adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Aprel 2016 15:52
7021
GÜNDƏM
A- A+

70 yaşlı qoca qartal

Sənsiz keçən ömür vallah hədərdi

Sənsiz qismətimiz qəmdi, kədərdi

Çəkə bilmir ürək daha bu dərdi

Sənsən qibləgahım, imanım, qardaş.

Sən dünyaya qartal olaraq gəlmişdin. Qartalların məskəni uca dağlar başı olub. Onlar həmişə səmalarda cövlan edib, göylərdə süzüb. Kim onların qocaldığını, əldən düşdüyünü görüb? Sənin də, qartallar kimi, nə qocaldığını görən oldu, nə də əldən düşdüyünü.

Qoca qartal, sən yenə də göylərdəsən. Sağlığında olduğu kimi çoxları adını çəkməyə qorxur.

Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun doğum günü idi. 70 yaşı tamam oldu. Belə yaşına, belə yoluna, bu ucalığına, vətən məhəbbətinə anan qurban, qardaş. Çünki heç kim ana kimi saf, təmiz qurban ola bilməz. Biz qurban ola bilmədik. Bizim sənə qurban olum deməyimiz yalan imiş, söz imiş. Qarabağ müharibəsi hər şeyimizi əlimizdən aldı, birincisi də səni, sizi.

Müharibə iştirakçıları yaxşı bilirlər ki, müharibə kinolarda olduğu kimi maraqlı və asan olmur. Həm də müharibə qorxaqların, iradəsizlərin işi deyil. Düşmən gülləsinə sinə gərmək üçün dəniz iradən, döyüşkən ruhun və ən əsası köksündə vətən sevgisi ilə döyünən ürəyin olmalıdır.

Qarabağ müharibəsində 10 minlərlə belə cəsur oğullar düşmən üstünə yeridilər. Gözlərini qırpmadan, canlarını əsirgəmədən döyüşə girdilər.

Atamın 3 oğlu da birincilər sırasında döyüşə getdilər. Hər bir müharibə iştirakçısının həyatı ayrıca bir romanın, ayrı-ayrı qəhrəmanların həyatları tarixi əsərlərin mövzusudur. Elini, obasını, xalqını, millətini sevən ər igidlər vətəni təcavüzkar düşməndən qorumaq üçün yollandılar. "Arxada Vətəndir” - deyib, özlərini güllə qabağına atdılar və müharibədən qayıtmadılar. Müharibə, nə dəhşətlisən; sonu görünməyən bu müharibə 7 başlı əjdahadan da, adamyeyəndən də betərdir. Şəhərləri, kəndləri, viran qoydun, nə anaları oğulsuz, bacıları qardaşsız, gəlinləri ərsiz, uşaqları yetim qoydu. Hər nədirsə ağıllı hesab edilib, dünyanın idarə edilməsi həvalə olunan "başbilənlərin” fitnə-fəsadlarından yaranır. Məqsədləri nədir görəsən "başbilənlərin”?

Müharibə milyonlarla insan kimi məni də kül elədi. Elə qardaşlar itirdim ki, hər biri bir dünyadı mənim üçün.

Qışda 50 dərəcə şaxtada donan, yayda ocaqda yanan mənim kimi olmadı. Bu dünyanın bütün dəhşətlərini gördüm. Düşməni yansın külə dönsün, havadarları ilə birlikdə.

Bir qardaş itirdim - adı Eldar. Böyük ürəkli, insanları sevən, üzü gülər, verən əlli, bol çörəkli, qoynu-qoltuğu dolu, hamıya mehriban, ata-ana qayğılı, vətən məhəbbətli, körpə balalı qardaşım mənim. Zəhmətini itirənlərin zəhməti itsin bu dünyada. O biri dünyaya qalmasın.

Bir qardaş itirmişəm, igidlərin xası, uca boylu, ala gözlü, aslan biləkli, gen sinəli, gedəndə boyu gözəl, çönəndə üzü gözəl, sözü bir, amalı bir, hər ataya qismət olmayan, hər ananın doğmadığı, çox danışmağı sevməyən, bir az hövsələsiz, qorxu nə olduğunu bilməyən, dostu özündən çox, həm də lap çox sevən, oddan iti, ipəkdən yumşaq atam oğlu qardaşım mənim. Allahverdi qardaşım. Mən bu dünyaya xoşbəxt doğuldum, sənin bacın olduğum üçün. Sizdən sonra dünyanın ən bədbəxti mən oldum. Sənsiz, sizsiz qaldığım üçün. Üçünüzdən birinizin çiyni mənə qismət olmadı - öləndə yerdən götürmək üçün.

Allahverdi qardaşım, getdiyin yola, boyuna, gözəl adına, tapmadığım ayaq izinə mən bacın qurban. Ehtiyacım qardaş. Yanınca getmək, əlindən tutmaq, üzündən öpməyə qıymayıb aradabir paltarın üstündən öpəm. Sən də tələsik deyirdin "ayə, bu dəlidir, camaat baxır, neyləyirsən”. Mən də dəli tərsinə səni birdə qucaqlayam. Eldar da gülə-gülə deyə "ayə, dəymə, qoy qucaqlasın” - mənim də ürəyim dağa dönə.

Allahverdi, mən bilməzdim dünya nədir, mənim dünyam səni idin, sizi idiniz. Söylə, mən yerin altındayam, yoxsa üstündə. Düz 24 ildir səni tapmıram. Səni itirəndə 46 yaşın var idi. İndi deyirlər 70 yaşın olur. Belə yaşına, o hünərli, hökmlü, çox qızdan sonra səni tapan, heç oğul toyu görməyən, sizi itirdiyi üçün dağdan ağır yükü olan atan qurban, qardaş. Qardaş, Allahverdi, bu yaşına getdiyin o müqəddəs yol qurban. Uğurunda can verdiyin Qarabağın qurban, torpağına qanın tökülən Ağdamın qurban. O Ağdam ki, səndən sonra xarabazara çevrildi, daşı daş üstündə qalmadı, düşmənə əsir düşdü.

Qardaş, sənin bu 70 yaşın harda olur, harda keçır? Adın harda, necə anılır? Bir rayon təşkilatındamı, bir məktəbdəmi, icra aparatındamı, bəlkə bir televiziya kanalında, harda? Milli Qəhrəmanı kim yad edir? Bizim kimimiz var ki? Heç kimə, heç nəyə gücüm çatmır, özüm qurban bu yaşına, qardaş, gözü yollarda qalan mən bacın qurban.

Həsrətdən inləyir könlümün simi

Dağlar da çəkəmməz bu dərdi, qəmi

Eldə qardaşımı qaytarın mənə

Dədəmin oğlunu qaytarın mənə.

Tərsinəmi axır dəyirman arxı

Dayanıb fırlanmır dünyanın çarxı

Deyəsən mən nəsə deyirdim axı

İgid qardaşımı qaytarın mənə.

Tam əminliklə deyirəm, Qarabağ müharibəsinin ən böyük qəhrəmanı Allahverdi Bağırov oldu. Çünki o dövrdə Azərbaycan dövlətinin rəhbərlərinin, BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatlarının etmədiyi işlərin öhdəsindən Allahverdi Bağırov gəldi. Yüzlərlə insanın həyatını xilas etdi. Mindən artıq Xocalı sakinini əsirlikdən azad etdi. Girov götürülmüş insanların meyitlərinin ermənilərdən alınmasına nail oldu. Bu gün qohum deyib bir-birinin əlindən tutan, oğul evləndirib, qız köçürdən Xocalı sakinləri Allahverdi Bağırova həyatları boyu minnətdar olmalıdırlar. Ancaq bu gün televiziya kanallarına müsahibə verən keçmiş girovlar belə deyirlər – bizi aldılar, bizi dəyişdilər. Niyə demirsiz Allahverdi bizi o dəhşətdən qurtardı.

Bütün bu işləri öz gücü ilə gördü. Eyni zamanda qardaşlarım münaqişənin ilk günündən ta həlak olana qədər hadisələrin mərkəzində oldular. Eldar, Allahverdi vətənpərvər oğulları bir yerə topladılar. Haqqı tapdalananları müdafiə etdilər. Silah aldılar. Ermənilərlə qonşu kəndlərdə yaşayan insanlara payladılar. Elə yerlər oldu ki, 3-4 kəndin harayına getdilər (Umudlu, Cinli, Qalayçılar, Güney Pəyə). Camaat onların və onlar kimi oğulların hesabına evlərində yaşaya bildilər. İndi çoxları Qarabağ müharibəsi veteranı olub. Halbuki ilk münaqişə başlayandan qoyub qaçmışdılar. Eldarın qətlindən sonra onun yaratdığı AXC Ağdam rayon şöbəsinə Allahverdi özü başçılıq etdi. Eldarın başladığı işi o davam etdirdi, yarımçıq qoymadı.

Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə anadan olub. 5 qızdan sonra Allah bizlərə bir qardaş bəxş etdi. Ağdam şəhər 1 saylı orta məktəbini bitirmişdi. Yeniyetmə vaxtlarında yüngül atletika ilə məşğul olmuşdu. Sonralar futbola keçdi. Möhkəm iradəli, qorxu nə olduğunu bilməyən, həmişə qələbəyə can atan bir şəxsiyyət kimi böyüdü. Uzun illər Ağdamın "Qarabağ” futbol komandasında müdafiəçi oldu. Əvvəllər futbolda müdafiəçi, sonralar isə Vətənin müdafiəsinə qalxdı. Komandanın problemlərinin həll olunmasında böyük rol oynadı.

Həmişə sözü böyük oldular

Allahverdi dedi – saman düşdü.

Dedilər – zaman dağıldı.

Elə cavanlıqdan sözü üzə deyən idi. Çox təəssübkeş idi. Təkcə Xocalı müsibəti zamanı Allahverdinin göstərdiyi rəşadət cild-cild kitabların mövzusu ola bilər. Hələlik yazan yoxdur.

3 gün ərzində təkcə Xocalıdan 613 meyit aldı. 1000-dən artıq əsir düşmüşlərin azad edilməsi Allahverdinin hünəri hesabına baş tutdu. Bütün bu əziyyətlər Allahverdinin yuxusuz gecələri və şəxsi təşəbbüsü hesabına baş tutdu. 1992-ci ilin 12 iyununda Ağdamın özünümüdafiə batalyonları ermənilər üzərinə irimiqyaslı hücuma keçdi. 4 saat ərzində 5 kəndi alıb Əsgərana qədər gedib çatmışdılar. Amma Allahverdinin ölümü hər şeyi yarımçıq qoydu Uğurlu əməliyyatı başa çatdırıb Ağdama qayıdan Allahverdi içində olduğu UAZ-469 markalı maşının yola basdırılmış tank əleyhinə minaya düşməsi nəticəsində sürücüsü Əmir Mirzəyevlə birlikdə həlak oldu. Bununla çırağımız söndü, yurdumuz talandı.

Allahverdinin ölümü təkcə bizim və ağdamlıların deyil, ümumilikdə Qarabağ üçün, hətta Azərbaycan üçün çox böyük itki oldu. Müharibənin çox gərgin və həlledici məqamında Allahverdisiz qalan Azərbaycan ordusu ən möhkəm sütununu itirdi və bu, müharibənin gedişinə çox böyük mənfi təsir göstərdi. Allahverdinin ən böyük arzusu döyüşə-döyüşə Xankəndinə daxil olmaq və Azərbaycan bayrağını Xankəndinin ən uca yerinə sancmaq idi. Bir də Allahverdinin bir nisgili var idi - Eldarın balalarını böyütmək.

Qardaş, fəxrimsən, ucalığımsan

Arxamsan, köməyimsən, qiymətlimsən

Ən böyük olanı Vətənimsən, Allahverdi Bağırov, atam oğlu.

Almaz Bağırova

"Yeni Müsavat”