar oxudular.
Sonra söz Səməd Vurğuna veriləndə zal yenidən təlatümə gəldi. Şair əlinin işarəsi ilə onun şərəfinə ucaldılan gurultulu alqışları güclə sakitləşdirərək sözə başladı:
- Əzizlərim, mən indi zala göz gəzdirəndə görürəm ki, burada iştirak edənlərin çoxu gənclərdi. Gənclər də yəqin ki, məhəbbət şeiri gözləyir məndən. Bu da təbiidir. Çünki məhəbbət elə gənclik deməkdi. Məhəbbətsiz gənclik, gəncliksiz məhəbbət ola bilməz.
Mən də gəncliyimdə məhəbbətdən çox yazmışam. Amma indi görürəm ki, məhəbbət şeirləri yazan cavan şairlərimiz çoxdu. Özləri də çox yaxşı yazırlar. Gülümsünə-gülümsünə zarafatla onu da dedi ki, bir də sizdən nə gizlədim, Xavər xanımdan da ehtiyat eləyirəm. Deyər ki, ay Səməd, bu sevgi şeirini hansı xanıma yazmısan?
Şairin bu sözləri bayaqkı alqış səslərini arası kəsilmək bilməyən gülüş səsləri ilə əvəz etdi.
Zal sakitləşən kimi Səməd Vurğun təzəcə yazdığı, hələ heç yanda çap olunmamış "Şair, nə tez qocaldın sən!" şeirini özünə məxsus gur avazla oxumağa başladı:

Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömür keçir bu adətlə,
Uğurlu bir səadətlə.

Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən?
Dünən mənə öz əlində

Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kmi dayandı lal...
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən?

... Şeir sona yetəndə şairi tribunadan enməyə qoymadılar.
Müəllim və tələbələrin sürəkli alqışları onun təkcə oxuduğu bu şeirlə kifayətlənməməsinə işarə idi. Bunu nəzərə almamaq olmazdı. Bir-birinin ardınca, bir-birindən gözəl əlavə şeirlər də oxundu. Amma onların heç biri təzə deyildi, kitablardan oxumuşdum onları. Ona görə də bu yeni şeiri qədər məni təsirləndirib ovsunlaya bilməmişdilər.
Qabaq cərgələrdə oturduğumdan, hər şeyi aydın görürdüm. Əlli yaşı hələ tamam olmamış adama oxşamırdı Səməd Vurğun. Əlli yaş nə yaş idi ki? Ona diqqətlə fikir verəndə belə qənaətə gəlmək olardı ki, yaşadığı ömürdən iki dəfə artığını yaşayıb. Saçlarına, özünün dediyi kimi, təkcə dən düşməmişdi. Büsbütün ağarmışdı saçları - dağlarımızın əlçatmaz zirvələrində görünən dümağ qar kimi!
Niyə belə tez qocalmışdı? Niyə belə tez ağarmışdı saçları görən? Uzun müddət məni düşündürən suallar idi bu suallar. O vaxt qəti və dürüst cavabını da müəyyənləşdirməkdə çətinlik çəkməmişdim bunların. Axı, məddahlığı, yarınmağı bacarmayan şairlərin hansının ömrü dərdsiz-qəmsiz ötüşüb ki? Şair elə dərd çəkmək üçün yaranmayıbmı? Söhbət əlbəttə, əsl şairdən gedirsə, özünün dediyi kimi: "şair olan qəm də yeməlidi, dərd də çəkməlidi".
Səməd Vurğun da qəm yeyə-yeyə, dərd çəkə-çəkə vaxtından tez qocalmışdı. Gərgin işi, tükənməz zəhməti, yuxusuz gecələrinin əzabları, özü haqqındakı haqsızlıqlar, qələm yoldaşlarının - xalqın düşünən beyinlərinin, yazan əllərinin əsassız böhtan və iftiralara qurban verilməsi qocaltmışdı şairi. Elə ömrün yarı yaşında həyatdan getməsinin səbəbi də bu deyildimi?
Böyük şairin vaxtsız ölümü hamı kimi məni də yandırırdı. Bircə onunla təsəlli tapırdım ki, nə yaxşı gec də olsa, sağlığında görə bildim onu. Canlı səsini eşitdim, söhbətinə qulaq asdım, ən yeni şeirini ilk dəfə eşidənlərdən biri də mən oldum. Bunun özü də elə xoşbəxtliyim idi...