adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Aprel 2016 14:11
3794
SİYASƏT
A- A+

Qanun layihəsi birinci oxunuşdan geri qaytarıldı

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir.

Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklər layihəsi haqqında komitə sədri Əli Hüseynli məlumat verərək bildirib ki, Prezident qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib.


Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Bundan başqa, dövlət orqanına təklif edilən namizəd müsbət təklif alarsa, stajçı əmək müqaviləsi bağlanılmaq yolu ilə 6 ay sınaq müddətinə dövlət qulluğuna qəbul ediləcək. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verib onunla müvafiq əmək müqaviləsi bağlayacaq.

Stajçı kimi qulluğa qəbul edilən şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə əvvəlki vəzifədə staj müddəti nəzərə alınacaq. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxs yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla yenidən sınaq müddəti ilə vəzifəyə təyin ediləcək.

Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Belə ki, attestasiyasiyalar ləğv olunur və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikat almalı olacaqlar. Yəni, həmin şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

Eyni zamanda, sertifikat alaraq dövlət qulluğuna daimi xidmətə qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, üçüncü sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb olunmayacaq.

Müzakirələrin sonunda dəyişikliklər layihəsinin yenidən müzakirəyə çıxarılması barədə qərar qəbul edilib. Buna səbəb komitə üzvlərinin layihədəki dəyişiklikləri məqbul hesab etməmələri olub.
Deputat Çingiz Qənizadə bildirib ki, ümumiyyətlə dövlət qulluğuna qəbulda müsahibə ləğv olunmalıdır: "Müsahibə mərhələsi subyektivliyə gətirib çıxarır ki, bunun da nəticəsində bir çox savadlı kadr dövlət qulluğuna keçə bilmir. Namizəd test mərhələsində uğurlu nəticə göstəribsə, daha müsahibəyə nə ehtiyac var? Yeni layihədə dövlət qulluğuna qəbul asanlaşdırılmaq əvəzinə daha da çətinləşdirilib. Hesab edirəm ki, layihə yenidən işlənməlidir”.

Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vüsal Hüseynov, Rəfael Cəbrayılov və Tahir Kərimli də layihəyə etiraz ediblər.

Sonda qərara alınıb ki, layihə yenidən baxılması üçün mütəxəssislərə qaytarılsın və yenidən müzakirə olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib.