adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Aprel 2016 13:43
16539
MARAQLI
A- A+

Alimlər qadın xəyanətini dəstəkləyir

Kimliyindən, millətindən asılı olmayaraq xəyanətə nifrət edən, daim onu önləməyə çalışan insan (post insan!) bu əməli də öz xeyrinə çevirməyi bacardı. Başqa sözlə, keçmişlə bərabər, ötənlərin duyğularına da qələm çəkən yeni insan xarakterinin, münasibətlərinin formalaşması üçün xəyanətdən yararlanmaq fikrindədir. Nyu-York Universitetlərindən birinin bioloqları bəyan edirlər ki, qadınlar yalnız xəyanət etdikdən sonra düzgün münasibət qura bilirlər. Nədənsə, şərqli-qərbli fərqi olmadan bütün kişilər istənilən təcrübələrini qadın üzərində sınaqdan keçirməyə üstünlük verirlər. Axı niyə kişinin xəyanəti araşdırılmır ki, hər məqamda qadının duyğusundan, əməlindən tutmuş geyiminə qədər müzakirəyə çıxarılır?! Əlbəttə tarixə qədər və tarixdən sonrakı bütün dövrlərin əsas mövzusu olan qadın indi bütün mövzuları üstələyə bilir. Konkret olaraq, qadın xəyanəti mövzusunda, dindarlar, ədiblər, sıravi kişilər çox danışmışdı, bircə bioloqlar qalırdı ki, heyət tamamlansın. Bioloqlar isə öz növbəsində qadın xəyanətini dəstəkləyirlər. Deyirlər qadın gedib havasını dəyişib gəlsin, bu onun özünə də faydalıdır, qarşı tərəfə də. "Dəyişkən hava” əvvəl-axır sabitləşəcək, qadın kimin kim olduğunu saf-çürük edib bir kişidə qərarlaşacaq. Bunun üçün 95 ölkənin qadınlarını gözdən keçirib, fikrini də soruşublar. Belə qənaətə gəliblər ki, qadın həm xəyanət etməli, həm də görməlidir. Yalnız başı daşdan-daşa dəydikdən sonra ağıllanacaq. Əslində, bioloqlar artıq zəhmət çəkiblər: bunu qadınlar onlarsız da bilirdi. Amma o məlum adı üstlərinə götürməmək və vicdan, qürur qarşısında utanmamaq üçün xəyanətdən yan keçməli olurdular.